ANQOLA AZƏRBAYCANLA MÜNASİBƏTLƏRİN
İNKİŞAFINDA MARAQLIDIR
Azərbaycanın Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən
bildirmişlər ki, nazir Elmar Məmmədyarov Anqolanın Azərbaycanda
yeni təyin edilmiş səfiri Samuel Titu Armandonu ilə
görüşmüşdür. Səfir etimadnamələrinin
surətini nazirə təqdim etmişdir.
Görüşdə Azərbaycan-Anqola
münasibətlərinin hazırkı vəziyyəti
müzakirə olunmuş, əlaqələrin inkişafı
istiqamətində görüləcək işlərə
dair fikir mübadiləsi aparılmışdır. Münasibətlərin
qarşılıqlı faydalı şəkildə
qurulmasının vacibliyini bildirən nazir E.Məmmədyarov,
ölkəmizin ərazi bütövlüyünün bərpa
edilməsinin Azərbaycanın xarici siyasətində ən
prioritet məsələ olduğunu
vurğulamışdır.
E.Məmmədyarov Azərbaycanın
işğal olunmuş ərazilərindəki vəziyyətlə
bağlı qətnamənin qəbulu ilə əlaqədar
BMT Baş Məclisində 2008-ci ilin martında
keçirilmiş səsvermədə Anqolanın qətnamənin
əleyhinə səs verməsinin ölkəmizdə təəccüb
doğurduğunu və bu faktın münasibətlərimizin
üzərinə kölgə saldığını
bildirmişdir.
Ölkəsinin həmin
qətnaməyə dair səsvermə zamanı tutduğu
mövqeyinin anlaşılmazlıqdan irəli gəldiyini deyən
səfir S.T.Armando bu faktın münasibətlərə xələl
gətirməməsi və əməkdaşlığın
inkişafı üçün müvafiq iş
aparacağına dair Anqola Prezidentindən tapşırıq
aldığını qeyd etmişdir.
Tərəflər bu məsələ
ilə bağlı hər iki ölkənin beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəliklərinin ətraflı məsləhətləşmələr
aparacağına dair razılığa gəlmişlər.
Anqola Prezidenti Æose
Eduardo duş Santuşun Azərbaycan Dövlət Neft
Akademiyasında təhsil aldığını, habelə
ötən il Bakıda keçirilmiş "Mədəniyyətlərarası
dialoqda qadınların rolunun genişləndirilməsi"
mövzusunda beynəlxalq forumda iştirak etmiş Anqolanın
birinci xanımı Ana Paula duş Santuşun Azərbaycandan
gözəl xatirələrlə qayıtdığını
bildirən səfir, ölkəsinin Azərbaycanla münasibətlərin
inkişafında maraqlı olduğunu
vurğulamışdır.
Görüşdə, həmçinin
ölkələrimiz arasında enerji və təhsil sahələrində,
o cümlədən neft mühəndisi kadrlarının
hazırlanması üzrə əməkdaşlıqla əlaqədar
fikir mübadiləsi aparılmışdır.
NAİB
Səs.- 2009.- 6 fevral.- S. 4.