ERMƏNİSTAN-AZƏRBAYCAN
MÜNAQİŞƏSİ YALNIZ AZƏRBAYCANIN ƏRAZİ
BÜTÖVLÜYÜ ÇƏRÇİVƏSİNDƏ
HƏLL OLUNMALIDIR
Elmar Məmmədyarov Anjey Kremerlə görüşüb
Azərbaycanın Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, fevralın 4-də nazir Elmar Məmmədyarov
Polşanın xarici işlər nazirinin müavini Anjey
Kremer ilə görüşmüşdür.
Görüşdə
ölkələrimiz arasında uğurla inkişaf edən
münasibətlərin daha da intensivləşdirilməsi,
yüksək səviyyəli qarşılıqlı səfərlərin
təşkil olunmasının vacibliyi vurğulanmışdır.
İkitərəfli əlaqələrin inkişaf etdirilməsi,
xüsusən qeyri-neft sektorunda əməkdaşlığın
perspektivləri nəzərdən keçirilmiş,
hökumətlərarası iqtisadi komissiyanın
işinin daha da sürətləndirilməsinin əhəmiyyəti
qeyd olunmuşdur.
Bundan əlavə, Azərbaycan
ilə Polşa arasında mədəniyyət və təhsil
sahələrində əlaqələrin daha da genişləndirilməsi
üçün gənc mədəniyyət xadimlərinin,
diplomatların təcrübə mübadiləsinin davam
etdirilməsi, həmçinin iki ölkənin Diplomatik
Akademiyaları arasında əməkdaşlığın
həyata keçirilməsinin məqsədəmüvafiqliyi
vurğulanmışdır.
Avropa İttifaqının
"Şərq Tərəfdaşlığı" təşəbbüsünün
irəli sürülməsində Polşanın xüsusi
rolu olduğunu qeyd edən nazir E.Məmmədyarov bu proqram
çərçivəsində əməkdaşlığın
davam etdirilməsinin qarşılıqlı faydalı
olacağına inandığını bildirmişdir.
E.Məmmədyarov, həmçinin
Azərbaycanın qarşılıqlı investisiyaların
artırılmasında, iş adamları
üçün əlverişli biznes mühitinin yaradılmasında
maraqlı olduğunu diqqətə çatdırmışdır.
Ermənistanın Azərbaycan
ərazilərini işğal etməsini və bu səbəbdən
də bu ölkənin bir sıra irimiqyaslı regional layihələrdən
kənarda qaldığını qeyd edən nazir E.Məmmədyarov
münaqişənin beynəlxalq hüququn norma və
prinsipləri əsasında, yalnız Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həll olunmasının vacibliyini vurğulamışdır.
Görüşdə
beynəlxalq əhəmiyyətli, həmçinin qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılmışdır.
Naib NİFTƏLİYEV
Səs.- 2009.- 5 fevral.- S. 5.