Millət vəkilləri cəbhə bölgəsində olub

 

Həvva Məmmədova: "Azərbaycan Ordusu indi özünün ən qüdrətli dövrünü yaşayır"

 

Yanvarın 31-də Milli Məclisin bir qrup üzvü jurnalistlərlə birlikdə cəbhə bölgəsində olub. Ordumuzun düşmənlə üzbəüz mövqelərindəki mövcud vəziyyətlə tanış olmaq və ictimaiyyəti ətraflı şəkildə məlumatlandırmaq üçün millət vəkilləri Həvva Məmmədova, Aydın Həsənov, Baba Tağıyev, Fuad Muradovla yanaşı bir qrup jurnalistlər də əsgərlərimizlə görüşüblər.

Dünən, məhz cəbhə bölgəsindən qayıtmış millət vəkillərinin keçirdikləri mətbuat konfransında da, bütün bölmələrində olduğu kimi, düşmənlə təmasda olan birləşmələrində də ordumuzun yüksək əhvali-ruhiyyənin olduğu bildirildi. Mətbuat konfransında cəbhə bölgəsindəki vəziyyətə dair jurnalistlərə məlumat verən millət vəkili Həvva Məmmədova, Azərbaycan Ordusunun son illər daha da qüdrətləndiyini və düşmənlə təmas nöqtələrində də bunun daha aydın şəkildə sezildiyini vurğuladı.

H.Məmmədova qeyd etdi ki, onların belə bir səfəri reallaşdırmaqda əsas məqsəd ölkə ictimaiyyətini ordumuzun son illər maddi-texniki bazasının daha da yüksəlməsi və aparılan hərbi islahatlar barəsində geniş informasiya ilə təmin etməkdir. Ordumuzun gücü bir çox hallarda bəzi üzdəniraq mətbuat vasitələrinin Azərbaycan Ordusu və burada guya qeyri-ciddi proseslər haqqında müxtəlif dövrlərdə səslənmiş fikirlərin tam əsassız olduğunu vurğulayan millət vəkili, Milli Ordumuzun qüdrətinin şahidi olmaq üçün istənilən bir hərbi hissəyə getmək kifayətdir. H.Məmmədova, həmçinin, günü-gündən öz iqtisadi-siyasi imkanlarını gücləndirən dövlətimizin, hər bir sahədə olduğu kimi, ordu quruculuğu sahəsində də əhəmiyyətli dərəcədə inkişafa nail olduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdırıb. Milli Məclisin üzvü cəbhə bölgəsində əsgərlərlə keçirdikləri görüşlərdə onların məişət şəraitinin yüksək səviyyədə, eyni zamanda, böyük döyüş qabiliyyətinə malik döyüşçü olduqlarını bildirdi: "Mən öz deputat həmkarlarımla cəbhə bölgəsində düşmənlə üzbəüz dayanmış əsgər və zabitlərimizi gördükdə, ölkəmizin ərazi bütövlüyünün daha etibarlı şəkildə qorunduğunun şahidi oluram. Çünki cəbhədə ordumuzun bütün heyətlərinin normal şəraitinin təmin edilməsi və onlara dövlətin lazımi diqqət və qayğısının olması bir daha göstərdi ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident cənab İlham Əliyev Azərbaycan Ordusunun qüdrətinin daha da artırılması üçün hansı işləri görür" deyə H.Məmmədova Silahlı Qüvvələrin maddi-texniki bazasının daha da artırılacağını diqqətə çatdırıb.

Əsgərlərlə görüşdən böyük məmnunluq duyduğunu mətbuat nümayəndələrinin diqqətinə çatdıran millət vəkili Aydın Həsənov, Azərbaycan Ordusunun Cənubi Qafqazda ən qüdrətli bir ordu olduğunu vurğulayıb. A.Həsənov əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulun ordu quruculuğunun bu gün Onun ən layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Millət vəkili ölkəmizdə dövlətin orduya olan diqqət və qayğısının ikinci bir sahəyə yönəlmədiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırdı. O, qeyd etdi ki, ölkəmizin artan qüdrəti ordu quruculuğu işindən yan keçməyib. Bu sahənin dövlətimizin qarşısında duran ən prioritet sahələrdən olduğunu vurğulayan A.Həsənov, Silahlı Qüvvələrimizin gücünün günü-gündən artdığını bildirib. A.Həsənov cəbhə bölgəsində düşmənlə təmasda olan əsgər və zabitlərimizdə yüksək döyüş əhvali-ruhiyyəsinin olduğunu vurğulayıb.

Mətbuat konfransının digər çıxışçısı millət vəkili Baba Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin artan imkanları və gücü qarşısında düşmənin günü-gündən zəiflədiyini bildirib. O, qeyd edib ki, indi Azərbaycan Ordusu işğal olmuş ərazilərimizin hər bir qarışını azad etməyə qadirdir.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2009.- 4 fevral.- S. 7.