MİR CƏLAL DÜNYASI
Azərbaycanın böyük
yazıçısı və aliminin xatirəsini anarkən
Yazıçı, alim
və müəllim. Bu üç müqəddəs sənəti
- yaradıcı dünyanı, peşəni öz müdrik
şəxsiyyətində cəmləşdirən Mir Cəlalın
XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin
inkişafındakı xidmətləri misilsizdir. Yazıçı
kimi 1928-ci ildə ədəbiyyat aləminə gələn
Mir Cəlal, elə həmin ildə də ilk tədqiqat əsərini
yazıb. Onun müəllimlik fəaliyyəti də məhz həmin
tarixdən başlayır. Böyük zəhmət tələb
edən bu üç sahəni eyni zaman çərçivəsində
öz parlaq istedadında, yorulmaz fəaliyyətində birləşdirən
Mir Cəlal Paşayev onların hər birində ayrıca zirvə
fəth edib.
Sözün
gücünə güvənib, onun böyüklüyünə
baş əyən sənətkarın könüllərə
yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin
güzgüsü olan hekayələri klassik bədii nümunələr
kimi özünə ədəbiyyat tariximizin səhifələrində
əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin,
gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”,
“XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi
məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın
əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq
elminin qızıl nüsxələrindəndir. Ali təhsilimizin
beşiyi sayılan Bakı Dövlət Universitetinin sevimli
müəllimi, nüfuzlu professoru kimi xatirələrdə
daim yaşayacaq Mir Cəlal Paşayev həqiqət,
düzlük, səmimiyyət aşiqi, ailəsini,
övladlarını sevən, qoruyan şəxsiyyət olub.
Onun bu kəlamı indi
də dillər əzbəridir: “Həyatımda
yaratdığım ən böyük əsər ailəmdir”.
XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə
şeir, sonra isə oçerk və hekayələri ilə
görünən Mir Cəlal, az sonra istedadlı və orijinal
yaradıcılıq üslubu olan yazıçı kimi
tanınıb. Əlli illik yaradıcılıq fəaliyyəti
dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı
tarixində öz layiqli və şərəfli yerini
tutmuşdur. Qəti əminliklə deyə bilərik ki, təkcə
“Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal
klassik sənətkarlar sırasında dayanmaq haqqını
qazanıb. Bu əsər çapdan çıxanda onun
heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk
şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”,
“Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu,
1930-cu ildən etibarən hekayələr yazıb. O
dövrün “Şərq qadını”, “Gənc
işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat
qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”,
“İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan
oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah
qızı”, “Heyrət” ... hekayələrini çap etdirib. 1932-ci
ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk
oçerklər və novellalar kitabları çap olunub. Mir Cəlalın
bütövlükdə yaradıcılıq dünyası ilə
tanışlıqdan sonra belə qənaətə gəlmək
olur ki, onu düşündürən həyati məsələləri,
milli folklorun, xalq təfəkkürünün
işığını, milli, mənəvi dəyərlərin
klassik ənənələrə uyğun inkişafını
və bu istiqamətdə yaranan problemləri, xalq həyatının
real görüntüsünü nəsr dilində aydın,
qabarıq şəkildə vermək mümkündür. Necə
ki, böyük Sabiri oxuyanda şeirin, Mirzə Cəlili
oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal
hekayələrini oxuyanda da eyni hissləri keçirirsən. Mir
Cəlalın ilk irihəcmli əsəri - “Dirilən adam”
romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunub. Hələ
yarım əsr bundan əvvəl akademik Məmməd Arif
yazmışdı ki, “Mir Cəlal “Dirilən adam”la diqqətli
bir realist yazıçı olduğunu göstərmişdir”.
İlk dəfə
1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və
kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri
isə yazıçının həyatında böyük
bir dönüş yaratmış, ədəbi zirvəyə
aparan yoluna cığır açmış və müəllifə
böyük oxucu auditoriyası qazandırıb. 1940-cı ildə
“Uşaqgəncnəşr”də kitab halında kütləvi
tirajla buraxılan bu əsər oxucu tələbatına
görə sonrakı illərdə də dəfələrlə
çap edilmişdi. “Bir gəncin manifesti”i bu gün də
qəlbləri riqqətə
gətirir.
Doqquz dəfə müxtəlif
illərdə ayrıca
kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın
hüdudlarından çox-çox
uzaqlarda da sevilib. Mir Cəlalın nəşr olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında
keçmiş, “Açıq
kitab”, “Yaşıdlarım”,
“Təzə şəhər”
romanlarında isə müasir həyat lövhələrinin bədii
təsviri ustalıqla
qələmə alınıb.
“İnsanlıq fəlsəfəsi” (1961) kitabında
toplanmış hekayələri
böyük tərbiyəvi-əxlaqi
əhəmiyyətə malikdir.
“İnsanlıq fəlsəfəsi”,
“Subaylıq fəlsəfəsi”,
“Təzə toyun nəzakət qaydaları”,
“Vicdan mühakiməsi”,
“Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların
uşaq söhbəti”
və digər hekayələrində real həyat
lövhələri, fəlsəfi
düşüncələr əks olunub. Mir Cəlalın bədii yaradıcılıq nümunələri
dəfələrlə nəşr
olunub: “Seçilmiş
əsərləri” (2 cilddə,
1956-57), “Seçilmiş əsərləri”
(4 cilddə, 1967-68), “Seçilmiş
əsərləri” (2 cilddə,
1986-87), hekayə və
povestlərdən ibarət
“Şəfəqdən qalxanlar”
(1972), “Dağlar dilə
gəldi” (1978), “Ləyaqət”,
hekayələrdən ibarət
“Bostan oğrusu”
(1937), “Gözün aydın”
(1939), “Vətən” (1944), “Həyat hekayələri”
(1945), “Sadə hekayələr”
(1955), “Xatirə hekayələri”
(1962),” “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və
sair. Ümumiyyətlə, indiyədək yazıçının
70-dən çox kitabı
nəşr olunub.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən
sayılan Mir Cəlal
ədəbiyyatşünas-nəzəriyyəçi
alim kimi də müstəsna və özünəməxsus
yer tutmuşdur. Filologiya
təhsili alan
tələbələrin birinci
kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın
əsasları” dərsliyi
sonralar da mütəxəssislərin stolüstü
kitabı olub. Mir Cəlal müəllim
1936-cı ildən ömrünün
sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fənndən mühazirələr
oxuyub. Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal 1940-cı ildə
“Füzulinin poetik xüsusiyyətləri” adlı
əsərinə görə
filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər”
əsərinə görə
filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.
Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə,
klassik ədəbiyyata
qəlbən bağlı
Mir Cəlal 1958-ci ildə
bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini
təkmilləşdirərək “Füzuli sənətkarlığı”
adlı monoqrafiyasını
nəşr etdirib.
Professor Qara Namazov
deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası
Füzuli ədəbi
irsini öyrənmək,
mənimsəmək və
dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunub.
“Azərbaycanda ədəbi
məktəblər (1905-1917)” əsərində isə
Mir Cəlal XX əsrin
əvvəllərində inqilabi-demokratik
meyillərlə əlaqədar
baş verən ictimai-siyasi hadisələr
kontekstində Azərbaycanda
realizm, romantizm ədəbi məktəbləri,
maarifçi-didaktik yazıçılar
və xırda məişət dramları
haqqında müfəssəl
tədqiqatlar aparmış,
əhatəli elmi nəticələr əldə
edib. Mir Cəlalın tanınmış
tədqiqatçı Firudin
Hüseynovla birgə yazdığı “XX əsr
Azərbaycan ədəbiyyatı”
əsəri 40 ilə
yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri,
onların yaradıcılığı,
ədəbi mühitə
gətirdiyi yeniliklər
haqqında əhatəli
elmi fikirlər əks olunub. Mir Cəlal böyük
şəxsiyyətlərin həyat və yaradıcılıqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini
öyrənməklə, tədqiq
etməklə özü
də uca zirvələr fəth etmiş, şəxsiyyət
kimi müdrikləşmişdir.
Əməkdar elm xadimi Mir Cəlal XX əsr ədəbiyyat, ədəbiyyatşünaslıq tarixində elə bir iz açıb
ki, bu, 21-ci əsrin də ədəbi-elmi zirvəsində
görünəcək. Müdriklik, saflıq,
vicdan, ləyaqət tarix boyu mənəviyyat
zirvəsində dayandığı
kimi. 1978-ci il sentyabrın 28-də əbədiyyətə
qovuşan, böyük
şəxsiyyət kimi
tarixləşmiş, əziz
müəllim, görkəmli
yazıçı, istedadlı
ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın,
ədəbiyyatşünaslığımızın
əbədi mövzusu
olacaq.
Bu gün təkcə Azərbaycanda deyil, onun sərhədlərindən
kənarda da bu böyük ədibin yubleyi qeyd edilir, əsərləri
çap olunaraq maraqla oxunur.
“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli
şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı
daxil olmuş yubileylərin keçirilməsi
haqqında” Azərbaycan
Prezidentinin 2008-ci il 31
yanvar tarixli Sərəncamına əsasən
yazıçı Mir Cəlal
Paşayevin yubiley mərasimi təntənə
ilə qeyd edilməkdədir.
Ötən ilin noyabrında Parisdə,
YUNESKO-nun iqamətgahında XX əsr Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, alim,
pedaqoq Mir Cəlal Paşayevin 100 illiyinə həsr olunmuş mərasim keçirilib. XX
əsr Azərbaycan ədəbiyyatında, elmində
müstəsna xidmətlər
göstərən Mir Cəlal
Paşayevin 100 illiyinin
YUNESKO səviyyəsində qeyd olunması, ilk növbədə, Azərbaycan
elminə, mədəniyyətinə
və ədəbiyyatına
dünya miqyasında verilən önəmin və dəyərin təzahürüdür. 2008-2009-cu
illərdə YUNESKO-nun dünya
miqyaslı hadisələrin
və şəxsiyyətlərin
yubileylərinin qeyd olunması ilə bağlı qərarına
Mir Cəlal Paşayevin
də adının daxil edilməsi, həm də Azərbaycan-YUNESKO əməkdaşlığının
inkişafının bariz
nümunəsidir.
MƏTLƏB
Səs.- 2009.- 25 aprel.- S. 3.