BAKIDA DİNLƏRARASI ƏMƏKDAŞLIĞA
DAİR KONFRANS KEÇİRİLƏCƏK
ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ
MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
KİRİLL İLƏ GÖRÜŞÜB
"Rusiya cəmiyyətində
sülh və həmrəylik xeyli dərəcədə pravoslavlar
ilə müsəlmanlar arasında münasibətlərin
necə qurulmasından asılıdır. Mən ürəkdən
əminəm ki, dünyada sülh, həmrəylik və
sabitlik xeyli dərəcədə xristianlar və
müsəlmanlar arasında münasibətlərin necə
qurulmasından asılı olacaqdır". Bunu Moskvanın
və bütün Rusiyanın patriarxı Kirill Qafqaz
Müsəlmanları İdarəsinin sədri Allahşükür
Paşazadə ilə görüşündə bildirmişdir.
A.Paşazadə patriarx seçilməsi münasibətilə
Kirilli şəxsən təbrik etmək üçün
Moskvaya gəlmişdir.
Patriarxın iqamətgahında
keçirilən görüşdə Qafqaz Müsəlmanları
İdarəsinin sədri demişdir ki, patriarx Kirill həmişə
dinə xidmət etmiş, din xadimləri arasında
sülhün, qardaşlığın və dostluğun
hökm sürməsinə çalışmışdır.
Azərbaycan Prezidenti
İlham Əliyevin salamlarını və təbriklərini
patriarxa çatdıran A.Paşazadə demişdir ki,
sizi Azərbaycanın və Qafqazın bütün
müsəlmanları da təbrik edirlər. Patriarxı
Bakıya səfərə dəvət edən şeyxülislam
əmin olduğunu bildirmişdir ki, gələcəkdə
xalqlarımızın, iki ölkənin və dindarların
rifahı naminə birgə iş davam etdiriləcəkdir.
Azərbaycanın Rusiyadakı
səfiri Polad Bülbüloğlu patriarxı təbrik
etmiş, Azərbaycan Prezidenti İlham Əliyevin təbriklərini
ona çatdırmışdır. Diplomat belə bir faktı
razılıqla vurğulamışdır ki, əvvəllər
patriarx məhz xarici əlaqələr, yeni qarşılıqlı
münasibətlərin yaradılması məsələləri
ilə məşğul olmuşdur. O demişdir ki, səfirlik
Bakıda dinlərarası dialoq və əməkdaşlığa
dair böyük konfransın keçirilməsinə hərtərəfli
kömək göstərəcəkdir.
Patriarx Kirill təbrikə
görə Azərbaycan Prezidenti İlham Əliyevə
səmimi təşəkkürünü bildirmişdir.
O demişdir: "Mən təbrikə görə Azərbaycan
Prezidenti, çox hörmətli cənab İlham Əliyevə
səmimi təşəkkürümü bildirmək istəyirəm.
Əlbəttə, mən ona məktub göndərəcəyəm,
ancaq indi ona sözlə təşəkkürümü
bildirmək istərdim. Mən iki dəfə onunla görüşmüşəm.
Birinci dəfə Bakıda, o, hələ Prezident olmadığı
dövrdə, mərhum atasının qonaqpərvər
evində görüşmüşdük. İkinci görüşümüz
isə Romada, Papa II İoann Pavelin dəfnində olmuşdur.
Biz qısa, ancaq mehriban söhbət etmişdik. Cənab
Prezidentin dinlərarası dialoq mövzusuna həssaslıqla
yanaşdığını bilirəm. Mən onun təşəbbüslərini
və Azərbaycan müsəlmanlarının digər
dinlərin nümayəndələri, ilk növbədə
pravoslavlarla mehriban münasibətlər qurmaq arzusunu
dəstəkləməsini müsbət qiymətləndirirəm".
O, şeyxülislama
dərin minnətdarlığını bildirərək
qeyd etmişdir ki, onun patriarx seçilməsi Yepiskopluğun,
ruhanilərin, dindarların ona etimadının ifadəsidir.
Kirill demişdir: "Mən Allaha şükür edirəm
ki, Rusiya cəmiyyətinin, təkcə Rusiyanın deyil,
həm də MDB-də və Baltikyanı ölkələrdə
yaşayan dünyəvi adamların böyük hissəsi
bu çətin anda məni dəstəkləmiş və
mənim seçilməyimlə əlaqədar razılıqlarını
bildirmişlər. Mən belə bir faktı xüsusi
vurğulamaq istərdim ki, Rusiyanın müsəlman əhalisi
mənim seçilməyimə çox müsbət yanaşmışdır.
Sizin məni təbrik etməyə şəxsən gəlməyiniz
mənim üçün əlamətdar hadisədir ki,
biz sizinlə gələcəkdə də mərhum patriarx
II Aleksi ilə getdiyiniz yolla gedəcəyik. Rus Pravoslav
kilsəsinin müsəlmanlarla, o cümlədən sizin
ləyaqətlə təmsil etdiyiniz Qafqaz müsəlmanları,
Azərbaycan müsəlmanları ilə qarşılıqlı
fəaliyyət təcrübəsi əvəzsizdir".
Patriarx Kirill Azərbaycan
Pravoslav yeparxiyasının fəaliyyətini yüksək
qiymətləndirərək bildirmişdir ki, Aleksandr
Ata həm pravoslavlarla müsəlmanlar arasında
münasibətləri, həm də Rusiya-Azərbaycan
münasibətlərini və əməkdaşlığını
qətiyyətlə dəstəkləyir. Moskvanın və
bütün Rusiyanın patriarxı Kirill sonda demişdir:
"Mən sizin duz-çörəkli ölkənizdə
yaşayan pravoslavlara xoş münasibətə və
qayğıya görə Azərbaycan dövlətinə
təşəkkürümü bildirmək istərdim".
Qafqaz Müsəlmanları
İdarəsinin sədri şeyxülislam Allahşükür
Paşazadə Moskvanın və bütün Rusiyanın
Patriarxı Kirill ilə görüşdən sonra demişdir
ki, bu ilin sentyabr ayında Bakıda təşkili nəzərdə
tutulan dinlərarası dialoqa və əməkdaşlığa
dair konfrans 2010-cu il aprelin 25-27-nə keçirilmişdir.
Konfransın vaxtı patriarxın xahişi ilə dəyişdirilmişdir.
A.Paşazadə patriarxla
görüşünün yekunlarını şərh
edərək bildirmişdir ki, ikitərəfli əlaqələrin
qurulmasında mənəvi-əxlaqi münasibətlərin
böyük rolu vardır. Şeyx demişdir: "Azərbaycan
ilə Rusiya arasında siyasi, iqtisadi və başqa sahələrdə
münasibətlər, o cümlədən dini münasibətlər
çox yüksək səviyyədə inkişaf edir. Biz
öz tərəfimizdən qarşılıqlı dini
əlaqələri həmişə layiqli səviyyədə
saxlamışıq və Azərbaycana münasibət
də həmişə yüksək səviyyədə
olmuşdur. Mərhum patriarxın son illərdə iki dəfə
Azərbaycanda olması faktı onun ölkəmizə
və dindarlara diqqətli münasibətini təsdiq
edirdi. İndi Azərbaycanda kilsələr tikilməsi
və kilsələrin yenidən qurulmasına ölkə
müsəlmanlarının kömək etməsi təkcə
Azərbaycanda deyil, bütün dünyada yaşayan
xristianlar üçün aşkar faktdır. Bu, Azərbaycanda
tolerantlığın yüksək səviyyədə
olmasını bir daha nümayiş etdirir. Məhz bu baxımdan
indiki patriarx Kirill Azərbaycana həmişə
yüksək münasibət bəsləmişdir və
indi də belədir. Kirill patriarx taxtına əyləşənə
qədər mərhum II Aleksinin Azərbaycana səfərlərində
iki dəfə onu müşayiət etmişdir. Azərbaycana
yaxşı münasibət bu gün də davam edir.
Ümid edirəm ki, biz gələcəkdə də dinlərarası
sülhün möhkəmlənməsi və qarşılıqlı
surətdə faydalı dialoq naminə səmərəli
əməkdaşlıq edəcəyik".
A.Paşazadə onu da
bildirmişdir ki, patriarxla söhbətində yaxın
perspektiv və uzunmüddətli dövr üçün
qarşılıqlı əlaqələrin konkret planları
nəzərdən keçirilmiş, 2010-cu ildə Bakıda
keçiriləcək Dinlərarası dialoqa və əməkdaşlığa
dair konfransa hazırlıq məsələsi müzakirə
edilmiş, təşkilati məsələlərin həlli
üçün Azərbaycanın Rusiyadakı səfiri
Polad Bülbüloğlu başda olmaqla birgə işçi
qrup yaradılmışdır.
Səs.- 2009.- 5 fevral.- S. 5.