Azərbaycan BMT-də fəal iş aparır
Azərbaycanın BMT-dəki Daimi
Nümayəndəliyinin rəhbəri Aqşin Mehdiyev Təhlükəsizlik
Şurasının iclasında Ermənistanı kəskin tənqid
edib
Azərbaycan Birləşmiş
Millətlər Təşkilatında işçi miqrantlar və
onların ailələrinin hüquqlarının müdafiəsi
haqqında beynəlxalq konvensiyanı necə yerinə
yetirdiyinə dair hesabat verib. Hesabat BMT-nin işçi
miqrantların məsələləri üzrə komitəsinin
Cenevrədə keçirilən 10-cu sessiyasına BMT-dəki
səfirimiz Aqşin Mehdiyev tərəfindən təqdim olunub.
Sənəddə əsas diqqət qazanc dalınca xaricə
gedən ölkə vətəndaşlarının
hüquqlarının qorunmasına yönəldilib. Bildirilir
ki, hazırda Azərbaycan yalnız miqrant göndərən
ölkə deyil, həm də onları qəbul edən
dövlətdir.
Azərbaycanın BMT-dəki
Daimi Nümayəndəliyinin rəhbəri, səfir Aqşin
Mehdiyev qurumun Təhlükəsizlik Şurasının
(TŞ) iclasında çıxış edərək Ermənistanı
Dağlıq Qarabağı və işğal olunmuş ətraf
rayonlar üzərində hüquqi suverenlik əldə etmək
cəhdlərində ittiham edib. A.Mehdiyev rəsmi Yerevanı
Dağlıq Qarabağı qanunsuz, beynəlxalq hüquq
normalarına zidd olaraq silah tətbiq etmək və etnik təmizləmə
apararaq ələ keçirdiyini bildirib: “Ermənistan
açıq olaraq BMT Təhlükəsizlik Şurası və
Baş Assambleyanın müvafiq qətnamələrinə
hörmətsizlik göstərir, Azərbaycanın ərazi
bütövlüyü tanımaqdan imtina edir, işğal
olunmuş ərazilərdə hərbi qüvvələrini
saxlamaqla işğalçı niyyətini ortaya qoyur. Bu
yanaşma qeyri-konstruktiv və qeyri-realdır. Ermənistanın
mövcud siyasəti münaqişənin həllinə xidmət
etmir və onun həll olunmamasının əsas səbəbidir”.
Səfir TŞ üzvlərinin
diqqətinə çatdırıb ki, Ermənistanın təcavüzkar
siyasəti nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunub, ölkənin hər
8-ci vətəndaşı məcburi köçkünə
çevirib: “Rəsmi Yerevan bununla da əsas beynəlxalq
hüquq normaları olan ərazi bütövlüyü, hərbi
qüvvənin istifadəsini qadağa edən prinsipləri
pozub”.
A.Mehdiyev Dağlıq
Qarabağın, Azərbaycan çərçivəsində
özünü idarəetmə statusunun müəyyən
edilməsi üçün bir neçə prinsipial şəraitin
yaradılmasını labüd sayıb. O, işğal
olunmuş ərazilərdə bu gün mövcud olan
reallıqda ərazinin statusunu müəyyən etmək cəhdlərini
beynəlxalq hüquq normaları, sülh, demokratiya, regionun
stabilliyi və əməkdaşlıq ideyalarına zidd
olduğunu deyib: “Dağlıq Qarabağın Azərbaycan
çərçivəsində özünü idarəetmə
statusu ilə bağlı danışıqlara başlamazdan əvvəl,
müəyyən əhəmiyyətli addımlar
atılmalıdır. Birincisi və ən vacibi, hərbi
işğal amili münaqişənin həlli kontekstindən
çıxarılmalıdır. Ermənistan işğal
olunmuş ərazilərdən hərbi qüvvələrini
tam çıxarmalıdır. Ərazilərin
qaytarılması prosesinin uzadılması, onsuz da mürəkkəb
vəziyyətdə olan münaqişənin həllini daha da
çətin vəziyyətə sala bilər. İşğal
olunmuş ərazilərin azad olunmasından sonra, məcburi
köçkünlər rahat və təhlükəsiz şəraitdə
Dağlıq Qarabağ və ətraf rayonlara
qayıtmalıdırlar. Bundan sonra regionun iqtisadi
inkişafına start verilməli və bütün kommunikasiya
xətləri açılaraq hər iki tərəfin istifadəsinə
verilməlidir”.
Daimi Nümayəndəliyin
rəhbəri ATƏT çərçivəsində
aparılan danışıqların, hələ ki, heç
bir nəticə vermədiyini deyib. Buna baxmayaraq, səfir Azərbaycanın
münaqişənin siyasi üsullarla, konstruktiv şəkildə
həllində israrlı olduğunu bildirib. Onun sözlərinə
sübut kimi, o, Baş Assambleyanın 62-ci sessiyasında qəbul
olunan “Azərbaycanın işğal olunmuş ərazilərində
vəziyyətlə bağlı” qətnamədə rəsmi
Bakının beynəlxalq hüquq çərçivəsində
konstruktiv güzəştlərə getməyə razı
olması barədə mövqeyinin təsbit olunduğunu
xatırladıb.
Təqdirəlayiq
haldır ki, son vaxtlar Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi
daha fəal iş aparır. Yadınızdadırsa, bir qədər
əvvəl - martın 14-də BMT Baş Assambleyasının
62-ci sessiyasında qəbul olunan “Azərbaycanın
işğal olunmuş ərazilərindəki vəziyyət
haqqında” qətnamə layihəsinin 8-ci bəndində nəzərdə
tutulub ki, Baş Assambleyanın Baş katibi quruma, həmin qətnamənin
həyata keçirilməsi haqqında hesabat təqdim etsin. Azərbaycan
tərəfi də bu imkandan istifadə edərək BMT
Baş Assambleyasına və Təhlükəsizlik
Şurasına 4 hesabat təqdim etdi. 11 səhifəlik hesabatda
Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf
rayonlara hərbi təcavüz edərkən və sonrakı
müddətdə beynəlxalq qurumların Azərbaycanın
mövqeyinə göstərdiyi dəstək əksini
tapıb.
Ermənistanın Azərbaycan
ərazisinin işğal edən dövlət olduğunu
sübut edən faktlar sırasında, “Human Rights Watch” təşkilatının
1994-cü ildə hazırladığı hesabata, BMT-nin
İnsan Haqları və İqtisadi, Sosial Mədəni
Hüquqlar Komitələrinin rəsmi sənədlərinə,
ABŞ Dövlət Departamentinin illik hesabatlarına, “Freedom
House”-un 2006-ci il hesabatına, Beynəlxalq Böhran Qrupunun
2005-ci il hesabatına, Avropa Şurası Parlament
Assambleyasının 2005-ci il qətnaməsinə, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsi və Baş
Assambleyanın 14 mart 2008-ci ildə Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyətlə
bağlı 62/243 saylı qətnaməsinə istinad edilir.
Hesabatın sonunda beynəlxalq
hüquq normalarına əsasən, Ermənistanın hərəkətlərinə
dair 21 maddədən ibarət öhdəliklər
düşdüyü müəyyən olunub. Onların
sırasında Ermənistanın Dağlıq Qarabağ və
ətraf rayonlarındakı hərəkətlərinin beynəlxalq
humanitar hüquq bəndlərinə şamil olunduğu, həmin
ərazilər üzərində rəsmi suverenitetin
yaradılmasının beynəlxalq hüquqla mümkün
olmadığı, itkin düşmüş 4210 Azərbaycan
vətəndaşına görə məsuliyyət
daşıdığını və hərbi cinayətlərdə
iştirak etmiş şəxslərin cinayət məsuliyyətinə
cəlb edilməsinün mümkünlüyü sübut
olunub.
Qeyd edək ki, BMT
Baş katibinə bu günə kimi İslam Konfransı Təşkilatı,
BMT Təhlükəsizlik Şurası və Baş
Assambleyasının, ABŞ Dövlət Departamenti, Rusiya,
İran və Türkiyənin xarici işlər nazirliklərinin,
Avropa Birliyi, Avropa Şurası, NATO-nun, 1993-cü ildə
İqtisadi Əməkdaşlıq Təşkilatının
Türkiyədə, həmin il ATƏT-in Dağlıq
Qarabağ üzrə Minsk konfransı zamanı qurumun sədrinin
verdiyi bəyanatlar, orada adı çəkilən
qurumların Azərbaycanın ərazi
bütövlüyünə hörmətlə
yanaşması barədə qəbul olunan qətnamələr
təqdim olunub.
Elçin Bayramlı
Səs.- 2009.- 25 aprel.- S. 7.