Tariyel Qasımovun 70 illik yubileyi qeyd olunub

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tanınmış teatrkino aktyoru, xalq artisti, Prezident təqaüdçüsü Tariyel Qasımovun anadan olmasının 70 illiyi qeyd olundu.

Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsinin müdiri Fərəh Əliyeva Tariyel Qasımovun həyat və yaradıcılığı barədə söhbət açmış, onun teatrkino sənətinə verdiyi töhfələri yada salmış, nazirliyin təbrikini çatdırdı.

Məlumat üçün qeyd edim ki, Tariyel Qasımov 1939-cu ildə Ağstafa rayonunun Köçəsgər kəndində anadan olmuşdur. 1956-cı ildə Bədən Tərbiyəsi İnstitutuna qəbul olmuş, eyni zamanda, Lütfi Məmmədbəyovun dram dərnəyində iştirak edib. Hələ ikinci kurs tələbəsi ikən Gənc Tamaşaçılar Teatrında ona rol həvalə edilib. 1960-cı ildə Teatr İnstitutuna qəbul olaraq, Rza Təhmasibin kursunda oxuyub.

T.Qasımov Gənc Tamaşaçılar Teatrı, Naxçıvan Dövlət Musiqili Dram Teatrı, İrəvan Azərbaycan Teatrının səhnələrində yaddaqalan obrazlar yaradıb.

Aktyorun kino yaradıcılığı da uğurlu olmuşdur. T.Qasımov Türkmənfilm, Tacikfilm, Özbəkfilm, Mosfilm və Almaniyanın DEFA studiyalarında filmlərə çəkilib.

OnunAd günü”, “Axırıncı aşırım”, “Babək”, “Bizim küçənin oğlanları”, “Dədə Qorqud”, “Həyat, sən kiminsən?”, “İstintaq”, “Qatır Məmməd”, “Qəzəlxan”, “Liftçi qız”, “Məhkumlar”, “Nəsimi” filmlərində yaratdığı rollar ona tamaşaçı sevgisi qazandırıb.

Tədbirdə çıxış edən xalq artistləri Həmidə Ömərova, Məleykə Əsədova, Valeh Kərimov, Yasin Qarayev, əməkdar artistlər Azər Mirzəyev, Cəfər Əhmədov, Gülyaz Məmmədova yubilyarı təbrik etmiş, Ağstafanın Köçəsgər kəndində doğulub boya başa çatmış oğlanın bütün türk ellərində tanınmasını taleyin qisməti olduğunu vurğulayıblar.

Sonda çıxış edən Tariyel Qasımov tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Tədbirə əlvanlıq qatan incəsənət ustaları  geniş proqramla çıxış ediblər.

 

 

Zümrüd

 

Səs.- 2010.- 29 dekabr.- S. 15.