Heydər Əliyev Fondu “Buta” sarayında
uşaqlar üçün
bayram şənliyi təşkil edib
Mehriban Əliyeva:
“Hər bir dövlətin gələcəyi
onun uşaqlarıdır”
Heydər Əliyev Fondu “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə
alan, şəhid, qaçqın və məcburi köçkün
ailələrindən olan,
yetim və valideyn himayəsindən məhrum, təhsildə xüsusilə fərqlənən
uşaqlar üçün
Yeni il şənlikləri
keçirir.
Dekabrın
30-da Fondun prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban Əliyeva növbəti bayram şənliyində iştirak etmiş, qızı Arzu ilə birlikdə uşaqların sevinc və fərəhini bölüşmüşdür. Mehriban xanım və qızı uşaqlarla səmimi söhbət etdilər, onlarla şəkil çəkdirdilər.
Əvvəlcə ümummilli
liderimiz Heydər Əliyevin müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü və Yeni il bayramlarında
uşaqlarla bir yerdə olmasından, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın uşaqlara qayğısından
bəhs edən film göstərildi.
Şaxta babanın al-əlvan bəzədilmiş
möhtəşəm saraya
gəlişi alqışlarla
qarşılandı. Şaxta
baba “sehirli çubuğu” ilə yolkanı işıqlandırdı.
Üç saatdan çox davam edən tədbirdə uşaqları şənləndirmək
üçün aktyorlar
bütün istedad və bacarıqlarını
sərf edirdilər. Salona toplaşmış uşaqların çöhrələrində
bu gözəl bayram şənliyini onlara bəxş edən Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban xanıma minnətdarlıq hissləri
aydın sezilirdi. Həmin gün şənlik iştirakçıları arasında
məcburi köçkün
və qaçqın ailələrindən olan uşaqlar, qayğıya gündəlik ehtiyac duyan, uşaq evlərində və xüsusi məktəblərdə
təlim-tərbiyə alan
balaca soydaşlarımız
əksəriyyət təşkil
edirdi. Respublikamızın
tanınmış estrada
müğənniləri, məktəblilərin
özfəaliyyət kollektivləri,
rəqs qrupları, gənc istedadlar oynaq, şux mahnıları, rəqsləri
ilə bayram şənliyini daha da rövnəqləndirirdilər.
Rəqqaslara qoşulan, al-əlvan
yolkalar ətrafında
yallı gedən, məharətlərini göstərən,
özlərini möcüzələr
aləmində hiss edən uşaqların sevinci hədsiz idi. Çünki tanınmış sənətçilərin,
klounların, sehirbazların,
cizgi filmləri personajlarının, nağıl
qəhrəmanlarının bir-birindən maraqlı
çıxışları məhz onlara ünvanlanmışdı. Fondun
əməkdaşlarının tədbir iştirakçılarına
münasibəti, hər
kəsə qayğı
ilə yanaşması
da uşaqların və valideynlərin diqqətindən yayınmadı.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
ƏLİYEVA bayram şənliyində
çıxış edərək
dedi:
-Hörmətli qonaqlar!
Hörmətli müəllimlər
və valideynlər!
Əziz uşaqlar!
İlk növbədə mən sizi Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü
və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Yeni ildə sizə möhkəm cansağlığı, gələcək
uğurlar, xoşbəxtlik
və əmin-amanlıq
arzulayıram. Biz artıq Yeni ili ənənəvi olaraq birlikdə qarşılayırıq, yeni
- 2010-cu ili qarşılayırıq.
Amma, eyni zamanda, biz bu
gün keçmiş
2009-cu illə vidalaşırıq.
Əgər keçmiş
ilə nəzər salsaq, görərik ki, bu il
bir çox vacib hadisələrlə və nailiyyətlərlə
ölkəmizin tarixində
qalacaqdır. Baxmayaraq
ki, dünyanı maliyyə böhranı bürüyüb, Azərbaycanda
iqtisadi artım davam edir. Biz
bunu demək olar ki, həyatımızın
bütün sahələrində
görə bilərik.
Təkcə paytaxtımıza nəzər salsaq, görərik doğma Bakımız gündən-günə
necə gözəlləşir,
yeni bağçalar, yeni parklar salınır,
abidələr, dənizkənarı
park bərpa olunur. Ölkəmizdə yeni elm, təhsil,
səhiyyə obyektləri
inşa olunur, yeni yollar, körpülər tikilir.
Siz hamınız yaxşı bilirsiniz ki, 2009-cu ildə Bakı İslam mədəniyyətinin paytaxtı
elan olunmuşdu. Bununla əlaqədar Bakıda bir çox beynəlxalq görüşlər, simpoziumlar,
festivallar keçirildi.
Yəqin ki, xatırlayırsınız, mart
ayında Bakıda I Beynəlxalq Muğam Festivalı keçirildi. Yeddi gün həqiqətən böyük
bir musiqi bayramına çevrildi və bir daha
sübut etdi ki, Azərbaycan muğamı təkcə bizim mədəniyyətimizin
yox, bütün dünya musiqi xəzinəsinin incisidir. Eyni zamanda, 2009-cu il “Uşaq ili” elan olunub və
bu sahədə də ölkədə bir çox mühüm addımlar atılıb. 2009-cu ildə
Azərbaycanda 68 yeni məktəb binası və əlavə korpuslar inşa olunub, 28 məktəbdə
əsaslı təmir
aparılıb, 10-dan artıq
körpələr evi
və uşaq bağçası təmir
edilib və yenidən qurulub. Heydər Əliyev Fondu da bu
sahədə öz fəaliyyətini davam etdirir. Bu il
Ağdaş şəhərində
uşaq musiqi məktəbi inşa olunaraq istifadəyə verilib. Şamaxı şəhərində Nəsimi
adına uşaq incəsənət məktəbinin
təməli qoyulub. Bir çox beynəlxalq görüşlər
keçirilib. Oktyabr ayında Azərbaycanda uşaqların müdafiəsi
islahatı üzrə
milli konfrans, I Uşaq Forumu, olimpiada keçirilib. Bir sözlə, 2009-cu ildə bir çox
mühüm, vacib işlər həyata keçirilib və nailiyyətlər əldə
edilib.
Mən demək istəyirəm ki, bütün bu işləri birləşdirən bir amil, bir məqsəd
var - o da,
əziz uşaqlar, sizlərin gələcəyini
müstəqil, daha güclü, daha inkişaf etmiş, daha firavan Azərbaycanda
görməkdir. Hər
bir dövlətin gələcəyi onun uşaqlarıdır. Ona görə bu gün bütün işlər sabah üçün - sizin üçün görülür.
Mən bir daha sizə təhsilinizdə, öz həyatınızda böyük-böyük
uğurlar, yaxşı,
möhkəm cansağlığı,
yaxşı əhval-ruhiyyə
arzulayıram. Qeyd etmək
istəyirəm ki, bu il Heydər
Əliyev Fondu sizin üçün bu bayramı yeni bir məkanda
- yenə də bu il, 2009-cu ildə istifadəyə verilmiş “Buta” sarayında keçirir. Əminəm ki, siz bu sarayı,
bu şənliyi sevəcəksiniz və yadınızda saxlayacaqsınız.
Sizi bir daha
ürəkdən təbrik
edirəm, öpürəm,
ən xoş arzularımı çatdırıram!
X X X
Uşaqlar onlara göstərdiyi diqqət və qayğıya, bu istiqamətdə nəcib və xeyirxah fəaliyyətinə
görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan uşaqları
adından təşəkkür
etdilər. Balacalar Mehriban xanımla xatirə şəkli çəkdirdilər. Şənliyə
gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi və Azərbaycan bəstəkarlarının
16 populyar və sevilən uşaq mahnısından ibarət
yeni disk hədiyyə olundu.
Yeni il şənliyi
bu dəfə də uşaqların qəlbində silinməz xatirəyə çevrildi.
Fondun Yeni il şənliklərində
ümumilikdə 3 min uşaq iştirak edəcəkdir. Onu da deyək ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tövsiyəsi ilə müvafiq tədbirlər görülmüş, şənlikdə
iştirak edən uşaqların “Buta” sarayına təhlükəsiz
gəlib-getməsi üçün
rahat avtobuslar ayrılmışdır.
Səs.- 2009.- 31 dekabr.-
S. 4.