"Uşaq ili" çərçivəsində tamaşalar
hazırlanır
Prezident İlham Əliyevin sərəncamı
ilə 2009-cu ilin
"Uşaq ili" elan edilməsi ilə əlaqədar olaraq
Dövlət Akademik Opera və Balet Teatrı kiçik
yaşlı tamaşaçılar üçün iki yeni tamaşanın - Azərbaycanın əməkdar incəsənət xadimi Nazim Əliverdibəyovun "Cırtdan" operası və Avstriya bəstəkarı İohann
Ştrausun musiqisi əsasında "Düyməcik" baletinin quruluşunu verməyi
nəzərdə tutmuşdur.
"Cırtdan" operasının
quruluşunu əməkdar incəsənət xadimi rejissor
Hafiz Quliyev verəcəkdir. Tamaşanın musiqi rəhbəri
və dirijoru əməkdar incəsənət xadimi Kazım
Əlibəyovdur. Operanın premyerasının martın
sonunda keçirilməsi nəzərdə tutulub.
Opera və Balet Teatrının
rəhbərliyi İ.Ştrausun "Düyməcik"
baletinin quruluşunu vermək üçün Rusiyanın
xalq artisti, məşhur xoreoqraf Liya Sabitovanı dəvət
etmişdir. Balet tamaşasının musiqi rəhbəri
və dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu
rəssamı Rusiya Akademik Böyük Teatrından dəvət
olunmuş Dmitri Çerbadjidir. Bir neçə ay bundan
öncə D.Çerbadji çox böyük uğurla səhnəyə
qoyulan "Yeddi gözəl" baletinin səhnə tərtibatını
vermişdir.
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının mətbuat xidmətindən
aldığımız məlumata görə
"Düyməcik" baleti Opera və Balet Teatrının
Bakı Xoreoqrafiya Məktəbi ilə birgə layihəsidir.
Kiçik yaşlı tamaşaçılar
üçün nəzərdə tutulmuş bu tamaşada
teatrın balet truppasının artistləri ilə yanaşı,
həm də Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri
çıxış edəcəklər. Baletin quruluşu
üzərində işlərin teatr mövsümünün
sonuna kimi tamamlanması nəzərdə tutulmuşdur.
Quruluşu yüksək
bədii səviyyədə həyata keçiriləcək
hər iki tamaşa gələcəyimiz olan uşaqların
sağlam ruhda böyüməsi, onlara bədii-estetik
və balet sənətinə məhəbbət
aşılamağa xidmət edəcəkdir. Bu tamaşalar
"Uşaq ili" çərçivəsində Opera
və Balet Teatrı rəhbərliyinin öz kiçik
tamaşaçılarına töhfəsi olub, uzun illər
repertuarda möhkəm yer tutaraq onlara sevinc bəxş
edəcəkdir.
Nəzakət
Səs.- 2009.- 5 fevral.- S. 12.