2009-cu ildə Azərbaycanda birrəqəmli inflyasiya qeydə alına bilər

 

Dünya Bankının vitse-prezidenti Şigeo Katsu: "Dünya maliyyə böhranının davam etməsinə baxmayaraq Azərbaycanda vəziyyət daha yaxşı və stabildir"

 

Dünya Bankı Azərbaycanın infrastruktur və maliyyə sistemində islahatların davam etdirilməsinə dəstək göstərəcək. 2009-cu ildə investisiya layihələrinə dair maliyyə sazişinin imzalanması nəzərdə tutulur. Bankın Azərbaycana yeni təyin olunmuş Cənubi Qafqaz regionu üzrə direktoru Əsəd Alam bildirib ki, bu il maliyyələşdirilməsi nəzərdə tutulan layihələrin başlıca təfərrüatları üzərində danışıqlar yekunlaşmaq üzrədir. Onun fikrincə, Azərbaycan hökuməti ilə əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün Dünya Bankının yüksək rütbəli nümayəndələrindən ibarət missiyasının ölkəmizə səfəri nəzərdə tutulur. Müzakirələrdə 2009-cu ildə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə yanaşı, 2010 və növbəti illərə dair də əməkdaşlıq planları barədə məsləhətləşmələr aparılacaq.

Dünya Bankının vitse-prezidenti Şigeo Katsu isə bildirib ki, səfər çərçivəsində Cənubi Qafqaz regionu üzrə yeni direktorun təyinatından başqa hökumət üzvləri ilə görüşlər də keçirilib. Müvafiq dövlət qurumu ilə aparılan danışıqlar zamanı respublikamızdakı iqtisadi vəziyyət, dünya böhranının təsir imkanları, perspektiv əməkdaşlığın mühüm konturları aydınlaşdırılıb. DB-nin vitse-prezidenti Azərbaycanda sabit və dayanıqlı iqtisadi sistemin mövcudluğunu xatırladaraq dünya maliyyə böhranının digər ölkələrlə müqayisədə Azərbaycana minimum səviyyədə təsir etdiyini söyləyib. Ş.Katsunun fikrincə, ölkəmizdə bu sahədə vəziyyət daha yaxşı və stabildir. Onun fikrincə, neftin qiymətinin ucuzlaşması şəraitində qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməlidir, bu sahəyə kifayət qədər vəsait yönəldilməsinə ehtiyac var. Bu siyasət yeni iş yerlərinin yaradılması, biznes mühiti, rəqabət qabiliyyəti və dövlətin maliyyə idarəetməsi ilə bağlı tədbirlərini gücləndirə bilər. Yeri gəlmişkən, Dünya Bankı bu istiqamətdə Azərbaycan hökumətinə yardım etdirməyi nəzərdə tutur. Bank bölgələrdə özəl biznesə dəstək və kənd təsərrüfatında iri layihələrin maliyyə təminatını həll etmək üçün hökumətlə birgə proqramların icrasını məqsədəuyğun hesab edir.

Bu il Azərbaycanda inflyasiyanın illik tempi birrəqəmli səviyyədə olan Dünya Bankının vitse-prezidenti dünya iqtisadiyyatında baş verən proseslərin ortamüddətli proqnozların hazırlanması zamanı dəyişiklikləri ortaya çıxarıldığını da istisna etməyib. Onun fikrincə, hazırda maliyyə sistemində vəziyyəti proqnozlaşdırmaq çox çətindir, buna görə, DB dünya dövlətlərinin makroiqtisadi vəziyyəti ilə bağlı yeni proqnozlar hazırlamağa məcbur olub. Çünki dünyada müşahidə olunan maliyyə böhranı səbəbindən makroiqtisadi proqnozlar mütəmadi dəyişir və ötən il 2009-cu ilə dair hazırlanmış ssenariləri isə dəyişməyə ehtiyac yaranıb. Bank sonuncu prosesləri nəzərə alaraq son hesabatını hazırlamağa qərar verib. Azərbaycanla bağlı rəqəmlərə gəlincə, Şigeo Katsu bildirib ki, 2008-ci ildə Azərbaycanda makroiqtisadi göstəricilər yüksək səviyyədə olsa belə, DB-nın proqnozlarından bir qədər aşağı olub, təbii ki, bu, qlobal maliyyə böhranı ilə bağlıdır. Buna görə də, 2009-cu ildə bütün dünya dövlətlərində olduğu kimi, ölkəmizdə milli məhsulun artım tempi bir qədər azalacaq. Amma bu tendensiya qiymət bazarında müsbət temp yaradacaq və inflyasiyanın azalmasına səbəb olacaq. Azərbaycanda inflyasiyanın tempinin aşağı düşməsi isə birrəqəmli inflyasiyanın qeydə alınması ilə nəticələnə bilər. Ümumilikdə, iqtisadiyyatda tempin azalması inflyasiyanın da əhəmiyyətli dərəcədə aşağı düşməsinin fonunda artım tempinə mane olmayacaq.

Dünya Bankı ölkəmizin büdcə parametrlərinə də diqqət çəkib və 2009-cu ilin büdcə layihəsinə dəyişikliyin heç bir problem yaratmayacağını əsaslandırır. Belə ki, büdcənin xərclər bölməsində nəzərdə tutulmuş bir sıra layihələrin müvəqqəti olaraq təxirə salınması ciddi problemlər yarada bilməz. Bank ölkəmizin maliyyə sisteminə yardım üçün strateji planın hazırlanmasında da iştirak edəcək. DB hesab edir ki, Azərbaycanın bank sistemində, xüsusilə də, depozit və kreditlərin müxtəlif valyutalar üzrə həyata keçirilməsində, likvidlik alətlərində sağlam temp müşahidə olunur. Bunun əsas səbəbi isə Milli Bankın yeritdiyi güclü pul-kredit siyasəti ilə bağlıdır. Bununla belə, DB banklara dəstək üçün lazımi maliyyə vəsaitlərinin yönəldilməsini məsləhət görür.

Dünya Bankı daha çox yol təsərrüfatına pul ayırmağı düşünür. Bank indiyədək Böyük İpək yolu, Azərbaycandan Rusiya və İran sərhədinədək olan yolun çəkilişi və digər yol infrastrukturu layihələrinə maliyyə vəsaitləri yönəldən başlıca donorlardan sayılır. İlkin razılaşmaya əsasən DB, Azərbaycan hökuməti ilə əməkdaşlıq strategiyası çərçivəsində qarşıdakı iki ildə bu bölməyə 1,2 mlrd dol vəsait ayrılmağı nəzərdən keçirir. Dünya Bankı 2009-cu ildə şəhərin mərkəzindəki tıxacların aradan qaldırılması üçün paytaxtla ətraf əraziləri birləşdirən yeni dairəvi yolların çəkilməsi, 2-3 mərtəbəli yol şəbəkələrinin salınması, avtomobillərin həm üfüqi, həm də şaquli hərəkəti üçün yeraltı keçid və tunellərin inşa edilməsini nəzərdə tutan layihələrin icrasına başlamaq niyyətindədir.

 

 

A.QULİYEVA

 

Səs.- 2009.- 4 fevral.- S. 5.