Səttar Bəhlulzadənin orijinal əsərlərindən ibarət sərgi açılıb

 

Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində Səttar Bəhlulzadənin muzeyin fondlarında qorunub saxlanılan orijinal əsərlərindən ibarət sərgi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev S. Bəhlulzadənin əsərlərinin Azərbaycan rəssamlıq məktəbində özünəməxsus iz qoyduğunu vurğulayıb. O, qeyd edib ki, bu il YUNESKO-da Səttar Bəhlulzadə ilinin elan olunması çox böyük hadisədir və bu cür tədbirlər növbəti illərdə də davamlı olaraq keçiriləcək. Sərgidə Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı, heykəltəraş Ömər Eldarov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, M. F. Axundov adına milli kitabxananın direktoru Kərim Tahirov da Səttar Bəhlulzadə yaradıcılığına nəzər salıblar. Rəssamın əsərlərindən ibarət xüsusi kataloq və Milli Kitabxananın çap etdirdiyi “Səttar Bəhlulzadə biblioqrafiyası” da tədbir iştirakçılarına təqdim olunub.

 

 

Zümrüd

 

Səs.- 2009.- 29 dekabr.- S. 15.