“Xoşbəxt olsun uşaqlar

 

Bu deviz altında “Uşaq İli”nin yekunlarına həsr olunmuş tədbir keçirildi

 

Respublikamızın hər yerində “Uşaq ili” ilə bağlı  tədbirlər davam etməkdədir. “Xoşbəxt olsun uşaqlar” devizi altında Kürdəmir rayonunda keçirilən tədbir də “Uşaq ili” ilə bağlı idi.

Keçirilən yekun toplantıda görüş iştirakçıları əvvəlcə uşaqların əl işlərindən ibarət rəsm əsərləri, maraqlı əl işləri, habelə, toxuculuq nümunələrinə həsr olunan sərgi əsərlərilə tanış oldular. Sonra ümumrayon toplantısı öz işinə başladı. Görüşdə uşaq  təşkilatları, rayon ictimaiyyətinin  nümayəndələri, rayon  rəhbərliyi və Ailə, Qadın  Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi iştirak etdi. Tədbrin yekununda Kürdəmir rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov Ulu Öndər Heydər Əliyevin uşaqlara göstərdiyi qayğıdan danışaraq,  bildirdi  ki, balaca fidanlara göstərilən qayğı bu gün də dövlət başçısı cənab İlham Əliyev  tərəfindən uğurla davam etdirilir. Ölkəmizin hər yerində olduğu kimi, Kürdəmir rayonunda da uşaqların təlim-tərbiyəsi və onların sağlam inkişafı, elmi, bilikli böyüməsi üçün zəruri tədbirlər görülür. Son beş ildə rayonda 21 yeni məktəb tikilib, 5 məktəb əsaslı təmir olunub. 16 məktəbin bazasında  idman zalı, 58 kənddə idman meydançaları və idman qurğuları tikilibdir. Bundan əlavə, rayonda gənclər üçün Olimpiya İdman Kompleksi, Gənclər Evi, Şahmat Məktəbi tikilib, mərkəzi şəhər stadionu əsaslı təmir edilərək gənclərin istifadəsinə verilibdir.

Görüşdə qeyd olundu ki, 2009-cu ilinUşaq ili” çərçivəsində hazırlanan ümumrayon tədbirlər planına uyğun olaraq məktəblərdə inşa yazı və rəsm müsabiqələri keçirildi, əl işləri və uşaq kitablarının sərgisi təşkil olundu, kitab bayramları, bilik və idman yarışları, intellekt oyunlar, kimsəsiz və yetim uşaqlarla görüşlər keçirilibdir.

Keçirilən ümumrayon tədbirin sonunda uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər. Sonra müxtəlif sahələr üzrə fərqlənən uşaq və yeniyetmələr rayon rəhbərliyi tərəfindən  fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif edildilər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 29 dekabr.-S. 12.