Antarktidanın ən yüksək zirvəsinə - Vinson dağına Azərbaycanın bayrağı sancıldı

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında ənənəvi keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ötən il dekabrın 24-də Hava və Ekstremal İdman Növləri Federasiyasının üzvü Tərlan Ramazanovla birlikdə Bakıdan yola düşdüklərini, buzlu qitənin ərazisində elmi-tədqiqat işləri apardıqlarını və geoloji nümunələr götürmələri barədə açıqlama verdi: "Bu ekspedisiyanı başa çatdıra biləcəyimizə əmin deyildik. Ona görə də ekspedisiyaya səssiz-səmirsiz başladıq".

H.Bağırov başçılıq etdiyi "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun dekabrın 30-da Çilinin Punta-Arenas şəhərindən Antarktidadakı Patriot-Hills stansiyasına doğru istiqamət götürdüklərini qeyd etdi: "Ekspedisiya üzvləri təyinat yerinə çatanadək elmi-tədqiqat işləri, 300-dən çox meteoroloji müşahidələr, 2 kq-dək müxtəlif qiymətli geoloji nümunələr topladılar".

Nazir onu da bildirdi ki, "Azərbaycan-Antarktida" ekspedisiya qrupu orta temperaturu təxminən mənfi 40-45 dərəcə olan buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirdi: "Bildirim ki, iqlim və meteoroloji proseslərlə bağlı 500-dən artıq müşahidə-ölçmə işləri aparıldı. Məlumatlar isə "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun "İridium" peyk rabitə sistemi vasitəsilə verilirdi".

H.Bağırov Cənub qütbünün 34 km-liyində olmaqla, 3000 m qalınlığında buz qatının üzərində hərəkətin çətin hava şəraitinə baxmayaraq, ekspedisiya qrupunun öz elmi proqramını yerinə yetirməyə çalışdığını bildirdi. Qeyd etdi ki, bu məqsədlə qrup meteoroloji və iqlimlə bağlı 459 müşahidə-ölçmə işləri apardı: "Ümumiyyətlə, ekspedisiyanın hərəkət sürəti bilavasitə hava şəraitindən asılı idi. Belə ki, daha aşağı temperaturda, yəni mənfi 42-44 dərəcədə təxminən 8-9 saat ərzində 10-11 km hərəkət etməyi bacaran ekspedisiya üzvləri nisbətən mülayim hava şəraitində, yəni mənfi 27-28 dərəcədən daha çox, təxminən 15 km məsafə qət edə bilirdi. Qalan saatlarını isə onlar itirilmiş enerjilərinin bərpasına sərf edirdilər. Qeyd edək ki, hər bir insan gündəlik fəaliyyəti zamanı orta hesabla 1600 kalori enerji sərf etdiyi halda, soyuq hava şəraitində və qeyri-adi vəziyyətdə Cənub qütbünə doğru irəliləyən "Azərbaycan-Antarktida" ekspedisiyasının üzvləri isə gün ərzində təxminən 6000 kalori enerji itirirdi".

H.Bağırov dekabrın 24-də Bakıdan yola düşən ilk "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun dəniz səviyyəsindən 5140 m yüksəklikdə yerləşən Vinson dağının zirvəsinə qalxması ilə də bağlı açıqlama verdi: "Azərbaycan-Antarktida" ekspedisiya qrupunun bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli, şaxtalı hava şəraitinə baxmayaraq, 3000 metr qalınlığında buz qatının üzərində hərəkət edən ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də, bir üzündə ulu öndər Heydər Əliyevin şəkli, "Mən fəxr edirəm ki, Mən azərbaycanlıyam" sözləri, digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, "Azərbaycan İlhamla irəli" sözləri yazılmış bürünc lövhələri 2009-cu ilin 12 yanvar tarixində Vinson dağına, 26 yanvar tarixində isə Cənub qütbünə sancdılar. Onu da bildirim ki, Cənub qütbünün yaxınlığındakı Amerikanın "Amundsen-Skott" bazasına dəvət olunan ekspedisiya üzvlərinə orada məlum oldu ki, Azərbaycan ekspedisiyası islam, türk və MDB ölkələrindən Cənub qütbünə piyada, xizək və buzda yerimək üçün qırmaqlı çəkmədən istifadə etməklə çatan ilk qrupdur".

Nazir bildirdi ki, ekspedisiya qrupu bu barədə ölkə Prezidenti İlham Əliyev cənablarına peyk rabitəsi vasitəsilə məlumat verdi: "Dövlətimizin başçısı bu tarixi hadisə ilə əlaqədar qrupun üzvlərini təbrik etdi və gələcək tədqiqat işlərimizin davam etdirilməsində uğurlar arzuladı. Bununla da, ekspedisiyanın elmi, idman, siyasi və rəmzi əhəmiyyət daşıyan bütün vəzifələri yerinə yetirildi.

H.Bağırov ikinəfərlik ekspedisiyanın 200-250 min man-a başa gəldiyini vurğuladı. Səfər təəssüratlarından danışan nazirin sözlərinə görə, bütün ensiklopedik məlumatlar Antarktidaya qarın yağmadığını göstərsə də, Azərbaycan nümayəndə heyəti qitədə ardıcıl olaraq 5 gün qarın yağmasının şahidi olub: "Bu, iqlim dəyişikliyinin nəticəsidir".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 4 fevral.- S. 6.