Azərbaycan yeni-yeni
zirvələri fəth etməkdədir
Müsahibimiz Milli Məclis sədrinin birinci müavini,
- Ziyafət müəllim,
artıq 2009-cu il başa çatır. Bu il
ərzində, Azərbaycan
Respublikası Milli Məclisində çoxsaylı
qanunlar, qərarlar qəbul edilib. Ümumilikdə, 2009-cu ildə baş
vermiş mühüm
hadisələr sırasında
hansıları qeyd edərdiniz?
- Əvvəla, istərdim ki, 2009-cu ilə, bütövlükdə, bir nəzər salaq. Əlbəttə, bu il Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi sahədə mühüm nailiyyətlərin əldə olunması ilə yadda qalıbdır. Azərbaycan Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişaf edir. Hər bir xalqın inkişafının əsas şərtlərindən biri strateji yolun dəqiq müəyyən edilməsidir. Azərbaycanın inkişaf strategiyası Ümummilli Liderimiz tərəfindən çox dəqiq müəyyən edilibdir və bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə quruculuq işləri həyata keçirilməkdədir. Yalnız 2009-cu ilin hadisələrinə nəzər salsaq, əldə olunmuş uğurların miqyasını aydın şəkildə görə bilərik. Bəli, bu uğurlar əvvəlki illərdə əsası qoyulmuş siyasi-iqtisadi islahatların məntiqi nəticəsidir. Heç də təsadüfi deyil ki, Azərbaycan islahatlar aparılmasına görə, dünyada ən öncül yerlərdən birini tutur və beynəlxalq təşkilatlar Azərbaycanı ən islahatçı ölkə hesab edirlər. 2009-cu ilin mühüm nailiyyətlərindən danışmazdan öncə, biz 2008-ci ilin yekunlarına diqqət yetirək. 2008-ci ildə Prezident İlham Əliyev xalqımızın böyük dəstəyi ilə yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Cənab Prezident növbəti illərdə görəcəyi işlər haqqında hələ seçki kampaniyası çərçivəsində bəyan etmişdi. 2009-cu ildə də bu işlərin bir qismi artıq tamamlanıb. 2008-ci ilin ən mühüm hadisələrindən biri, şübhəsiz ki, bu il martın 18 -də keçirilmiş referendumdur. Bildiyimiz kimi, bu referendumda xalqın böyük əksəriyyəti Konstitusiyaya təklif olunan dəyişikliklərin lehinə səs verdi. Hər bir ölkənin inkişafında, dövlətçilik sütunlarının möhkəmlənməsində Konstitusiya mühüm rol oynayır. Ona görə də, Ana Qanunda zamanın tələblərinə uyğun müəyyən dəyişikliklərin edilməsi vacibdir. Azərbaycan Respublikası Konstitusiyasına edilən dəyişikliklər də bu zərurətdən doğur. Bununla yanaşı, deməliyəm ki, 2009-cu ildə Milli Məclisdə çox mühüm əhəmiyyət kəsb edən qanunlar qəbul edildi. Bu qanunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatların bazasının möhkəmləndirilməsinə xidmət edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə çoxsaylı proqramlar həyata keçirilir, regionlar inkişaf edir, elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahələri üzrə yüksək nailiyyətlər əldə olunur. Bunlara, müvafiq olaraq, Milli Məclis də öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir. Parlamentdə qəbul olunmuş qanunları ümumiləşdirsək, iqtisadi xarakterli qanunların çoxluq təşkil etdiyinin şahidi olarıq. Azərbaycanın 2009-cu ildə beynəlxalq aləmdə nüfuzu daha da artıbdır. Ölkəmizin birbaşa əlaqələr yaratdığı dövlətlərin sırası ildən-ilə genişlənməkdədir, mövcud olan əlaqələr isə daha da möhkəmlənir. Eyni zamanda, Azərbaycan beynəlxalq təşkilatlarda da mövqeyini daha da möhkəmləndirib, ölkəmizin bu təşkilatlarda təmsilçiliyi yüksək səviyyədə təmin olunubdur.
- Ölkəmizin beynəlxalq əlaqələrindən
söz düşmüşkən, istərdik
ki, 2009-cu ili parlamentlərarası
əlaqələr baxımından da dəyərləndirəsiniz.
- Ölkəmizdə həyata keçirilən siyasətin strateji və taktiki istiqamətləri Prezident İlham Əliyev tərəfindən müəyyənləşidirilib. Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizi beynəlxalq münasibətlərdə daha yüksək səviyyəyə qaldıran müddəalar vardır. Bayaq da, qeyd etdiyimiz kimi, 2009-cu ildə Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməsini sübuta yetirən çoxlu sayda faktlar vardır. Bu istiqamətdə Milli Məclis tərəfindən də mühüm addımlar atılıb. Bu gün biz bir sıra beynəlxalq təşkilatların bərabərhüquqlu üzvüyük. Birləşmiş Millət Təşkilatı, ATƏT, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyası, İslam Konfransı Təşkilatı, NATO Parlament Assambleyası, Beynəlxalq Parlament İttifaqı, GUAM ölkələri Parlament Assambleyası və s. təşkilatlarla yüksək səviyyədə əməkdaşlığımız təmin olunub. Bu təşkilatlarda fəaliyyətimiz təqdirəlayiqdir və burada qəbul olunan qərarlara Azərbaycan öz təsirini göstərə bilibdir. Bilirsiniz ki, məhz Azərbaycanın təşəbbüsü ilə Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıbdır. Bunu da 2009-cu ilin mühüm hadisələri sırasında qeyd edə bilərik. Parlamentlərarası əlaqələrə nəzər salsaq, ilk olaraq, onu qeyd etməliyəm ki, Milli Məclisdə çoxsaylı ölkələrlə əlaqələr üzrə dostluq qrupları fəaliyyət göstərir.
- Bəs Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin
həlli istiqamətində aparılan
danışıqları necə dəyərləndirmək olar?
- Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunubdur və baxmayaraq ki, 1994-cü ildə atəşkəs imzalanıbdır, Ermənistan hakimiyyəti BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə və ATƏT-in sənədlərinə əməl etmədiyinə görə, biz faktiki olaraq, müharibə vəziyyətindəyik. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, hazırda Azərbaycan dövlətinin yeganə problemi, məhz Dağlıq Qarabağ münaqişəsidir. Ona görə, Azərbaycan bütün imkanlarını bu münaqişənin həllinə nail olmaq üçün səfərbər edibdir. Azərbaycan Prezidenti İlham Əliyev çox uzaqgörən, elmi əsaslara söykənən, dəqiq, məntiqli siyasət həyata keçirərək, Ermənistanı diplomatik cəbhədə seytnot vəziyyətinə salıb. Milli Məclisin beynəlxalq səviyyədə fəaliyyətində də məhz bu istiqamət mövcuddur. Biz bütün beynəlxalq təşkilatlarda fəaliyyətimizi Dağlıq Qarabağ həqiqətlərinin qəbul olunmasına, Ermənistanın işğalçılıq fəaliyyətinin ifşa olunmasına, Dağlıq Qarabağ münaqişəsinin məhz beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə - ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəltmişik. Bu işdə də müəyyən nailiyyətlərin əldə olunduğunu söyləyə bilərik. Yeri gəlmişkən, qeyd edim ki, 2009-cu ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda da böyük intensivlik müşahidə olundu. Bilirsiniz ki, Azərbaycan və Ermənistanın dövlət başçıları il ərzində 6 görüş keçirdilər. Bu intensivliyin növbəti ildə də davam etdirilməsi vacibdir. Mən hesab edirəm ki, əgər danışıqlar bu intensivliklə davam etdirlərsə və təbii ki, Ermənistan öz ədalətsiz mövqeyindən geri çəkilərək, sülhə nail olmağa razılıq verərsə, sülh danışıqlarında yekun həll gözləmək olar.
- Ziyafət müəllim, bu gün Azərbaycanda iqtisadi, sosial, siyasi sahədə mühüm
keyfiyyət və kəmiyyət dəyişiklikləri
müşahidə edilməkdədir. Bu dəyişikliklər,
ölkəmizdə keçid dövrünün başa
çatmasının göstəriciləridir?
- Əlbəttə. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatdığını qeyd etmişdir. Bu müddət ərzində Azərbaycan iqtisadiyyatında böyük dəyişikliklər baş vermişdir. Bu gün Azərbaycan sürətlə inkişaf edərək, inkişaf etmiş ölkələr sırasına daxil olmaqdadır. Keçid dövrü və onun əlamətləri son 6-7 il ərzində həyata keçirilən siyasət nəticəsində tamamilə aradan qaldırılmışdır. Azərbaycan xarici iqtisadi siyasətdə “açıq qapılar” siyasəti həyata keçirir. Bunun sayəsində Azərbaycana dünyanın ən nəhəng şirkətləri sərmayə qoymağa maraq göstərir və Azərbaycan iqtisadi baxımdan cəlbedici ölkə hesab olunur. Bu gün Azərbaycanda yüzlərlə xarici şirkət fəaliyyət göstərir və onların böyük əksəriyyətinin məhz qeyri-neft sektoruna sərmayələr yatırması sevindiricidir. Təbii ki, bu, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsidir. Mən iqtisadi nailiyyətlərdən danışarkən, bir məqamı da xüsusi olaraq, qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadi sahədə əldə etdiyi uğurlarla Ermənistanı sülhə məcbur edir. Hücumçu diplomatiya siyasəti əlverişli nəticələr verməkdədir. Bu gün Azərbaycan regionun əsas aparıcısı ölkəsidir və ölkəmizin iştirakı olmadan, heç bir layihə reallaşdırıla bilməz.
- Qarşıdan Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Sizcə, xaricdə yaşayan soydaşlarımız dövlətimizin
maraqlarını lazımi səviyyədə ifadə edə
bilirlərmi?
- Azərbaycan xalqı Ümummilli Liderimiz Heydər Əliyev ideologiyası ilə irəli gedir, inkişaf edir. Bu ideologiyanın əsasında dayanan əsas prinsip azərbaycançılıqdır. Bu gün dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı müstəqil dövlətimizin inkişafına öz töhfəsini verir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə xalqımıza müraciətinə diqqət yetirsək, dünya azərbayclılarının həmrəyliyinə xidmət edən siyasətin nə qədər böyük uğurlar qazandırdığını bir daha görə bilərik. Əlbəttə, bu gün cəmiyyətimiz inkişaf edir, Azərbaycanda demokratik dəyərlər tam bərqərar olubdur, vətəndaşlarımızın konstitusion azadlıqları təmin edilibdir. Dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərinin yüksək standartlara uyğun, tam demokratik şəraitdə baş tutması Azərbaycanda demokratiyanın, o cümlədən, yerli demokratiyanın yüksək səviyyəyə çatdığını nümayiş etdirir. Ümumilikdə isə Azərbaycanın sosial, iqtisadi tərəqqisi, regionların inkişafı, elmin, təhsilin inkişafı, ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, əhalinin rifah halının yaxşılaşdırılması yönündə atılan addımlar, bunların reallaşdırılmasında siyasi partiyaların, ictimai qurumların fəallığı aydın şəkildə özünü göstərir. Xüsusilə, Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi işlər, həm beynəlxalq səviyyədə, həm də ölkəmizin daxilində reallaşdırdığı layihələr diqqət mərkəzindədir və böyük əhəmiyyətə malikdir.
Yekunda bildirmək
istəyirəm ki, Azərbaycanın inkişaf yolu bütün sınaqlardan uğurlu
çıxmış bir yoldur,
Ulu Öndərimiz Heydər Əliyev tərəfindən
müəyyən edilmiş və bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu yol dövlətimizi daha parlaq gələcəyə,
inkişafa doğru inamla aparır.
Ziyafət Əsgərov
Səs.- 2009.- 31 dekabr.- S. 5.