Məqsədimiz AŞPA-da Ermənistanın ədalətsiz
mövqeyini hədəfə
almaqdır
Rəfael Hüseynov: "Elə etmək
lazımdır ki, Ermənistan hər zaman müdafiə
mövqeyində dayansın və özünü yalnız təmizə
çıxarmaqla məşğul olsun"
Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı nümayəndə heyətinin
üzvü, prof. Rəfael Hüseynovdur
- Rəfael müəllim,
bu günlərdə AŞ PA-nın növbəti qış
sessiyası başa çatıb və sözügedən
qurum yenə də ikili standartlar mövqeyindən
çıxış edərək Ermənistanın səsvermə
hüququndan məhrum edilməsi ilə bağlı qərar qəbul
etməyib. Bu baxımdan, AŞ PA-nın məlum mövqeyi və
ümumiyyətlə, son qış sessiyası barədə nə
deyərdiniz?
- AŞ PA-nın arxada
qalan qış sessiyasına ümumi qiymət verməli olsaq,
o zaman belə düşünürəm ki, bu sessiya Azərbaycanın
maraqları nöqteyi-nəzərindən müsbət dəyərləndiriləsi
bir sessiyadır. Birincisi, Azərbaycan üçün ciddi
maraq kəsb edən bir məsələ bu sessiyada yenə
gündəmdə olub. Bizim üçün ən vacib məsələ
ondan ibarətdir ki, AŞ PA-da, daimi komitələrdə,
partiya qruplarında, Parlament Assambleyasının açıq
iclaslarında Ermənistan həmişə hədəfdə
olsun. Açığını deyim ki, Ermənistanın səs
hüququndan məhrum edilməsi, onun nümayəndə heyətinin
Parlament Assambleyasındakı fəaliyyətinin
dayandırılması bizə bir o qədər sərfəli
deyil...
- Nəyi nəzərdə
tutursunuz?
- Bilirsiniz, bizim
üçün burada mühüm odur ki, Ermənistan ortada
olsun və daim hədəfə çevrilsin. Biz Avropa
Şurasının Nazirlər Komitəsində daim suallar
ortaya qoyuruq və nəticədə Ermənistan müzakirə
olunur, partiya qruplarında məsələlər
qaldırırıq və yenə də Ermənistanla
bağlı müzakirələr açılır və s.
2001-ci ildən bəri bu ölkə Avropa Şurasında
özünü müdafiə etməklə məşğuldur.
Düşünürəm ki, bunun özü də Azərbaycan
nümayəndə heyətinin lap başlanğıcda - vaxtilə
Azərbaycanın bu qurumdakı nümayəndə heyətinə
başçılıq edən və hazırkı dövlət
başçımız cənab İlham Əliyevin müəyyən
etdiyi düzgün siyasi xəttin nəticəsidir. O zaman da əsas
amal bu olub və elə indi də bundan ibarətdir ki, Ermənistana
istər-istəməz ikili standartlarla yanaşmalar olacaq, Ermənistanı
cəzalandırmaq məsələsi ortaya gələndə həmişə
daha yumşaq bir variant seçiləcək. Ona görə elə
etmək lazımdır ki, Ermənistan hər zaman müdafiə
mövqeyində dayansın və özünü yalnız təmizə
çıxarmaqla məşğul olsun. Çünki əks-təqdirdə,
o, özü hücuma keçməyə başlayır. Bu
baxımdan, əlbəttə, ikili standartlar yenə
görünür...
- Bu məsələni
bir qədər də konkretləşdirmək olarmı?
- Məsələn,
vaxtilə Alkema, Trexsel və Arabaçıyevin ortaya
qoyduğu beş prinsip əsasında - bunlar da hüquq elmində
əsası, bünövrəsi olmayan prinsiplər idi - siyasi
məhbus anlayışını təsnifatlandırmaq
üçün kriteriyalar müəyyənləşmişdi
və Azərbaycanda "siyasi məhbus"ların olması
məsələsi ortalığa qoyulmuşdu. Əslində,
eyni kriteriyalarla Avropa ölkəsinin hansını
araşdırsın, orada siyasi məhbuslar tapa bilərsən.
İndi Ermənistanda baş verən prezident seçkiləri
əsnasındakı hadisələri də nəzərdən
keçirərkən, həmin beş prinsipi ortaya qoyursan və
görürsən ki, onların beşi də Ermənistana
uyğun gəlir, amma Ermənsitanla bağlı siyasi məhbus
məsələsi ortaya qoyulmur. Bu isə, əlbəttə
ki, böyük təəssüf hissi doğurur. Ancaq biz bu
mövqeyə, əvvəldən həmişə hazır
olmuşuq, gələcəkdə də hazır
olmalıyıq. Ermənistan nümayəndə heyəti
AŞPA-da yalnız, sadəcə, bir nümayəndə heyəti
demək deyil, yalnız Ermənistan respublikası demək
deyil, bunun arxasında nəhəng bir lobbi dayanır. Yəni,
bunun mahiyyəti ondan ibarətdir ki, biz AŞPA-da həmin nəhəng
lobbi ilə üzbəüzük və Azərbaycan bu lobbiyə
qarşı mübarizəsini bundan sonra da uğurla davam etdirməlidir.
Heç bir ikili yanaşmalar, yumşaq münasibətlər,
başqa standartlar bizi bu mübarizədən bir an belə
çəkindirməməlidir. Ona görə
düşünürəm ki, Ermənistan yenə hədəfdədirsə,
ona gələn sessiyaya qədər müddət qoyurlarsa,
bunun özü də çox yaxşı bir haldır...
- Hansı mənada?
- Bilirsiniz, bununla Ermənistan
növbəti dəfə hədəfdə olacaq. Yenə də
biz növbəti dəfə danışmaq, söz demək,
ittiham irəli sürmək imkanına malik olacağıq. Yəni,
Ermənistan daim hədəfdə olmalıdır və əsas
da ondan ibarətdir ki, Avropa Şurası artıq beş il,
altı il, yeddi il əvvəlki Avropa Şurası deyil. Əvvəllər
heç vaxt Ermənistan haqqında belə mövqelər
ortaya qoyulmur, müzakirələr təşkil edilmirdi. Məsələ
bu həddə çatmırdı ki, Ermənistanı hədələsinlər
və desinlər ki, səni bu qurumdan
çıxaracağıq, qovacağıq, səsvermə
hüququndan məhrum edəcəyik və s. Bu gün Ermənistanın
apardığı dövlət siyasəti elə bir həddədir
ki, gec-tez bu hadisələrin məntiqi nəticəsi onlara cəza
verilməsi ilə sonuclanacaq.
- Rəfael müəllim,
digər bir məsələ barədə də fikrinizi bilmək
istərdim. Məlum olduğu kimi, sessiyada Azərbaycanda
keçiriləcək 18 mart referendumu ilə bağlı məsələyə
də toxunulub. Odur ki, referendumla bağlı məsələ
gələcəkdə Azərbaycan üçün
hansısa problem yarada bilərmi?
- Düşünürəm
ki, bu məsələ ilə bağlı müzakirələr
tamamilə təbii sayılmalıdır. Çünki Avropa
Şurası üzv ölkələrdə baş verən
prezident, parlament, hətta bələdiyyə seçkilərini
də izləyir, öz nümayəndələrini göndərir
və bu baxımdan, sözügedən qurumun Azərbaycanda
keçiriləcək 18 mart referendumuna da maraq göstərməsi
tamamilə təbiidir. Mən şəxsən bunu müsbət
qiymətləndirirəm. Əvvəla, ona görə müsbət
qiymətləndirirəm ki, Avropa Şurası bura nümayəndələr
göndərmək, bu prosesi izləmək istəyirsə, deməli,
bu prosesi tanıyır, onu dəyərləndirir və bu
prosesin standartlara uyğun olmasını arzulayır. Odur ki,
AŞ PA-dan referendumla bağlı nümayəndə heyətinin
gəlməsi və bu missiyanın ümumxalq səsverməsində
müşahidəçi kimi iştirak etməsi çox
qanunauyğundur. Bəzən elə ölkələr olur ki,
heç orada keçirilən parlament, prezident seçkilərinə
beynəlxalq təşkilatlar nümayəndə göndərmək
istəmir, yəni, artıq bəribaşdan həmin prosesə
mənfi münasibətlərini bildirirlər. Azərbaycanda
baş verən proseslər isə açıq proseslərdir
və belə düşünürəm ki, 18 mart referendumu da
tam şəffaf bir şəkildə keçəcək, belə
qənaətdəyəm ki, müşahidəçilərin
də bununla bağlı rəyi müsbət olmalıdır.
Çünki ortada əsas xalqın rəyidir və bunlar
hamısı səsvermə ilə müəyyən olunan bir
prosesdir, prosedurdur. Bir sözlə, hesab edirəm ki, 18 mart
ümumxalq səsverməsinin Azərbaycan üçün bir
başqa əhəmiyyəti də olacaq...
- Söhbət
konkret olaraq nədən gedir?
- Bilirsiniz,
sonuncu prezident seçkiləri zamanı
prezidentliyə namizəd
indiki dövlət başçımızın vəkillərindən
biri olaraq, mənim Azərbaycan bölgələrini gəzərkən
etdiyim əsas müşahidələrdən biri
ondan ibarət idi ki, bütün
ölkə boyu əhalinin yaxınlaşması,
yekdilliyi, vəhdəti
hiss olunurdu. Bəlkə də, geridə
qalan prezident seçkilərinin ən böyük qazancı bundan ibarət idi ki, Azərbaycan
cəmiyyəti daha sıx oldu, daha çox bir-birinə yaxınlaşdı.
Ona görə indi belə güman edirəm ki, 18 mart referendumu da Azərbaycan xalqını
bir-birinə daha sıx yaxınlaşdıracaq.
Bu müstəqillik hər zaman bərkiməyə, möhkəmlənməyə
möhtacdır. Ona görə
də, bütöv bir xalqı birləşdirən bu cür möhtəşəm
tədbirlər xalqın
arasındakı yaxınlaşmanı,
anlaşmanı artırmaq
nöqteyi-nəzərdən, əlbəttə ki, diqqəti çəkməmiş
deyil.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2009.- 4 fevral.- S. 7.