"Vremya novosti": "Azərbaycan özünün maraqları əsasında enerji strategiyası hazırlayıb"
Rəsmi Bakı "Nabucco"nun əsas tərəfdaşlarından
birinə çevrilib
Prezident İlham Əliyevin
də iştirak etdiyi "Nabucco" qaz kəmərinə
həsr olunmuş Budapeşt sammitinin nəticələri
ilə bağlı xarici kütləvi informasiya vasitələrində
dərc olunan məqalələrdə Azərbaycanla
bağlı bəzi nüanslar öz əksini tapmaqdadır.
Qeyd edək ki, zirvə görüşündə Azərbaycanın
dövlət başçısı səviyyəsində
təmsil olunmasını xarici ekspertlər rəsmi Bakının
bu layihəyə verdiyi yüksək dəyər kimi qiymətləndirirlər.
Bolqarıstanın
"Nyu-Tres" qəzetində yazırlar ki, "Təbii
qaz ehtiyacları baxımından 25 faiz həcmində
Rusiya qazından asılı olan Avropa Birliyi ölkələri,
bu asılılığı aradan qaldırmaq
üçün "Nabucco" layihəsinin reallaşmasını
tezləşdirmək üzərində düşünürlər.
Qəzet xatırladır ki, Avropa ölkələrinin
Rusiyadan qaz asılılığını aradan qaldırmaq
üçün "Nabucco" layihəsi 2006-cı ilin
iyununda Vyanada imzalanıb. Türkiyə, Rumıniya,
Bolqarıstan, Macarıstan və Avstriyanın da iştirak
etdiyi layihə tezliklə Bakı-Tbilisi-Ərzurum qaz
kəmərinin Avstriyaya qədər uzadılmasını
nəzərdə tutur. Avropa Birliyinin İnvestisiya
Bankı layihənin 20-30 faizini maliyyələşdirməyə
hazır olduğunu bəyan edib. Avropa Yenidənqurma və
İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporosiyası
da layihənin maliyyələşdirilməsində
iştirak etməyə razılıq verib.
Fransanın "Liberasion"
qəzeti isə "Qazprom"un "Nabucco" layihəsini
sıradan çıxarmaq istədiyini yazır. Sadəcə
olaraq, Rusiyanın təşəbbüskarı olduğu
layihədə əsas paylayıcı ölkə Macarıstan,
"Nabucco" layihəsində isə Avstriya olacaq. Qəzetdə,
həmçinin, qeyd edirlir ki, "Nabucco" reallaşmasında
Azərbaycan qazı ilkin dövr üçün yetərlidir.
Qeyd edək ki, ABŞ-ın SNBS telekanalına müsahibəsində
də Prezident İlham Əliyev ölkəmizin "Nabucco"
layihəsinin əsas tərəfdaşlarından biri
olduğunu vurğulamışdır: "Bizim nəhəng
enerji ehtiyatlarımız var. Qaz ehtiyatlarımız bizə
ən azı yüz il kifayət edəcək. Artıq
müasir nəqliyyat infrastrukturumuz var, təchizat
marşrutlarımızı şaxələndirmişik.
Şaxələndirmə təkcə istehlakçılar
üçün yox, eyni zamanda, təchizatçılar
üçün də əhəmiyyətlidir. Düzdür,
indiki böhran zamanı istehlakçıların problemi
diqqət mərkəzində olub, lakin təchizatçı
ölkə kimi Azərbaycana da etibarlı və təhlükəsiz
nəql marşrutları gərəkdir. Müxtəlif
istiqamətlərdə boru kəmərləri inşa
etməklə biz bu məqsədə nail oluruq. Bu gün
söhbət Avropa ölkələrinin enerji təhlükəsizliyini
təmin etmək üçün lazım olan əlavə
həcmlərdən gedir. Bunun üçün Azərbaycanın
imkanları var. Biz Türkiyə-Yunanıstan-İtaliya,
"Nabucco", Transadriatik boru kəmərləri kimi
layihələrin müzakirələrində iştirak
edirik. Ölkəmizdə bu vaxta kimi görülmüş
işlər göstərir ki, Azərbaycan etibarlı tərəfdaşdır.
Həyata keçirdiyimiz layihələrin heç biri
böhran zamanı sual altına alınmadı".
Həmçinin,
"Nabucco" layihəsinin perspektivinə toxunan
dövlət başçısı Azərbaycanın yeni
layihələrdə iştirak etməkdə maraqlı
olduğunu, mövcud kəmərlərin nəqletmə
qabiliyyətinin ölkənin enerji ehtiyatlarının
ixrac potensialına tam cavab vermədiyini bildirib:
"Biz bu gün hasil etdiyimiz qazdan, ola bilsin ki, iki dəfə
artıq hasil edək. Bu il Azərbaycanda qaz hasilatı 20 mlrd kub m-dən artıq olacaq. İxracımız, hələlik, regional bazarla məhdudlaşır.
Beləliklə, "Nabucco" və ya bu
kimi layihələr
şaxələndirmə və uzunmüddətli
etibarlı təchizat
mexanizmlərinə malik
olmaq üçün
imkan yaradır".
Bir sıra ekspertlər isə hesab edirlər ki, Qərblə Rusiya arasında enerji savaşının yeni
mərhələsi, deyəsən,
ikincinin qələbəsi
ilə başa çatacaq. Çünki Rusiya bir-birinin
ardınca gözlənilməz
təşəbbüslərlə çıxış edərək
ABŞ və AB-nin irəli sürdüyü
"Nabucco" qaz kəməri layihəsinin
perspektivlərini ciddi
şübhə altına
alıb. Bundan əvvəl Avropanın
qaz bazarlarında inhisarçı mövqeyi
olan "Qazprom" şirkəti layihəni
əngəlləmək üçün,
"Nabucco" nun əsas
qaz təminatçılarından
biri kimi nəzərdən keçirilən
Azərbaycana gözlənilməz
təklif verərək,
ölkənin bütün
ixrac qazını bazar qiymətlərinə
almağa hazır olduğunu bildirib. Bundan əlavə, "Qazprom"
türkmən qazı
üzərində də
nəzarəti saxlamağa
çalışır və
bu yöndə intensiv diplomatiya yürüdür. Rusiyanın enerji çevrələrində
sensasiya kimi qarşılanan ən
son addımı isə
"Nabucco"nun operatoru
olan Avstriyanın dövlət neft-qaz şirkəti OMV-ni layihədən qoparması
olub.
Bu və
digər mülahizələrlə
çıxış edən
"Vremya novosti"
qəzetinin yazdığına
görə, OMV şirkəti
Rusiyanın Avropaya
mavi yanacaq nəql etmək üçün əsas marşrutlarından biri
olacaq "Cənubi
axın" layihəsinə
qoşulmağın bir
addımlığındadır. Özü də adi statusda
yox, təqribən
10-12 mlrd dol-a başa gələcək
layihənin operatoru
qismində. Qəzet
də daha sonra yazılır:
"Azərbaycan özünün
maraqları əsasında
enerji strategiyası
hazırlayıb və
onun əsasında hərəkət edir. Bu, enerji ehtiyatlarının
alternativ marşrutlarla
Qərb bazarlarına
çıxarılmasıdır.
İndiki halda "Nabucco" da iştirak Azərbaycan üçün yaxşı
tranzit imkanları deməkdir, digər tərəfdən, rəsmi
Bakı layihəyə
dəstək verməklə
ABŞ və Avropanın
siyasi dəstəyini
təmin edir, onların nəzərində
Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında əsas
oyunçulardan birinə
çevrilir. Hansı ki,
son günlərədək Azərbaycan alternativ marşrutların həyata
keçirilməsi istiqamətində
fəal səy göstərir".
M.Kərimov
Səs.- 2009.- 5 fevral.-
S.4.