Cəlilabadda uşaq hüquqlarının vəziyyəti
ilə bağlı regional konfrans keçirilib
Azərbaycan Gənc
Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC)
UNİCEF-in dəstəyi və Azərbaycan
Respublikasının İnsan Hüquqları üzrə
müvəkkili (ombudsman) ilə qarşılıqlı əməkdaşlıq
şəklində və "Uşaq Çətiri: Uşaq
Hüquqları Aktivistləri Şəbəkəsinin
yaradılması" adlı layihə çərçivəsində
Cəlilabad rayonunda regionlarda uşaq hüquqlarının
qorunması ilə bağlı regional konfrans keçirilib.
Regional konfransda Ombudsman
Aparatının Cəlilabad regional bürosunun təmsilçisi,
AGAAMC-nin sədri, fizika-riyaziyyat elmləri namizədi İlqar
Orucov, layihənin eksperti texniki elmlər
namizədi Ruslan Rəhimli, yerli icra və bələdiyyə
qurumları, yerli təhsil şöbəsinin nümayəndələri,
məktəb direktorları, məktəb psixoloqları,
valideynlər Uşaq Çətiri şəbəkəsinin
üzvləri iştirak ediblər.
Regional konfransda, əsasən,
regionlarda uşaq əməyindən sui-istifadə halları,
bununla bağlı məsuliyyət, uşaqların məktəbdən
yayındırılması və fiziki işlərə,
xüsusən, mövsümi əkin işlərinə cəlb
edilməsi, uşaqlara qarşı ailədaxili, cəmiyyətdaxili
zorakılıq halları, məktəbdaxili münasibətlər,
nigah yaşına çatmayanların, əsasən,
qızların nigaha məcbur edilməsi, yerli hakimiyyət
qurumlarının, bələdiyyələrin lokal səviyyədə
- kəndlərdə, qəsəbələrdə uşaqlarla
bağlı gördüyü işlər, uşaqlarla əlaqədar
siyasətin formalaşdırılması yolları, uşaq
hüquqlarının regionlarda təbliği səviyyəsi və
bu prosesdə yerli hakimiyyət qurumlarının, məktəb
rəhbərliklərinin rolu və s. məsələlər
müzakirə olunub. Regional konfransda BMT-nin Uşaqlar
üçün Yararlı Dünya deklorasiyasının
prinsipləri də müzakirə edilib və bu prinsiplər
üzərində fəaliyyətin qurulmasının vacibliyi
qeyd edilib.
Regional konfransın nəticəsindən
məlum olub ki, əkin və məhsul yığımı
mövsümlərində uşaqların məktəbdən
yayındırılması halı bir adət halını
alıb, uşaq əməyi ilə bağlı vəziyyət
regionda qənaətbəxş deyil, uşaqlar onların fiziki
sağlamlığına zərər verən müxtəlif
işlərə cəlb edilir və bunun da əsas
günahkarları valideynlərdir, valideynlərlə uşaq əməyindən
istifadə mövzusunda təbliğat işi yetərincə
deyil, valideynlərin uşaq əməyindən istifadə ilə
bağlı bilik və informasiyaları çox
aşağı səviyyədədir, uşaq əməyindən
sui-istifadə hallarına qarşı məsuliyyətin tətbiq
olunmasında problemlər var, fiziki təsir hələ də
uşaqlara qarşı tərbiyə metodu kimi qəbul olunur və
buna haqq qazandırılır, fiziki təsirlə tərbiyəetmənin
bir adət-ənənə olduğu fikri üstünlük təşkil
edir.
Konfransda o da məlum
olub ki, qızların məktəbdən yayınması və
erkən yaşda nigaha cəlb edilməsi halları çoxluq
təşkil edir, bu səbəbdən də icbari təhsilin
həddinin 9 il olması, nigah yaşının həm
qızlarda, həm də oğlanlarda ən azı bir yaş
artırılmasının vacibliyi fikri də qeyd olub. Eyni
zamanda, məktəbdə olan bir psixoloqun bütün uşaqların
problemlərini həll etmək gücündə
olmadığı fikirləri də bildirildi və qeyd edildi
ki, bələdiyyə nümayəndələrinin çox az
bir qismi lokal səviyyədə uşaqlarla davamlı şəkildə
işləyirlər, bələdiyyələrin uşaqlarla
bağlı fəaliyyəti qənaətbəxş deyil və
bu sahədə yeni yanaşmaya ehtiyac var.
Məlahət Mahmudqızı
Səs.- 2009.- 4 fevral.- S. 16.