Sərhədlərimiz etibarlı şəkildə qorunur

 

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ətraflı təhlil edilib

 

Dekabrın 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında 2008-ci ildə xidməti-döyüş fəaliyyətinin təhlilinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə Dövlət Sərhəd Xidmətinin il ərzində fəaliyyəti ətraflı təhlil edilmiş növbəti ilin vəzifələri  müəyyənləşdirilmişdir. DSX-nin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev bildirmişdir ki, əsası 2002-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Dövlət Sərhəd Xidməti müqəddəs sərhədlərimizin mühafizəsinin möhkəmləndirilməsi, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq terrorizmə, qaçaqmalçılığa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qanunsuz miqrasiyaya qarşı mübarizə aparılması kimi mühüm vəzifələrin uğurla yerinə yetirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Cari ilin DSX-nin fəaliyyətində bir çox hadisələrlə əlamətdar olduğunu söyləyən E.Quliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin Sahil Mühafizəsinin yeni bazasının açılışında iştirakını, əməkdaşların orden və medallarla təltif edilməsini, "2006-2010-cu illərdə Azərbaycan Respublikası dövlət sərhədlərinin mühafizəsinin texniki inkişafına dair" Dövlət Proqramının icrasının üçüncü mərhələsinin müvəffəqiyyətlə başa çatdığını vurğulamışdır.

Bildirilmişdir ki, dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi məsələlərinə Prezident İlham Əliyev xüsusi diqqət və qayğı göstərir. Məsələn, Dövlət Sərhəd Xidmətinə büdcə ayırmalarının 2007-ci illə müqayisədə 45,6 faiz artırılması nəticəsində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində önəmli nailiyyətlər əldə olunmuşdur. Başa çatmaqda olan ildə 191 bina inşa edilmiş, o cümlədən Sahil Mühafizəsi bazası, 10 yaşayış binası, Bakıda 88 mənzilli iki yaşayış binası, istirahət mərkəzində məişət kompleksi, akademiyanın səhra təlim mərkəzi, xüsusi hərbi hissə, hərbi hospitalın diaqnostika binası, 11 sərhəd zastavası kompleksi, Zaqatala Sərhəd Dəstəsində 16 mənzilli iki bina, Horadiz Sərhəd Dəstəsində görüş evi, 3 sərhəd zastavasında 4 mənzilli binalar xidməti istifadəyə verilmişdir. Hazırda daha 145 binanın, o cümlədən Bakıda 88 mənzilli binanın, "Sərhədçi" İdman Olimpiya Mərkəzinin, xidməti heyvan təlimatçılarının hazırlanması mərkəzində üstüörtülü atçılıq manejinin, 11 sərhəd zastavası kompleksinin, 1 sərhəd komendantlığının tikintisində işlərin 90 faizi yekunlaşdırılmışdır.

Şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün inşa edilmiş binalarda 606 mənzil istifadəyə verilmiş, cənub sərhədlərində 8 sərhəd zastavası əsaslı təmir olunmuş və 23,6 kilometr məsafədə sərhəd yolları salınmış, Dövlət Sərhəd Xidməti Akademiyasında 1-ci tədris ilinin başlanılması, nizamnaməsinin təsdiq edilməsi, ilkin tədris bazası yaradılmış, səhra təlim mərkəzi xidməti istifadəyə verilmişdir.

DSX əməliyyat-axtarış və istintaq orqanlarının uğurlu fəaliyyəti qanunsuz miqrasiya ilə məşğul olan 3, qaçaqmalçılıq, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10 mütəşəkkil cinayətkar dəstənin zərərsizləşdirilməsi ilə nəticələnmişdir.

Qeyd olunmuşdur ki, dövlət sərhədinin mühafizəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində 2008-ci ildə dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirakı olan 3363 nəfər saxlanılmışdır ki, bunların 388 nəfəri sərhəd pozucusu olmuşdur. Sərhəd pozucularının 34,8 faizi Azərbaycan, 26,3 faizi İran, 19,1 faizi Gürcüstan, 3,6 faizi Rusiya, 3,4 faizi Əfqanıstan, 3,1 faizi Pakistan, 2,8 faizi Türkiyə, 2,1 faizi İraq, 1,8 faizi Nigeriya, 3 faizi isə digər ölkələrin vətəndaşları olmuşlar.

Cari ildə saxlanılan sərhəd pozucularının sayı 2006-cı illə müqayisədə 18,4 faiz, 2007-ci illə müqayisədə 6,1 faiz azalmışdır.

Sərhəd pozucularının ümumi sayının, əsasən Azərbaycan vətəndaşlarının, o cümlədən onların sırasında sərhədyanı rayon sakinlərinin sayının azalması ölkəmizdə geniş iqtisadi islahatların və quruculuq işlərinin aparılması, yeni iş yerlərinin açılması sayəsində əhalinin iqtisadi durumunun yaxşılaşması, şəxsi heyətin nizam-intizamının və döyüş hazırlığının möhkəmləndirilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili nəticəsində mümkün olmuşdur.

İl ərzində dövlət sərhədində 8 halda narkotik maddələrin qanunsuz daşınması ilə məşğul olan silahlı qruplar tərəfindən sərhəd naryadlarına silahlı müqavimət göstərilmişdir. Silahlı müqavimətin qarşısının alınması üçün sərhəd naryadları təlimatlara uyğun hərəkət etmişlər. Dövlət sərhədimizi pozmuş silahlı qruplara qarşı sərhəd naryadları tərəfindən silah tətbiq edilərkən 4 nəfər sərhəd pozucusu öldürülmüş, 3 sərhəd pozucusu yaralanmışdır.

2008-ci il ərzində 110 nəfər saxta, 47 nəfər özgəsinin sənədi ilə və 26 nəfər gizli şəkildə sərhəd nəzarət məntəqələrindən keçməyə cəhd edərkən saxlanılmış, axtarışda olan 874 nəfər tutulmuşdur. Əməliyyat tapşırığına əsasən 255 nəfərin ölkədən çıxışı qadağan olunduğu üçün Azərbaycan Respublikasından çıxmasına icazə verilməmiş, 105 nəfərin ölkəyə girişi qadağan olunduğu üçün Azərbaycana buraxılmamışdır. 140 nəfərin pasportu etibarsız olduğu üçün alınmışdır.

İl ərzində 529 halda təqribən 3042,6 min manat dəyərində qaçaqmal tutulmuş, 621 kiloqram 200,1 qram narkotik maddənin (2007-ci ildə 309 kiloqram 739,8 qram, 2006-cı ildə 24 kiloqram 601,1qram, 2005-ci ildə 12 kiloqram 755,9 qram) dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Hesabat dövründə 15,2 hektar sahədən ümumi çəkisi 24,6 ton olan 45,6 min ədəd yabanı narkotik tərkibli bitki aşkarlanaraq məhv edilmişdir.

Cari ildə 23 odlu silah, 33 pnevmatik tapança, 569 patron, 5200 pnevmatik tapança patronu, 2729 odlu silah gilizi, 123,5 kiloqram barıt, 4 gecə görmə cihazı, 2 durbin, 73.194 qutu tütün məmulatı, 4443 şüşə spirtli içki, 7870 ədəd müxtəlif çeşidli geyim əşyaları, 14598 kiloqram balıq, 128 kiloqram kürü, 2615 litr benzin, 7913 litr dizel yanacağı, 25 baş at, 24 baş qara mal, 420 baş davar, 3749 qram zinət əşyaları, 24 ədəd qızıl sikkə (10-luq), 23 min 12 manat, 127 min 646 ABŞ dolları, 11.736.803 İran realı, 500 min Türkiyə lirəsi, 15.264 ədəd disk, 60 min 18 ədəd dərman preparatı, 3 qayıq, 47.756 metr balıqçı toru, 95.862 qarmaq, 700 metr iri lövbər zənciri və sair qaçaqmalın dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır. Dövlət sərhədini pozduqlarına görə Rusiyaya məxsus 1 gəmi, İrana məxsus 2 qayıq, Azərbaycana məxsus 1 gəmi və 27 qayıq saxlanılmış, dənizdə qanunsuz qurulmuş 47,8 kilometr tor və 90.582 ədəd qarmaq keçirilmiş rejim tədbirləri nəticəsində müsadirə olunmuşdur.

Müşavirədə 2008-ci ilin nəticələri nəzərə alınmış, 2009-cu ildə qarşıda duran vəzifələrin icrasına dair müvafiq göstəriş və tapşırıqlar verilmişdir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev iştirak etmişdir.

 

 

Niftəliyev N.

 

Səs.- 2008.- 27 dekabr.- S.10.