İlham Əliyev: "Enerji məsələləri xalqları birləşdirməlidir"

 

NABUKKO ƏMƏKDAŞLIĞA DƏVƏT EDİR

 

Bu yaxınlarda Rusiya ilə Ukrayna arasında baş vermiş "qaz müharibəsi" nəticəsində Rusiyadan Mərkəzi və Cənub-Şərqi Avropaya qaz satışının bir neçə həftə dayandırılması, bununla da Aİ ölkələrinə təqribən 2-3 milyard dollar dəyərində iqtisadi zərər vurulması Avropanın enerji təhlükəsizliyi haqqında, o cümlədən Nabukko layihəsini həyata keçirməyin zəruri olması barədə diskussiyanı xeyli fəallaşdırmışdır.

Layihənin iştirakçısı olan beş ölkənin hökumətlərinin, habelə Nabukko transmilli konsorsiumuna daxil olan altı qaz və neft-qaz şirkətinin (OMV (Avstriya), MOL (Macarıstan), "Bulgarqaz" (Bolqarıstan), "Transqaz" (Rumıniya), BOTAŞ (Türkiyə) və RWE (Almaniya)) yüksək səviyyəli nümayəndə heyətlərinin Budapeştdə keçirilmiş enerji sammiti bu "müharibəyə" yekun vurmuş, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş prioritetləri müəyyənləşdirmişdir. Fransanın "Qaz de Frans" şirkəti də konsorsiuma qoşulmaq niyyətində olduğunu bildirmişdir.

Sammitin işində Azərbaycan Prezidenti İlham Əliyev də iştirak etmişdir.

Qeyd etmək lazımdır ki, bir sıra ekspertlər bu qaz layihəsinin həyata keçirilməsi perspektivlərinə çox şübhə ilə yanaşırdılar. İndiki halda rusiyalı analitiklərin də bəziləri müəyyən səbəblər üzündən həmin layihənin əleyhinədirlər. Lakin yaxın keçmişdə kifayət qədər sanballı hesab edilən əks dəlillər indi öz aktuallığını itirmişdir, çünki dəyişmiş reallıqlar məsələnin mahiyyətinə ciddi düzəlişlər etmişdir. "Soyuq müharibə" dövrünə xas olan "kim bizimlə deyilsə, o, bizim əleyhimizədir" prinsipi indi artıq yaramır. Dünya çox dəyişib və yəqin ki, bu dəyişiklik uzunmüddətlidir. Əvvəllər mövcud olan stereotiplərdən xeyli uzaqlaşmış Avropa ona əl uzadanların hamısı ilə əməkdaşlıq etmək istəyir. Avropa öz yerində, hətta əvvəllər İranın bu layihədə iştirak etməsi fikrini yaxın buraxmayan ABŞ da indi öz mövqeyinə yenidən nəzər salmağa meyillidir.

Rusiya da istəsə, Nabukko layihəsində iştirak edə bilər. Hər halda, bu layihə Rusiya qazının satışı üçün təhlükə mənbəyi olmayacaq. "Şimal axını" layihəsinin reallaşması da hələ tam aydın deyil, çünki Rusiyadan Avropaya qaz kəmərinin Estoniya, Latviya, Litva və Polşa ərazisindən çəkilməsini nəzərdə tutan "Amber" layihəsində israrlı olan Polşa, habelə ekoloji mülahizələri əsas tutan Norveç "Şimal axını"nın əleyhinədir. "Nezavisimaya qazeta"nın yazdığı kimi, hətta Avropa İttifaqını qaz kəmərlərinin çəkilməsi barədə Avropanın üç layihəsinin hamısını dəstəkləməyə çağırmış Almaniya kansleri Angela Merkel də "Şimal axını" layihəsinin əleyhdarlarını öz mövqelərindən döndərə bilməmişdir.

Nabukko layihəsinə gəldikdə isə, həmin Budapeşt sammitində Çexiyanın Baş naziri Mirek Topolanekin dediyi kimi, layihə Rusiyaya qarşı yönəlməmişdir. Elə Rusiya rəsmiləri də bildirmişlər ki, onlar ümumiyyətlə bu layihənin əleyhinə deyillər. Bununla əlaqədar, qeyd etmək lazımdır ki, Avropa "Cənub axını" layihəsinin reallaşdırılması imkanını da nəzərdən keçirir.

Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski hesab edir ki, Rusiya çox mühüm tərəfdaşdır, yaxın qonşumuz olan bu ölkənin çox böyük potensialı, zəngin enerji ehtiyatları var. Lakin bu yaxınlarda baş vermiş qaz böhranından avropalıların aldığı ibrət dərsi göstərir ki, gələcəkdə özlərinin təhlükəsizliyini təmin etmək üçün dünyanın başqa regionlarından, məsələn Azərbaycandan və Türkmənistandan neft və qaz almaq məsləhətdir. Səfir demişdir: "Mən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum boru kəmərlərinin işini müşahidə edirəm və bilirəm ki, Azərbaycanın öz öhdəliklərini yerinə yetirmədiyini göstərən heç bir problem olmamışdır. Əksinə, Azərbaycan bütün başqa ölkələrlə və şirkətlərlə imzalanmış müqavilələri yerinə yetirir, bununla da çox yaxşı nümunə göstərir".

Qlobal enerji layihələri, boru kəmərləri şəbəkəsinin yaradılması, habelə potensial enerji ehtiyatları sayəsində Azərbaycan tranzit ölkədən neft və qaz ixrac edən, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Budapeşt sammitində demişdir: "Azərbaycanın nəhəng qaz ehtiyatlarını nəzərə alsaq, - minimum hesablamalara görə, onun həcmi 2 trilyon kubmetr səviyyəsindədir, - bu sərvətimiz gələn onilliklər, yüz il ərzində bizim üçün kifayət edəcəkdir... Bizim enerji siyasətimiz və fəlsəfəmiz ondan ibarətdir ki, enerji məsələləri xalqları ayırmalı deyil, birləşdirməlidir. Enerji məsələləri siyasi təzyiq və şantaj aləti kimi istifadə edilməli deyildir. Bizim siyasətimiz, təcrübəmiz və Azərbaycan tərəfindən atılmış praktik addımlar, - əminəm ki, istehlakçılarımız və tranzit ölkələr bunu etiraf edə bilər, - göstərir ki, tərəfdaşlığa və dərhal maliyyə nəticələrinə yönəlmiş siyasət bir çox uğurlar gətirəcəkdir".

Prezident bu layihənin irəlilədilməsi üçün nə mümkündürsə ediləcəyinə söz vermişdir.

Boru kəmərini doldurmaq üçün zəruri olan qazın miqdarı məsələsinə gəldikdə, opponentlərimizi kədərləndirməli olacağıq: bu problemi həll etmək üçün Türkmənistanın və Azərbaycanın qaz ehtiyatları kifayət qədərdir, bundan əlavə, İran və Misir də layihədə iştirak etmək istədiyini bildirmişdir. Yəqin ki, İraq da bu fikrə şərik olacaqdır. Bizə belə gəlir ki, layihənin maliyyələşdirilməsi ilə bağlı problemlər də olmayacaq, çünki Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun sözlərinə görə, "AYİB Nabukko qaz kəmərinin tikintisi layihəsinin maliyyələşdirilməsi imkanını nəzərdən keçirməyə hazırdır". Avropa İnvestisiya Bankı da bu layihə üçün kredit ayıracaqdır. Avropa Komissiyasının sədri Joze Manuel Barrozu da layihəni dəstəkləmək arzusunda olduğunu bildirmişdir. Budapeşt sammitinin ilkin yekunları belədir.

 

 

NAİB NİFTƏLİYEV

 

Səs.- 2009.- 6 fevral.- S.2.