Musiqi dünyamızı zənginləşdirən sənətkar

 

Azərbaycan muğam sənətinin mahir ifaçısı kimi dünyanı dolaşan, həzin, kövrək musiqiləri ilə qəlbləri ovsunlayan, tərcüməsi olmayan əsərləri dilləndirib, xalqlara, bütövlükdə, bəşəriyyətə sevdirən Əlibaba Məmmədov, bir əsrin nəğməsini neçə-neçə əsrlərə ərmağan etmişdir. Bu, onun sənətinin qeyri-adiliyini təsdiqləməklə yanaşı, Əlibaba Məmmədov düşüncəsinin, dünyanı dərkinin fəlsəfi çalarlarıdır ki, musiqiyə çökmüşdür.

Milli dəyərlərdən yoğrulmuş sənətin əsasında Azərbaycan xalqının məxsusi dəyərləri, Əlibaba Məmmədov da, məhz bu xüsusiyyətləri yaradıcılığı üçün ölçü götürüb, sənətinin yolçusu olmuşdur. Onun sənəti zamanla ölçülməyən bir fəaliyyət dairəsini əks etdirdiyindən,  əsərlər bu gün də, sonra da məhz Əlibaba Məmmədov kimi qəbul olunub, olunacaq da. Zəmanəmizin canlı böyük sənətkarı kimi onun ifasında səslənən hər bir əsər Azərbaycan muğam sənətinin böyüklüyünü, aliliyini göstərir. Əlibaba Məmmədovla bağlı olan hər bir ştrix Azərbaycan muğam sənətinin əsas meyarı olaraq  qəbul olunur.

Azərbaycan sənətkarlar məktəbinin mahir ifaçısı kimi sənət tariximizə möhürünü vurmuş Əlibaba Məmmədovun ifasında təqdim edilən hər bir muğam, xanəndənin səs çalarlarının, səs diapozonunun yüksəkliyinin fərdi cizgilərini üzə çıxarır. Azərbaycan muğamlarının, xalq və bəstəkar mahnılarının mahir ifaçısı olaraq  bəstələdiyi əsərləri ilə də musiqi xəzinəmizə yeni bir ahəng, nəfəs gətirən Əlibaba Məmmədov musiqi dünyamızın əvəzsiz və təkrarolunmaz nümayəndəsidir. Zaman-zaman musiqi dünyamızı zənginləşdirən, İlahi eşqi bizlərə bəxş edən istetadlı musiqiçilər nəsli ömrün illərə sığmayan anlarını məhz dünyamıza bəzən izah belə olunmayan həzin nəğmələrlə daxil edirlər. Ruhi dünyamızın əbədi qonağı olan Əlibaba Məmmədov kimi. Səsindəki hikmət, müdriklik, kamillik, emosionallıq bir harmoniya təşkil edir. Səsi, koloriti, cazibəsi, diapozonu, xırdalıqları bir məktəbdir - Əlibaba Məmmədov məktəbi. Bu səsi dinləməklə insan həyatı daha dərindən dərk etməyə başlayır.

Sənət xadimləri ilə ünsiyyət, onların dünyasına yaxınlıq, bu aləmdə kəşflər musiqisevərlər üçün Tanrının ən yüksək qiymətidir.  Bir musiqisevər olaraq, tale elə gətirib ki, Əlibaba Məmmədovla  tanışlığım 1953-cü ilə təsadüf edib. O zaman mən Azərbaycan Tibb Universitetinin tələbəsi idim. Zabitlər bağında (indiki Sirkin binasının qarşısı) konsert proqramı ilə çıxış edəcəyini eşidib, dərhal özümü oraya çatdırdım. Üçlüyün müşayiəti ilə tamaşaçılar qarşısına çıxan gənc xanəndə üzərinə düşən məsuliyyəti dərk edib, məlahətli səs ilə musiqisevərləri ovsunlayırdı. O illərdən 60 ilə yaxın bir zaman ötsə də, xatirimə onun bütövlükdə cizgiləri həkk olunmuşdur. Sənət və şəxsiyyət cizgiləri. Orta boylu, ağbəniz, qarsaçlı və məlahətli, heyrətamiz səs imkanlarına malik insan. Bu keyfiyyət və cizgilərin arxasında böyük bir ürək dayanırdı. Əks halda, bu və ya digər cizgilər özünü belə qabarıq şəkildə büruzə verə bilməzdi.

Onun ifasında təqdim olunan Azərbaycan muğam və təsnifləri, xalq mahnıları yaşadığımız həyatın bütöv ahəngini özündə birləşdirdi. Bu səs əsrlərdən bizlərə soraq gətirsə də, mənəvi dəyərlərin aşılanması, məhz yaşanılan zamanlarla əlaqədar olduğundan müasirliyimizi əks etdirməyə qadir idi. Həmin zamandan başlayaraq, mən Əlibaba Məmmədovu izləyir, onun yaradıcılıq yeniliklərinə, uğurlarına sevinirəm. Başqa cür də ola bilməz. Azərbaycan sənətinin yükü belə xanəndələrin üzərindədir. Mən xoşbəxtəm ki, belə xanəndələr nəslinin nümayəndəsiyəm və onların müasiriyəm. Səsin gücü, sehri onların ifasındadır. İstedadlı ziyalının səsində hansı möcüzələr yoxdur ki?

Bu gün bütün dünya Azərbaycan musiqisinin sehrinə aludə olub. Milli musiqi əsərlərimiz dünya səhnələrində iz qoyur. Dövlətimiz tərəfindən milli sənətimizə olan qayğı Azərbaycan muğamının dünyanın şah əsərləri sırasına daxil edilməsində özünü bir daha göstərdi. Əlibaba Məmmədov kimi ifaçıların sənətə məsuliyyət və tələbkarlıqla yanaşması nəticəsində, Azərbaycan muğamları yad elementlərdən qorunaraq, nəfis, təkmilləşdirilmiş şəkildə təqdim olunur. Sənət varsa, deməli, onu qoruyan və yaşadan istedadlı sənətkarlar nəsli də var. Əlibaba Məmmədov kimi ifaçıların musiqisindən mənən qidalandığımdan özümü xoşbəxt sanıram.
1995-ci ildə “Vahid” poeziya evinin açılış günündə ona gənclik dövrümüzün naxışlarından, onun konsertinə necə həvəslə gəlməyimdən danışarkən, ustad köks ötürüb, o günlərin artıq tarixə çevrildiyini bildirdi. Səs, avaz, gənclik eşqi elə həmindir. Amma dəyişilən illərin iz saldığı zahiri görkəmdir. O şuxluq da onilliklər öncə olduğu kimidir. Müdrik insan illərini arxada qoysa da, qəlbindən keçən sənət yanğısını söndürə bilməmişdir. O yanğı onun qəlb evinin odu- alovudur. Xanəndənin bütün varlığı yaradıcılıq eşqi ilə çırpınır. Ustad sənət yolunda, İlahi eşq üçün saçlarını ağartmış, illərini xərcləmişdir.
Amma bu illər onun ünvanına bir tarix yazıb.

Vərəqlədikcə oxunaqlı, ilhamverici bir sənət kitabı. Nələr yazılmayıb bu yolda. İlk uğurlar, tamaşaçı sevgisi və tələbkarlığı, xarici səfərlər, xoş sözlər, fəxri adlar, mükafatlar və ən əsası isə pedaqoji fəaliyyət - özündən sonra bu sənəti təqdim edə biləcək ifaçılar nəslinin yetiricisi və nəhayət, ustad.

Bu gün respublikanın xalq artisti Əlibaba Məmmədovun daxilində bir rahatlıq var. Azərbaycan muğam sənəti yaşayır və zaman ötsə də, yaşayacaq. Milli sənət nümunəmizin təməli möhkəm və əbədidir.

Əlibaba Məmmədova ömrünün bu müdrik çağında uğurlar diləyir, cansağlığı arzulayıram. Və ustada ona həsr etdiyim bir şeir parçası ilə, milyonlarla insanlara mənəvi güc verdiyinə görə  minnətdarlığımı bildirirəm.

  

Muğam sənətinə möhrünü vurdun

Özünə muğamdan bir xeymə qurdun.

Onun keşiyində çox sayıq durdun.

Ulu Tanrı olsun sənin köməyin,

Heç zaman getməsin zaya əməyin.

Çox ləl bəxş etmisən xəzinəmizə,

Onlar nur çiləyir gözlərimizə.

Güc-qüvvət gətirir dizlərimizə,

Bu müdrik yaşında daim yaz, yarat,

Qəlbində qalmasın bir arzu, murad.

Gənclikdən bu yolda sən can qoymusan,

Onun sorağını ərzə yaymısan.

Yuxuda da belə onu saymısan,

Səsin pak rəvandır, qəlbin yaradan,

Xuda nəzərindən düşmə heç zaman.

Əvəz baxıb sənə həmişə gendən,

Aramsız seyr edib zövq alıb səndən.

Sənə bəxşiş olsun şeirim məndən,

Arzumdur qardaşım, sən sağlam yaşa,

Qalan muradını vurasan başa.

 

 

Əvəz TAĞIYEV,

ali dərəcəli həkim-terapevt,

Azərbaycan Jurnalistlər Birliyinin və

“Vahid” poeziya evi şairlər məclisinin

 Üzvü

 

Səs.- 2009.- 29 aprel.- S. 12.