"Azərbaycan ilkin təchizat mənbəyi kimi və bütün tranzit məsələlərinin həllində öz rolunu oynaya bilər"

 

Davos İqtisadi Forumu ölkəmizin dünya siyasətindəki əhəmiyyətini bir daha ifadə etdi

 

Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı ölkəmiz üçün bir sıra strateji imkanların əldə edilməsi ilə yadda qaldı. İlk növbədə, qeyd olunmalıdır ki, dünyanın 90 ölkəsindən 2500 nümayəndənin iştirak etdiyi bu mötəbər toplantıda, Azərbaycan Prezidenti fəal iştirak etməklə bir daha dünyanı ölkəmizdə həyata keçirilən islahatlar barədə geniş məlumatlandırdı. Qeyd edək ki, Davos Forumu 38 ildir ki, ənənəvi olaraq keçirilir. Builki forumun əsas müzakirə mövzuları isə qlobal istiləşmə, Asiya ölkələrinin iqtisadi inkişafı, İraq, Əfqanıstan və Fələstindəki vəziyyət, o cümlədən, Cənubi Qafqaz regionunun iqtisadi gələcəyi ilə bağlı idi. Xatırladaq ki, Davos Forumu 1971-ci ildən keçirilir, bu dəfə toplantıya rekord sayda, 800 iri şirkətin rəhbərləri qatılmışdı. Həmçinin, forum çərçivəsində 223 görüş dəyirmi masa keçirilib...

Davos Forumunda, bir qayda olaraq, dünyanın bir çox ölkələrinin rəhbərləri, böyük şirkətlərin, korporasiyaların başçıları, qeyri-hökumət təşkilatlarının nümayəndələri bir neçə gün ərzində daha səmimi şəraitdə görüşərək, iqtisadi əməkdaşlıq üçün səmərəli mexanizmlər arayır, investiya qoyuluşunu təşviq edən konkret təklif və ideyalar irəli sürürlər. Bununla artıq 38 ildir ki, Davos şəhəri dünya iqtisadiyyatı ilə bağlı aparılan ciddi müzakirələrə ev sahibliyi edir. Xatırladaq ki, 1970-ci ildə Cenevrə Universitetinin professoru Klaus Şvab Avropa dövlətlərinin rəhbərlərinin İsveçrənin dağ şəhəri olan Davosda toplanması təşəbbüsünü irəli sürür. Bu təşəbbüs əsasında dünyanın bir çox ölkələrinin başçıları 1971-ci ilin yanvar ayında qlobal biznes idarəetmə təcrübələri ilə əlaqədar məsələləri müzakirə etmək üçün Davosda toplaşırlar. Bu hadisə Klaus Şvabı Avropa İdarəetmə Forumunu yaratmağa sövq edir. Təşkilatın Davosdakı illik iclası iqtisadi gündəliyi müəyyən edən qlobal sammit hesab olunur. 1977-ci ildən təşkilat ayrı-ayrı ölkələrin inkişafına yardım etmək üçün fərdi forumlar təşkil etməyə başlamışdır. Forum bu yolla bir çox perspektivli dövlətlərin dünya iqtisadiyyatına sıx inteqrasiyasına yardım göstərməyə çalışır. 1987-ci ildən isə qurum Ümumdünya İqtisadi Forumu adlandırılmış, 1988-ci ildə baş mənzil-qərargahı Davosdan Cenevrəyə köçürülmüşdür.

Ümumdünya İqtisadi Forumu (Davos Forumu) BMT-nin İqtisadi və Sosial Şurası yanında qeyri-hökumət təşkilatı kimi məsləhətçi statusa malikdir. Ümumdünya İqtisadi Forumu bugünün özündə də bəşəriyyətin üzləşdiyi mühüm problemləri müəyyənləşdirməyə kömək edir və onların müzakirəsi üçün iqtisadi platforma rolunu oynayır. Müstəqil fəaliyyət göstərən forumun başlıca vəzifəsi dünyanın iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün biznes və sosial sahədə əməkdaşlığı təmin etməkdən ibarətdir. Fəaliyyəti gəlir əldə etmək məqsədi daşımayan forum 3 əsas mənbə - 1000-dən artıq şirkətin üzvlükhaqqı, strateji tərəfdaşlardan daxil olan vəsait və özəl şirkətlərin illik iclaslarda, regional iclas və sammitlərdə iştirak haqqı hesabına maliyyələşir. Ümumdünya İqtisadi Forumu mütəmadi olaraq illik iclaslar, habelə, regional iqtisadi sammitlər, ölkə üzrə tədbirlər keçirir.

Azərbaycanla Ümumdünya İqtisadi Forumu arasında uzun müddətdir ki, qurulmuş əməkdaşlıq əlaqələri ildən-ilə daha da inkişaf etdirilir. Respublikamızın yüksək vəzifəli dövlət məmurları, müxtəlif sahələr üzrə ekspertləri, elmi və özəl dairələrin nümayəndələri forum tərəfindən təşkil edilən qlobal miqyaslı tədbirlərdə müntəzəm olaraq iştirak edirlər. Forumun beynəlxalq terrorizmlə mübarizədə həmrəylik əlaməti kimi 2002-ci ildə Davosda deyil, ABŞ-ın Nyu-York şəhərində keçirilmiş illik toplantısında ümummilli lider Heydər Əliyev iştirak etmiş, dərin məzmunlu nitqində qlobal və regional məsələlərlə bağlı fikirlərini açıqlamışdır. Ümumdünya İqtisadi Forumunun təşkilatçılığı ilə hər il keçirilən Avrasiya İqtisadi Zirvə toplantıları da Azərbaycan üçün olduqca mühüm əhəmiyyət daşıyır.

Bu dəfə forum çərçivəsində "Enerji Qutlook-2009" və "Böyük oyun təkrarlanır" devizi altında keçirilmiş iclaslarda müzakirə olunan məsələlər aktuallığına və miqyasına görə Azərbaycan üçün xüsusilə əhəmiyyətli sayıla bilər. Azərbaycan Prezidenti İlham Əliyevin hər iki tədbirdə iştirakı və keçirdiyi görüşlər dünyanın bir sıra dövlətlərinin və aparıcı şirkətlərinin rəhbərlərinin ölkəmizin iqtisadi potensialı ilə daha yaxından tanış olması, investisiya imkanlarını, habelə, əməkdaşlığın yeni forma və metodlarını nəzərdən keçirməsi baxımından maraq doğurur.

Davos Forumu çərçivəsində "Enerji Qutlook-2009" mövzusunda keçirilmiş ilk iclasda çıxış edən Prezident İlham Əliyev respublikamızın dinamik iqtisadi inkişafından, yeni neft strategiyasından, habelə, dünya iqtisadiyyatına sürətli inteqrasiyasından danışmış, həmçinin, Avropanın enerji təhlükəsizliyindəki rolunun artdığını vurğulamışdır. Dövlət başçısı Azərbaycanın bilavasitə təşəbbüsü ilə bir sıra qlobal enerji layihələrinin uğurla gerçəkləşdiyini bildirmiş, bu layihələrin dünya iqtisadiyyatı üçün əhəmiyyətini önə çəkmişdir: "Hasilatçı ölkə kimi Azərbaycan öz enerji təhlükəsizliyinin təmin edilməsi üçün dünya bazarlarına müxtəlif çıxış marşurutlarının olmasında maraqlıdır. Hesab edirəm ki, neft hasil edən ölkələrin birgə səyləri, eləcə də, enerji siyasətinin bütün iştirakçıları-hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasında qarşılıqlı anlaşma hamımız üçün daha yaxşı şərait yaradacaqdır".

Dövlət başçısı Davosda keçirdiyi çoxsaylı görüşlərdə enerji sahəsində əməkdaşlıq və respublikamızda informasiya texnologiyalarının inkişaf etdirilməsi, güclü insan kapitalının formalaşdırılması məsələlərini xüsusilə önə çəkmişdir. Neft amilini insan kapitalına çevirməyin vacibliyini önə çəkən dövlət başçısının səfər çərçivəsində daha çox informasiya və kompüter texnologiyaları sahəsində ixtisaslaşmış nəhəng şirkətlərin rəhbərləri ilə görüşməsi də diqqətçəkici faktdır. Bu, bir daha göstərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızda həyata keçirilən genişmiqyaslı islahatların qayəsində məhz insan amili dayanır. Dövlət başçısı ölkənin gələcəyini zəngin maddi sərvətlərdə deyil, haqlı olaraq məhz insan kapitalının formalaşmasında görür və bu da dövlət başçısı İlham Əliyevin dünyadakı müasir inkişaf meyillərini düzgün qiymətləndirməsindən xəbər verir.

Bütün bunlara rəğmən, onu da qeyd edək ki, Davos Forumu hər il dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsi, həmçinin, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə ənəvi hesabatlar hazırlayır. Davos Forumu tərəfindən aparılmış təhlildən sonra dünyanın 115 ölkəsinin mətbuatında informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində mənfəət əldə olunmasına dair hazırlığın vəziyyətini qiymətləndirən hesabat dərc edilmişdir. 2001-ci ildən etibarən hər il qlobal informasiya texnologiyaları üzrə hesabat hazırlayan Dünya İqtisadiyyatı üzrə Davos Forumu 2007-2008-ci illər üzrə tərtib etdiyi hesabatda, 115 ölkəni əhatə edən reytinq cədvəlində Azərbaycanı 73-cü yerdə göstərmişdir. Ölkəmizin Davos Forumunun hazırladığı hesabatın reytinq cədvəlindəki yeri MDB ölkələri üzrə Qazaxıstan (60-cı yer) və Rusiyadan (72-ci yer) sonra 3-cüdür. Bu cədvəldə MDB ölkələrindən Ukrayna 76-cı, Ermənistan 86-cı, Moldova 94-cü, Gürcüstan 96-cı yerdədir. Cədvəldə birinci pillədə ABŞ, ikinci yerdə Sinqapur, üçüncü yerdə Danimarka qərar tutmuşdur.

Dünya ölkələrinin iqtisadi inkişaf parametrlərinin müəyyənləşdirilməsində Ümumdünya İqtisadi Forumunun (Davos Forumu) hazırladığı hesabatlar xüsusi çəkiyə malikdir. Belə ki, 30 ildən artıq müddətdə dövlətlərin rəqabətə davamlılıq səviyyəsini öyrənən qurum 1979-cu ildən Qlobal Rəqabət Hesabatlarında dövlətlərin iqtisadiyyatının davamlı inkişafını, uzunmüddətli çiçəklənməsini şərtləndirən amilləri araşdırır. Dövlətlərin rəqabətə davamlığının ölçülməsi üçün təkmil göstəricilər toplusu yaradılmış və Qlobal Rəqabət İndeksi kimi Ümumdünya İqtisadi Forumuna təqdim edilmişdir. Dövlətlərin rəqabətə davamlılığı - Qlobal Rəqabət İndeksi 12 əsas üzrə müəyyənləşdirilir. Burada təhsil və təlim (insan kapitalı), texniki tərəqqi, makroiqtisadi sabitlik, səmərəli idarəetmə, qanunun aliliyi, şəffaf və təkmil işləyən qurumlar, korrupsiyanın azlığı, bazara yönümlülük, şirkətlərin təkmilləşdirilməsi, tələbat, bazarın həcmi və bir çox başqa istiqamətlər əsas götürülür. Bu göstəricilərin hər biri güclü nəzəri əsaslara malikdir və biri digərini istisna etmir.

Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabət İndeksi 2007-2008-ci illərdə Azərbaycanın bütün sahələrdə uğurla inkişaf etdiyini, ölkənin nəhəng sıçrayışla dünya ölkələri arasında layiqli yer tutduğunu göstərir. Məsələn, institusional qurumların fəaliyyətinin qiymətləndirilməsi zamanı Azərbaycan dünya üzrə 74-cü, MDB məkanında isə 1-ci yeri tutaraq Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası, Tacikistan və Ukraynanı geridə qoymuşdur. Məlumat üçün bildirək ki, bu istiqamət hökumət, hüquqi şəxslərin qurumlarının fəaliyyəti, onların əldə etdiyi gəlir və ölkənin inkişafında rolunu qiymətləndirir. İnstitusional əsasın rəqabətə davamlılığının artırılmasına və inkişafa böyük təsiri var. Gəlirlərin paylaşdırılması, inkişaf strategiyasının və siyasətinin icrası, həmçinin, sərmayə qoyuluşu, istehsalın təşkilində institusional əsas mühüm rol oynayır.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində "Böyük oyun təkrarlanır" devizi altında keçirilmiş iclasda iştirakı da dünya ictimai rəyində maraqla qarşılanıb. İclasda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan da iştirak edib, lakin toplantıda Ermənistan prezident Serj Sarkisyanın iştirakı gözlənilsə də, son anda o, bundan imtina edib. Ekspertlərin fikirincə, S.Sarkisyan nitqində qüsura və Azərbaycan Prezidenti ilə publika qarşısında debatdan ehtiyat etdiyi üçün bu görüşdə iştirakdan boyun qaçırıb.

Qeyd edək ki, həmin görüşdə də Azərbaycan Prezidenti çıxış edərək müxtəlif məsələlərə dair, o cümlədən, enerji təhlükəsizliyi haqqında rəsmi Bakının siyasətinin detallarını açıqlayıb: "Müstəqillik əldə etdiyimiz vaxtdan etibarən siyasətimizin Avropa istiqaməti prioritet məsələ idi və bu gün də davam edir. Buna bir çox misal gətirmək olar. Bu, təkcə Avropa Birliyinin, demək olar ki, bütün üzv ölkələri ilə faydalı ikitərəfli əməkdaşlıqla deyil, həm də iştirak etdiyimiz proqramlarla ölçülə bilər. Məsələn, Azərbaycan Avropa Birliyinin "Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı"nın iştirakçısıdır. İki ildən artıqdır ki, Azərbaycan Avropa Birliyi ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışdır. Bu gün Azərbaycanın da daxil olduğu Şərq tərəfdaşlığı Proqramı müzakirə olunur. Ümid edirik ki, bu yaxınlarda biz həmin proqramın icrasının əyani şahidi olacağıq. Bütün bu mühüm addımlar və tədbirlər Azərbaycanla Avropa arasında əlaqələrin necə inkişaf etdiyini göstərir".

Bütün bunlarla yanaşı, Davos İqtisadi Forumunun yekunlarını şərh edən yerli və xarici ekspertlər hesab edirlər ki, bu kimi mötəbər toplantılarda Azərbaycan Prezidentinin məntiqli və intellektual çıxışları ölkəmizin dünyadakı mövqelərini daha da gücləndirir, eyni zamanda, onun əhəmiyyətini bir daha artırır...

 

 

Y.Əliyeva

 

Səs.- 2009.- 4 fevral.- S. 8.