Gənclərimiz milli ideologiya ətrafında sıx birləşiblər

 

YAP Qaradağ rayon gənclər birliyi Gənclər Gününə həsr olunmuş tədbir keçirib

 

Dünən Gənclər Günü ilə bağlı YAP Qaradağ rayon təşkilatı gənclər birliyi rayon Gənclər və İdman idarəsi ilə birgə Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardiorevmotoloji uşaq sanatoriyasında kimsəsiz uşaqlarla görüş keçirib. Tədbirdən öncə gənclər qəsəbədə yerləşən Heydər Əliyev adına parkda ucaldılan ulu öndərin büstü qarşısına tər çiçəklər qoyub, dahi lideri ziyarət ediblər.

YAP Qaradağ rayon təşkilatı gənclər birliyinin sədri Əlizamin Məmmədov tədbirdə çıxış edərək, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün də cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunu prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğıdan danışıb: "2009-cu ilin uşaq ili elan olunmasının da uşaqlara diqqət qayğının bariz nümunəsidir. Bu gün uşaqlara olunan diqqət və qayğı, eyni zamanda, Azərbaycanın gələcəyinə olan diqqət qayğının məntiqi nəticəsidir".

Ötən dövrdə dövlət başçısının gərgin və şərəfli fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəldiyini qeyd edən Ə.Məmmədov ölkəmizin regionun lider dövlətinə çevrildiyini vurğulayıb: "Həyata keçirilmiş məqsədyönlü siyasət, uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, möhkəm ictimai-siyasi sabitlik əldə edilib, demokratik islahatlar sürətləndirilib, dinamik iqtisadi inkişaf həm gənclərimizin, həm də bütün xalqımızın xoşbəxt gələcəyə inamını daha da artırıb. Eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış yüksək nailiyyətlər onu haqlı olaraq xalqımızın qürur mənbəyinə və uğur simvoluna çevirib".

Ə.Məmmədov onu da qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin gəncliyə verdiyi yüksək dəyər, ulu öndər Heydər Əliyevin gənclər siyasətinin həmişəyaşar və müasir olduğunu təsdiq etməklə yanaşı, ölkə gənclərinin Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyevə olan inamını və rəğbətini daha da gücləndirib.

Tədbirdə çıxış edən rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Abbasov uşaqlara və tədbir iştirakçılarına idman və digər sahələrdə görülən işlər haqqında geniş məlumat verib. E.Abbasov bildirib ki, gənclərin fəaliyyəti üçün ölkəmizdə münbit şərait yaradılıb. Bizim gənclərdən ancaq bir tələbimiz var - müasir elmi biliklərə mükəmməl yiyələnsinlər və ölkəmizin artan qüdrəti naminə bütün səylərdən istifadə etsinlər.

Uşaqlar üçün gətirilmiş sovqat balaca sahiblərinə verildikdən sonra onlar üçün hazırlanmış musiqi proqramı təqdim edilib.

Tədbirdə sanatoriyanın rəhbəri Təranə İsmayılova rayon icra rəhbərliyinə və YAP Qaradağ rayon təşkilatına minnətdarlığını bildirib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 3 fevral.- S.6.