PARLAMENTLƏRİN KORRUPSİYA ƏLEYHİNƏ
QLOBAL TƏŞKİLATININ...
...CƏNUBİ QAFQAZ ÜZRƏ ŞƏBƏKƏSİ
TƏSİS EDİLİB
Bakıda Parlamentlərin
Korrupsiya Əleyhinə Qlobal Təşkilatının (GOPAC) Cənubi
Qafqaz üzrə şəbəkəsi təsis edilmişdir.
Şəbəkə korrupsiyaya qarşı mübarizə sahəsində
parlamentlərin təcrübə mübadiləsi
aparmasına, qanunvericilik sisteminin daha da təkmilləşməsinə,
dövlətin bu sahədəki fəaliyyətinə dəstək
verəcəkdir.
Bu fikir məsələ
ilə əlaqədar fevralın 5-də Milli Məclisdə
keçirilmiş mətbuat konfransında səslənmişdir.
Milli Məclisin hüquq
siyasəti və dövlət quruculuğu məsələləri
daimi komissiyasının sədri Əli Hüseynov
bildirmişdir ki, şəbəkənin təsis
yığıncağında Gürcüstan parlamentinin
deputatları da iştirak etmişlər. Yaxın günlərdə
qeydiyyatdan keçmək üçün sənədlər Ədliyyə
Nazirliyinə təqdim olunacaqdır.
Ə.Hüseynov
demişdir ki, 2002-ci ildə Kanadanın Ottava şəhərində
yaradılan təşkilatın ötən il Küveytdə
keçirilmiş 3-cü konfransında Cənubi Qafqaz üzrə
şəbəkənin məhz Azərbaycanda yaradılması
barədə qərar qəbul edilmişdir. Bundan sonra məsələ
ilə bağlı Azərbaycan və Gürcüstan
deputatları görüşərək bir sıra tədbirlər
həyata keçirmişlər.
Komissiya sədrinin
dediyinə görə, şəbəkə açıq
olacaq, dünyanın nüfuzlu təşkilatları ilə
sıx əməkdaşlıq edəcəkdir.
Şəbəkənin
təsisçilərindən biri olan Gürcüstan
parlamentinin hüquq komissiyasının sədri Pavle
Kublaşvili demişdir ki, yeni əməkdaşlıq bu sahədə
fəaliyyətin səmərəsini artırmaqla korrupsiya və
rüşvətxorluqla mübarizə işinə
yaxşı fayda gətirəcəkdir. Qonaq
vurğulamışdır ki, Azərbaycanın sürətli
inkişafı bizi sevindirir. Gürcüstana inkişaf
etmiş, güclü qonşu dövlət lazımdır. Ölkələrimiz
arasında dərin dostluq münasibətləri vardır və
bu dostluq Cənubi Qafqazda sülhün təminatıdır. Bu
isə çox mühüm məsələdir.
P.Kublaşvili demişdir
ki, korrupsiyaya qarşı qlobal mübarizə sahəsində əməkdaşlıq
vacibdir. Hər iki ölkənin beynəlxalq təcrübə
mübadiləsi aparması üçün yaxşı
qanunvericilik bazası vardır.
Konfransda qeyd
olunmuşdur ki, son illər Azərbaycanda və
Gürcüstanda korrupsiyaya qarşı mübarizə sahəsində
milli qanunvericiliyin möhkəmləndirilməsi üzrə
xeyli iş görülmüşdür. Cənubi Qafqaz şəbəkəsi
inkişaf etmiş ölkələrlə təcrübə
mübadiləsi aparmaqla yanaşı, yeni layihələr də
hazırlayıb həyata keçirəcəkdir.
Sonra jurnalistləri maraqlandıran
suallar cavablandırılmışdır.
Konfransda Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədr müavini Çingiz Əsədullayev,
deputat Fuad Muradov, Gürcüstan parlamentinin maliyyə komissiyasının sədr
müavini Laşa Tordia iştirak etmişlər.
NAİB
Səs.- 2009.- 6 fevral.- S. 4.