Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

 

18 il bundan öncə, Naxçıvanda verilən tarixi qərar dünya azərbaycanlılarının birləşməsində mühüm rol oynadı

 

Dünyanın əksər ölkələrində 31 dekabr təqvimin və köhnə ilin son günü kimi qeyd edilir. Elə Azərbaycanda da uzun illər 31 dekabr məhz bu mənanı daşıyıb. Lakin artıq 18 ildir ki, Azərbaycan xalqı 31 dekabr tarixini sadəcə köhnə ilin son günü kimi qeyd etmir. Çünki 1991-ci ildən başlayaraq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızın bütünləşdiyi, bir yumruğa çevrildiyi məqam kimi xarakterizə olunur.

 “Səs” qəzetinə açıqlama verən ölkənin tanınmış siyasiləri də bu günün dünyada yaşayan soydaşlarımızın birləşməsində mühüm əhəmiyyət kəsb etdiyini və bunun da əsas təşəbbüskarının ulu öndərimiz Heydər Əliyev olduğunu bildirdilər.

 

31 DEKABR TARİXİNİN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ KİMİ QEYD OLUNMASI ULU ÖNDƏRİN İDEYASI İDİ

 

Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimlinin sözlərinə görə, o dövrün hadisə və proseslərini həssaslıqla izləyənlər 1991-ci ilin 16 dekabrını unutmayıblar. Bu, həmin vaxt idi ki, dövlət müstəqilliyinə yenicə qovuşmuş Azərbaycan həmin nemətin şirinliyi ilə birgə tarixi acıları ilə də qarşı-qarşıya dayanmışdı deyən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimli, həmin vaxtlar Azərbaycana qarşı yönələn təzyiqlərin, iddiaların ardı-arası kəsilmədiyini və böyük fəlakətlərlə xalqımızın üz-üzə qaldığını bildirdi: Xarici güclər regionun ən əhəmiyyətli məkanında yerləşən, zəngin təbii sərvətlərə, infrastruktura, insan potensialına malik bu ölkəyə “yağlı tikə” kimi yanaşır, tarixin təbəddülatlı anında gələcək inkişaf yolunu dəqiq müəyyənləşdirməyə, bu yolda ilk addımlarını atmağa hələ macal tapa bilməmiş Azərbaycanı formal müstəqillik pərdəsi altında öz müstəmləkələrinə çevirməyə çalışırdılar”.

Ulu öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında dünya azərbaycanlılarına üz tutaraq, onları birliyə, həmrəyliyə, azərbaycanın köməyinə səslədi. Azərbaycanlıların yaşadığı bütün ölkələrdə əks-səda verən bu çağırış illərdən bəri müxtəlif təzyiqlər qarşısında özünə qapılıb, daxilində toplanan yaradıcılıq enerjisini reallığa çevirmək üçün əlverişli məqam gözləyən mübariz, mətin bir xalqın azadlıq ruhunun hayqırtısı idi. Məhz ümummilli liderin təşəbbüsü ilə Naxçıvan Ali Məclisi hər il 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd edilməsi barədə qərar qəbul etdi” - deyən E.İbrahimli, beləliklə, bu günün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi tarixdə öz yerini aldığını söylədi.

Qısa bir müddət keçəndən sonra verilən tarixi qərarın hər cür emosionallıqdan uzaq olduğunu bildirən komitə sədri, onun mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevriləcəyinə ümidvar olduğunu vurğuladı. Ulu öndərin Dünya Azərbaycanlılarının I Qurultayında qeyd etdiyi kimi, bu, həm də qarşıya yeni vəzifələr qoyurdu. Ancaq eyni zamanda, indi azərbaycanlıların bir müstəqil dövləti mövcud olduğu halda, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların bir-biri ilə daha da sıx əlaqə qurması, öz həmrəyliklərini bəyan etməsi və müstəqil Azərbaycan dövləti ilə əlaqələr yaratması tarixin bu mərhələsində çox əhəmiyyətli bir vəzifə kimi meydana çıxır” - deyən E.İbrahimli, ulu öndərin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!” fikrilərini diqqətə çatdırdı.

 

ÜMUMMİLLİ LİDER AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ MİLLİ HƏMRƏYLİYİN APARICI AMİLİNƏ ÇEVRİLMƏSİ İSTİQAMƏTİNDƏ MÜHÜM İŞLƏR GÖRÜB

 

Milli Məclisin Mədəniyyət Məsələləri Komitəsinin sədri Nizami Cəfərov isə qeyd etdi ki, qürurverici hissdir ki, ulu öndər Heydər Əliyev siyasətini uğurlu şəkildə davaminkişaf etdirən Prezident İlham Əliyev də hər zaman milli maraqlarımızı, vətəndaş birliyi prinsipini əsas tutur. Dövlət başçısı İlham Əliyev ölkəmizdən kənarda yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi məsələsinə xüsusi olaraq yanaşır. Dünya Azərbaycanlılarının II Qurultayında çıxış edən Prezident İlham Əliyevin vurğuladı “Xaricdə yaşayan soydaşlarımızın fəallığı bizi çox sevindirir. Bizbuna çalışırıq və əlimizdən gələni edirik ki, bu proseslər daha da sürətlə getsin. Azərbaycanda iki dəfə - 2001-ci ildə və 2006-cı ildə Dünya Azərbaycanlılarının Qurultayları keçirilib və bunların nəticəsi çox müsbət olub. Təşkilatlanma prosesi sürətlə gedir. Bu baxımdan, xaricdə yaşayan soydaşlarımızın fəallığı çox önəmli bir faktdır” fikirlərini önə çəkdi.

Bu gün dünya azərbaycanlıları üçün əlamətdar bir gün olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü yer kürəsinin hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı ümummilli liderin təşəbbüsü ilə tariximizdə öz şərəfli yerini alan 31 dekabr tarixini qürur hissi ilə qeyd edir” - deyən N.Cəfərov ümummilli liderin cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər gördüyünü bildirdi. Qeyd etdi ki, ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürmüş ulu öndər Heydər Əliyev özünəməxsus uzaqgörənlik və müdrikliklə ilk gündən xarici siyasətdə strateji hədəfləri düzgün müəyyənləşdirərək demişdir ki, “Müasir dövrdə hər bir dövlətin qüdrəti yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diasporlobbinin gücü ilə ölçülür”. Ona görə də bu sahəyə xüsusi diqqət yetirmədən xarici siyasətdə hansısa ciddi nailiyyətlər qazanmağın, habelə, milli məsələlərin beynəlxalq müstəvidə qaldırılmasına nail olmağın mümkün olmadığını nəzərə alan ümummilli liderimiz məhz bu istiqamətdə mühüm addımlar atmış oldu.

N.Cəfərovun sözlərinə əsasən, məhz bu səbəbdən də, Azərbaycan hakimiyyəti son 10 ildə dünya azərbaycanlılarının həmrəyliyinə nail olmaq üçün üzərinə düşən tarixi missiyanı məsuliyyətlə yerinə yetirməyə, bu sahədə sistemli və ardıcıl siyasət yeritməyə çalışıb.

 

31 DEKABR TARİXİ ULU ÖNDƏRİN NECƏ BÖYÜK VƏ UZAQGÖRƏN ŞƏXSİYYƏT OLDUĞUNU BİR DAHA TƏSDİQLƏYİR

 

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin sədr müavini Bəxtiyar Əsgərov da qəzetimizə açıqlamasında, xarici ölkələrdə yaşayan soydaşlarımızla çoxşaxəli münasibətlərin qurulması, onların ideoloji-siyasi müstəvidə silahlandırması və ümummilli mənafelər naminə səfərbər edilməsi işinin Azərbaycanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrilib. Bu sahədə dövlət siyasətinin məqsədi xaricdə yaşayan soydaşlarımızın milli özünəməxsusluğunu qorumaqinkişaf etdirmək, Azərbaycanla əlaqələrini genişləndirmək, habelə, digər hüquqlarını reallaşdırmaqdan ibarətdir.

Ümummilli lider Heydər Əliyev dövlətin təkcə öz ərazisində yaşayanlar üçün yox, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmalı olduğunu özünün əsas qayəsinə çevirən şəxsiyyət olub” - deyə qeyd etdi. Şübhəsiz, harada yaşamasından asılı olmayaraq, Azərbaycanı özlərinin tarixi vətəni sayan bütün insanlar ölkəmizin müstəqilliyini qoruyub saxlamaq naminə dövlətçilik ideyaları ətrafında sıx birləşməli, sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Vətənin, dövlətin taleyi hər bir soydaşımızı qayğılandırmalı, bütün azərbaycanlılarda azərbaycançılıq, vətənpərvərlik hissləri, tarixi torpağımıza, yurdumuzamilli irsimizə dərin məhəbbət aşılanmalıdır. Milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ulu öndər Heydər Əliyevin azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturuna daxil etməklə mənəviyyat və dövlətçiliyin sintezindən çıxış etdiyini diqqətə çatdıran B.Əsgərov, Azərbaycançılığın əsas komponentlərindən birinin də məhz milli dövlətçilik, milli-mənəvi dəyərlərimizdən ibarət olduğunu bildirdi: Ulu öndərin xaricdə yaşayan soydaşlarımıza digər əsas tövsiyəsi bundan ibarət idi ki, milli dövlətçiliyin qorunması və sonsuza qədər yaşaması üçün ilk növbədə, hamı milli-mənəvi dəyərlərin, adət-ənənələrin keşiyində durmalı, milli kimliyini istənilən ölkədə yaşatmalıdır”.

Xalqımızın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması ulu öndərin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da “Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü haqqında” qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir.

B.Əsgərovun sözlərinə görə, dövlət başçısı cənab İlham Əliyev ölkə diplomatlarının iştirakı ilə keçirdiyi müşavirədə diaspor təşkilatlarının qarşısına yeni vəzifələr qoymuşdur: “Dövlət başçısı həmin müşavirədəki çıxışında bildirmişdi ki, xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Mən demək olar ki, səfər etdiyim əksər ölkələrdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirmişəm. Biz bir tərəfdən onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar”.

Son altı ildə bu istiqamətdə ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsini təmin edən Prezident İlham Əliyev müxtəlif ölkələrə səfərləri çərçivəsində soydaşlarımızla keçirdiyi görüşlərdə milli diaspor təşkilatlarının vahid, mütəşəkkil qüvvə kimi təşkilatlanması zərurətini önə çəkmiş, bunun ideoloji-siyasi konturlarını müəyyənləşdirmişdir.

 

ULU ÖNDƏRİN TƏŞƏBBÜSÜ SAYƏSİNDƏ ÖLKƏMİZİN GENİŞ DİASPOR HƏRƏKATI TƏŞƏKKÜL TAPDI

 

Milli Məclisin üzvü Zahid Oruc da, öz növbəsində, tarix boyu etnik, mədəni və mənəvi köklərə malik xalqların mürəkkəb tarixi mərhələlərdə bir-birinə arxa durması, qarşıya çıxan çətinlikləri birgə aradan qaldırması cəhdlərinə rast gəlindiyini söylədi. Qeyd etdi ki, hərtərəfli təhlükəsizlik problemlərinin birgə həll edilməsi və qarşılıqlı inkişafın təmin edilməsi zərurəti türk dünyasını da birləşməyə sövq edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci il mart ayının 9-da Bakıda keçirilmiş Azərbaycan və Türkiyə diasporları rəhbərlərinin I forumunoyabr ayının 17-dən 19-dək baş tutmuş Türk Dövlət və Cəmiyyətlərinin XI Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı isə birləşməyə doğru atılmış real addımlardan olmuşdur. Qurultayda qardaş xalqlar və ölkələr arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, türkdilli dövlətlərin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi naminə görüləcək işlərlə bağlı faydalı ideyalar ortaya qoyulmuş, dəyərli təşəbbüslər irəli sürülmüşdür.

Z.Orucun fikrincə, məhz ulu öndərin təşəbbüsü sayəsində təşəkkül tapmış diaspor hərəkatı getdikcə genişlənərək, artıq öz bəhrəsini verməkdədir. Azərbaycan diasporunun fəallığı artıq xüsusilə artmaqda idi. Bunun ümummilli liderimizin bütün dünya azərbaycanlılarını öz böyüklüyü, müdrikliyi, şəxsiyyəti ətrafında sıx birləşdirə bilməsinin nəticəsi olduğu təkzibedilməz faktdır.

Diasporumuzun inkişafına təsir edən mühüm amillərdən birinin də aidiyyatı təşkilatların işinin vahid bir mərkəzdən Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi tərəfindən əlaqələndirilməsi olub. Ümummilli lider Heydər Əliyevin 5 iyul 2002-ci il tarixli fərmanı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlalarla İş üzrə Dövlət Komitəsinin yaradılması ilə dövlət-diaspor əlaqələrinin daha da möhkəmlənməsi üçün ideya-nəzəri və təşkilati şəraitin hazırlanması işi başa çatdı. Bu tədbirlər yetərincə hazırlıqlı olan milyonlarla soydaşımızı “Vahid Azərbaycan dövləti və Azərbaycançılıq” ideologiyası ətrafında sıx birləşdirdi.

Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində formalaşan birlikləri Azərbaycan dövlətinin, Azərbaycan mədəniyyətinin, Azərbaycan həqiqətlərinin tanınması və təbliği işində radio və televiziyanın, dövri mətbuatın imkanlarından geniş istifadə edirlər” - deyə, millət vəkili bildirdi. O, hazırda dünyanın bir çox ölkələrində Azərbaycan dilində müxtəlif qəzet və jurnalların nəşr olunduğunu xüsusi radioteleviziya verilişləri hazırlandığını vurğuladı.

2002-ci ildə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması dünya azərbaycanlılarının həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün geniş imkanlar yaratdı: “İndi fəxrlə demək olar ki, Rusiyada, Avropanın inkişaf etmiş ölkələrində, ABŞ-da, Asiya dövlətlərində azərbaycanlılar daha mütəşəkkil birləşərək, bütün səylərini ümumi işin xeyrinə yönəldə bilirlər. Bu gün Azərbaycan icmaları və cəmiyyətləri ötən illərlə müqayisədə daha fəaldırlar. Onlar yaşadıqları ölkələrin ictimai-siyasi həyatına təsir imkanlarını getdikcə artırır, xarici siyasətimizdə prioritet təşkil edən məsələlərə fəal dəstək verməklə Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirirlər”.

Artıq bütün dünya azərbaycanlılarının ulu öndər Heydər Əliyevi xalqımızın ümummilli lideri hesab etdiyini söylədi. Habelə, ümummilli liderimizin diasporamızın qarşısında qoyduğu vəzifələrin də çox böyük mütəşəkkilliklə yerinə yetirildiyini dilə gətirdi. Bununla yanaşı, sevindirici hal ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində apardığı uzaqgörən siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Ümummilli liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, “Dünya azərbaycanlılarının ancaq bir vətəni, müstəqil dövləti var, bu, Azərbaycan Respublikasıdır. Biz hamımız da onun ətrafında birləşməliyik”.

 

 

Kübra ƏLİYARLI,

 

Tapdıq QURBANLI

 

Səs.- 2009.- 31 dekabr.- S. 8-9.