Qonaqpərvərlik Turizm Sənayeləri üzrə yeni meyillər

 

Azərbaycanla Yunanıstan arasında bu sahədə birgə əməkdaşlıq mövzusunda seminar keçirilir

 

Dünən, Hyatt Regensy otelinin "Quba" zalında Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Yunanıstanın Turizm Nazirliyi arasında birgə əməkdaşlıq, həmçinin, Yunanıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə cari ilin 2-6 fevral tarixlərində "Qonaqpərvərlik və Turizm Sənayeləri üzrə yeni meyillər" mövzusunda keçiriləcək seminara start verilib. Qeyd edək ki, beş gün davam edəcək seminar Yunanıstanın Turizm Nazirliyinin 10 nəfər mütəxəssisi tərəfindən aparılacaq.

Seminarda mehmanxana və restoran menecerləri, turizm şirkətlərinin rəhbər işçiləri, həmçinin, Azərbaycan Turizm İnstitutunun müəllim və tələbələrindən ibarət 120 nəfərlik nümayəndə iştirak edəcək. Ölkəyə turizm sahəsində müəyyən mənada yeniliklər gətirəcək seminarda, ölkəmizi mədəniyət və turizm naziri Əbülfəs Qarayev və nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev, Yunanıstanın turizm nazirliyinin turizm üzrə təhsil və treninq təşkilatının beynəlxalq ictimai əlaqələr ofisinin müdiri Spiros Qasparinatos, həmçinin, Yunanısıtanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İoannis Metaxas və səfirliyin iqtisadi, ticarət üzrə birinci katibi Olqa Mezeridou Fauova təmsil edəcək.

Bu cür seminarın keçirilməsində əsas məqsəd yemək-içmək və mehmanxana sahələrində çalışan işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin, turizm şirkətlərində işin düzgün qurulmasından ibarətdir. Tədbirdə çıxış edən Ə.Qarayev ölkəmizdə turizmin inkişafı üçün son illər mühüm addımlar atıldığını qonaqların nəzərinə çatdıraraq, bu sahənin daha da əlverişli bir formada irəliləyişinə nail olmaq naminə bundan sonra da zəruri işlərin görülməsinin nəzərdə tutulduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyi imkan verir ki, ölkədə çoxlu sayda turizm obyektələri mövcud olsun. Eyni zamanda, turizm sahəsinin də dövlətimizin qarşısında duran ən prioritet sahələrdən biri olduğunu bildirən nazir, ölkəmizin hər bir strukturunda olduğu kimi, turizm strukturunun da beynəlxalq standartlara uyğunlaşmasının vacibliyini söyləyib. Ə.Qarayev Azərbaycanda günü-gündən artan imkanların müqabilində turizm sahəsində mühüm irəliləyişlərə nail olmuş dövlətlərin təcrübəsindən yararlanmağın da vacib prinslərdən olduğunu qeyd edib. Məhz bu məqsədlə də davamlı şəkildə ölkəmizdə və onun hüdudlarından kənarda bu sahənin Azərbaycanda inkişafını təmin etmək üçün bir sıra işlərin görüldüyünü seminar iştirakçılarının diqqətinə çatdıran Ə.Qarayev, hazırkı mərhələdə bu sahənin dünya dövlətləri üçün ən gəlirli bir sahə olduğunu bildirib.

Seminarda çıxış edən digər qonaqlar da Azərbaycanın, bütün sahələrdə olduğu kimi, turizm sahəsində də etibarlı partnyor olduğunu bildirdilər. Onların sözlərinə görə, inkişafda olan Azərbaycan üçün turizm ən perspektivli bir sahədir. Bunun üçün isə beynəlxalq təcrübədən istifadə edərək ölkədə turizmin inkişafına nail olmağın ən zəruri addım olduğunu bildirən qonaqlar belə seminarların keçirilməsinin böyük effekt verəcəyini vurğulayıblar.

Onu da qeyd edək ki, seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunacaq.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2009.- 3 fevral.- S. 9.