PREZİDENT İLHAM ƏLİYEVİN DAVOS SƏFƏRİ DÜNYA MEDİASININ DİQQƏT MƏRKƏZİNDƏDİR

 

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində növbəti illik Dünya İqtisadi Forumunda iştirakı, bu mötəbər tədbir çərçivəsində işgüzar görüşləri, çıxışları və müsahibələri dünyanın aparıcı kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Məşhur "Uoll strit cornel" qəzeti, CNBC (Si-en-bi-si) televiziya kanalı, Reuters agentliyi və SNN televiziya kanalı Azərbaycan Prezidentindən müsahibələr götürmüş, dövlətimizin başçısının Azərbaycanın bölgədə və dünyada söz, nüfuz sahibi olması, mövqeyini möhkəmləndirməsi, ölkəmizin dinamik inkişafı, həyata keçirilən iqtisadi islahatlar, Nabukko layihəsinə birmənalı dəstək verməsi, Avropanın enerji təhlükəsizliyində artan rolu, Qərbə inteqrasiya siyasəti, qlobal maliyyə böhranı kimi mühüm məsələlərlə bağlı fikirlərini ön plana çəkmişlər.

"Uoll strit cornel" qəzeti Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini ifadə edən bu fikrini xüsusi vurğulamışdır: "On beş ildir ki, atəşkəs rejimi mövcuddur, lakin təəssüf ki, münaqişə hələ də həll olunmayıbdır. Bizim mövqeyimiz tam aydındır: münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir. Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir".

Azərbaycan qazının Rusiya vasitəsilə Avropaya çatdırılması məsələsinə toxunan Prezident İlham Əliyev bu barədə təklifin özlüyündə cəlbedici göründüyünü söyləmişdir. O demişdir ki, əgər biz qazımızı öz sərhədimizdə tranzit ölkə ilə heç bir problem olmadan sata bilsək, nəql layihələrinə çətinlik olmadan və sərfəli bazar qiyməti təklif edilərsə, onda təklifə niyə də baxmayaq?! Biz təklifi rədd etməmişik, lakin eyni zamanda, onu daha təfərrüatlı şəkildə nəzərdən keçirməliyik. Əvvəlki illərdə məqsədlərimizdən biri şaxələndirmə olub və bu baxımdan, Azərbaycan özünü çox rahat hiss edir. Neft və qaz kəmərlərimiz karbohidrogen ehtiyatlarımızı müxtəlif istiqamətlərdə nəql etməyə imkan verir. Beləliklə, biz bir marşrutdan asılı deyilik. Bir sözlə, "Qazprom"dan, Türkiyə, Yunanıstan, İtaliya, Bolqarıstan və başqa ölkələrdən gələn təkliflər nəzərdən keçirilir və əlbəttə ki, biz ölkəmiz üçün ən yaxşı variantı seçəcəyik.

CNBC və SNN televiziya kanalları Prezident İlham Əliyevlə müsahibələrində əsas diqqəti dövlətimizin başçısının Davos Forumunun "Enerji Outlook-2009" mövzusundakı iclasında söylədiyi "neft istehlakçıları bu məhsulun qiymətinin aşağı olmasını arzulayırlar. Hasilatçılar isə qiymətin tarazlaşdırılmasında və hasilatçılar üçün səmərəli olmasında maraqlıdırlar" fikrinə yönəltmişdir.

Reuters agentliyi isə Azərbaycan Prezidentinə istinadla yazır ki, ötən illər respublika iqtisadi artım sürətinə görə dünyada lider dövlət elan edilmişdir. Azərbaycanın iqtisadi artımı bu il 10 faiz həddində gözlənilir. Prezident demişdir: "Əlbəttə, ÜDM-in 25-30 faiz artım təşkil etdiyi vaxtlar artıq geridə qalmışdır və bunun təkrar olunması mümkün deyildir. Bu, bir faktdır ki, ötən beş ildə ölkədə ÜDM 2,6 dəfə artmışdır, bu, tarixi rekorddur. Bizim bu ilə olan gözləntilərimiz 10 faizdir və hesab edirəm ki, qlobal böhran şəraitində bu, kifayət qədər çoxdur. Biz bu inkişaf səviyyəsini davam etdirəcəyik. Düşünürəm ki, biz 10 faizə nail ola biləcəyik".

Prezident İlham Əliyev müsahibələrində Qərb dövlətlərinin Azərbaycana münasibətdə ikili standartlardan yanaşdığını da xatırlatmışdır. O demişdir ki, insan hüquqlarının kobud şəkildə pozulduğu qonşu ölkələr, məsələn, Ermənistan müəyyən səbəblərdən tənqid hədəfinə çevrilmir. Lakin özünü Qərbin dostu hesab edən və müstəqil siyasətini yürüdən Azərbaycanda digər ölkələrdə baş verənlərin bir faizi olduqda biz dərhal tənqid hədəfinə çevrilirik.

Xatırladaq ki, dünyanın aparıcı mətbuat orqanları və televiziya kanallarının saytlarında dövlətimizin başçısının müsahibələri ilə bağlı analitik yazılar yerləşdirilmişdir.

 

 

NAİB

 

Səs.- 2009.- 3 fevral.- S. 6.