Azərbaycanda insan hüquq və azadlıqları yüksək
səviyyədə təmin
olunur
Rəbiyyət Aslanova: "Cənubi Qafqazda olan
dövlətlər içərisində ən demokratik
prinsiplərə söykənən və bu prinsiplərin təmin
olunmasını ali dövlət məqsədi hesab edən bir
dövlət varsa, o da Azərbaycandır"
Azərbaycan
Respublikası müstəqillik qazandığı dövrdən
indiyə kimi insan hüquq və azadlıqlarının təmin
olunmasında çox böyük addımlar
atmışdır. Belə ki, Konstitusiyamızın maddələrinin
təxminən yarıdan çoxu insan hüquq və
azadlıqlarını əhatə edir. Bundan başqa, dövlət
tərəfindən də bu sahədə bir çox əməli
tədbirlər həyata keçirilib. O cümlədən,
Milli Məclisdə İnsan hüquqları daimi
komissiyasının, Ombudsman aparatının
yaradılmasını misal göstərmək olar. Azərbaycan
üzv olduğu beynəlxalq təşkilatların da bu sahədə
onun üzərinə qoyduğu öhdəlikləri layiqincə
yerinə yetirir. Belə təşkilatlardan biri olan BMT-nin
İnsan hüquqları şurasının bu gün Cenevrədə
toplantısı keçiriləcək. Azərbaycanın bu və
digər beynəlxalq təşkilatlarda insan hüquqlarının
təmin olunması ilə bağlı götürdüyü
öhdəliklər və ümumiyyətlə, ölkədə
insan hüquq və azadlıqları sahəsində
görülən tədbirlər və onların nəticələri
barədə Milli Məclisin İnsan Hüquqları daimi
komissiyasının sədri Rəbiyyət Aslanovanın fikirlərini
öyrəndik.
- Rəbiyyət
xanım, bildiyiniz kimi, fevralın 6-da Cenevrədə BMT-nin
İnsan hüquqları şurasının toplantısı
keçiriləcək. Bu toplantıdan Azərbaycan
üçün nə gözləmək olar və ümumiyyətlə,
Azərbaycanın bu təşkilat qarşısında
götürdüyü öhdəliklər nə dərəcədə
yerinə yetirilir?
- Demokratik Vətəndaş
Cəmiyyəti quruculuğu yolu seçmiş dövlətimiz
insan hüquqlarının, azadlıqlarının qorunması
və təmin olunması sahəsində bütün öhdəlikləri
uğurla yerinə yetirən bir dövlətdir. Azərbaycanda
bu illər ərzində insan haqlarının təmin
olunması yolunda atılan addımlar, milli qanunvericilikdə bu
sahədə qəbul edilmiş qanunlar bir daha onu sübut edir
ki, biz bu prinsipləri çox yüksək tutan və bu
prinsiplərin gerçəkləşməsində maraqlı
olan bir dövlətik. Sözsüz ki, bu, artıq beynəlxalq
təşkilatların da diqqət mərkəzindədir və
Azərbaycanın məhz belə bir beynəlxalq qurumda bu məsələ
ilə əlaqədar olaraq gündəmə gətirilməsi
onu göstərir ki, ölkədə baş verən
bütün bu prosesləri, xüsusilə, demokratik
inkişafı, tendensiyanı həmişə müsbət qiymətləndiriblər.
Mən hesab edirəm ki,
bu gün Azərbaycandakı demokratik islahatların nəticələri,
bu demokratik islahatların dünyada baş verən demokratik
inkişafla həmahəngliyi Azərbaycan üçün
çox uğurludur və beynəlxalq təşkilatlarda bunu
çox yüksək qiymətləndirəcəklər. İstər
ATƏT-də, istər Avropa Şurasında, istərsə də,
Avropa Birliyində bununla bağlı istənilən qərarların
və yaxud tövsiyələrin, göstərişlərin Azərbaycan
tərəfindən həmişə böyük hörmətlə
qəbul olunması və Azərbaycan cəmiyyətinin, Azərbaycan
dövlətinin öz inkişafında bunları rəhbər
tutması gerçəklikdir, reallıqdır. Hesab edirəm
ki, Cenevrədə olacaq toplantı zamanı da bütün
bunlar gündəmə gələcək. Çünki bu
gün Azərbaycanda baş verən bütün
islahatların hər birinin təməl prinsipi, əsası və
uğurların təməli Azərbaycana gələn
demokratik islahatların uğurudur və Azərbaycan vətədaşının
siyasi mədəniyyətinin yüksəlişidir, dövlət,
cəmiyyət münasibətlərində əldə etdiyi
uğurlardır. Mən hesab edirəm ki, onlar bunu qəbul edəcəklər
və bunu etiraf etməlidirlər. Çünki bütün Cənubi
Qafqazda olan dövlətlər içərisində ən
demokratik prinsiplərə söykənən və bu prinsipləri
gerçəkləşdirən, Konstitusiyamızın
müddəalarında olan bütün yüksək sivil
prinsiplərin təmin olunmasını ali dövlət məqsədi
sayan bir dövlət varsa, o da Azərbaycandır. Təkcə
qonşu dövlətlərlə müqayisəli təhlil
aparmaq kifayətdir ki, Azərbaycanın Avropanın
böyük hüquq məkanına tam bərabərhüquqlu
üzvü olaraq öz üzərinə düşən
öhdəlikləri nə qədər məsuliyyətlə
və səmərəli şəkildə yerinə yetirdiyini
görəsən.
- AŞPA-nın son
iclasında Azərbaycanda siyasi məhbuslar üzrə
xüsusi məruzəçi təyin edilməsi qərarını
verməsi, bu qurumun ölkəmizə qarşı ədalətsiz
mövqe tutması kimi qiymətləndirmək olarmı?
- AŞPA-nın son
iclasında olan hadisə beynəlxalq təşkilat kimi Avropa
Şurasının nüfuzuna xələl gətirən bir məsələdir.
Bayaq dediyim kimi, beynəlxalq ekspertlərin müqayisəsi
kifayət edər ki, Azərbaycanı başqa respublikalarla
eyniləşdirməsinlər. Çünki o respublikalarda
baş verənlər, oradakı anti-demokratik məqamlar
göz qabağındadır. Yəni, digər Cənubi Qafqaz
ölkələrini Azərbaycanla qətiyyən eyniləşdirmək
olmaz. Azərbaycan özününiqtisadi, sosial, siyasi, mədəni
inkişafına görə, demokratik islahatların olmasına
görə bu gün, doğurdan da, Avropanın ən
aparıcı dövlətləri ilə müqayisə olunan
bir dövlətdir.
Mən çox təəssüf
edirəm ki, bu gün Azərbaycanda, Azərbaycanın
böyük inkişafında nöqsanlar axtarmağa
çalışan, Azərbaycanda olmayan "siyasi məhbus"
məsələsini yenidən gündəmə gətirən
bir qurum, Ermənistanda baş verən hadisələrə
göz yumur və Ermənistanda həbs olunmuş dövlət
məmurlarını, deputatları siyasi məhbus
adlandırmır. Onları yalnız həbsə məhkum
olunmuş insanlar kimi qələmə verir. Sözsüz ki,
biz bu barədə dəfələrlə demişik və istəməzdik
ki, beynəlxalq təşkilatlar öz üzv dövlətlərinə
ikili standartlar baxımından yanaşsınlar. Bu yolverilməz
bir haldır. Əgə böyük bir hüquq məkanı
formalaşırsa, əgər hər birimiz həmin beynəlxalq
təşkilatın bərabərhüquqlu üzvüyüksə,
deməli o hüquqlardan da bərabər bəhrələnməliyik.
Belə olan təqdirdə, kimlərəsə, daha doğru
desək, Ermənistanda olan hadisələrə göz yumaraq,
orada olan bütün çatışmazlıqlara, neqativ
hallara müsbət don geyindirməyə çalışaraq,
Azərbaycanda olmayan bir problemi yaratmaq arzusunda olmaq beynəlxalq
təşkilatın təməl prinsiplərinə zidd olan bir
mövqedir. Bu baxımdan, mən bunu çox mənfi bir hal
kimi qiymətləndirirəm. Həm də ona görə, mənfi
hal kimi qiymətləndirirəm ki, Azərbaycan dünyaya
inteqrasiya olunan bir dövlətdir. İstər iqtisadi
strukturlarda, istər hüquq, informasiya və s. bütün bu
inteqrasiya növlərində həmişə öndə gedən,
dünyaya açıq olan bir dövlətdir. Azərbaycana gələn
ekspertlər özləri bunu görür. Avropa
Şurasının ekspertləri də Azərbaycanda hər
bir prosesi bu cür diqqətlə izləməsinə
baxmayaraq, son nəticədə bu cür fikirləri dilə gətirmək
və Azərbaycan adlı demokratik məmləkətə
tamamilə başqa mövqedən yanaşılması qətiyyən
düzgün deyil və bir daha bildirmək istəyirəm ki,
bu, yalnız və yalnız həmin qurumun nüfuzuna xələl
gətirən bir məsələdir.
Bilirsiniz, bu gün beynəlxalq
qurumların Avropa siyasi arxitekturasında mövqeyinə yenidən
baxılır. Məsələn, bir neçə gündən
sonra biz ATƏT-in parlament assambleyasında iştirak edəcəyik.
Orada gündəmə gələn əsas problemlərdən
biri Avropa arxitekturasında, beynəlxalq qurumların, o cümlədən,
ATƏT-in yeri və roludur. Bu, təsadüfən meydana gəlmiş
bir fikir deyil. Artıq onların özləri başa
düşürlər ki, bu gün ciddi bir struktur, qurum olaraq
hadisələrin inkişafına təsir göstərmək
arzusundadırlarsa, deməli, özlərinin iş prinsiplərinə,
özlərinin ölkələrə münasibətlərinə
yenidən baxmalıdırlar. Yəni, artıq onlar özləri
də bunu anlayırlar ki, bu qurumların fəaliyyət istiqamətində
əhəmiyyətli dəyişikliklər edilməlidir. Əks-təqdirdə,
bu qurumun gələcək taleyi şübhə altına
düşür. Yəni, öz üzv dövlətlərinə
eyni rakursdan baxılmayacaqsa, fərqli mövqelər ortaya
qoyulacaqsa, birinin başını tumarlayıb, digərinə
qarşı kəskin mövqedə olacaqlarsa, bu, demokratik bərabərlik
prinsiplərinə ziddir. Əgər belə olarsa, insan
hüquqları, əməkdaşlıq, təhlükəsizlik
prinsiplərini rəhbər tutan belə qurumlara kim inanar və
kim gələcəkdə belə təşkilatların
üzvü olmaq istəyər. Ona görə də, biz öz
hüququmuzu tələb edirik. Biz hesab edirik ki, avropalı
ekspertlər öz münasibətlərini dəyişdirməlidirlər.
Yəni, ağa ağ, qaraya qara deməyi bacarmalıdırlar.
Siyasətin ən böyük təməli əxlaqdır,
yüksək mənəvi prinsiplərdir, həqiqət,
düzgünlük prinsipləridir. Bu prinsiplər olmasa,
sözsüz ki, demokratiyanın əsas prinsipləri və bu
qurumların fəaliyyəti şübhə altına
düşər.
- Siyasi məhbuslar üzrə
məruzəçinin təyin edilməsini ölkəmizə
qarşı təzyiq kimi qəbul etmək olarmı?
- Bütün bu qərarları
Azərbaycana təzyiq kimi qiymətləndirmək uzun illər
bundan qabaq ola bilərdi. Azərbaycan yenicə müstəqillik
qazanmış bir dövlət idi. Demokratiya yolunda addım-addım
irəliləyirdi. Bəlkə də o vaxtkı təəssüratlar,
o vaxtkı stereotiplər yenə də qalmaqda davam edir. Ancaq
bu, belə deyil. Zaman dəyişib. Zamanla bərabər Azərbaycanın
mövqeyi onun - beynəlxalq əməkdaşlıqda yeri və
rolu dəyişib. Buna görə də, onlar bugünkü
gerçəklikləri nəzərə almalıdırlar.
Anlamalıdırlar ki, belə şeylər artıq Azərbaycana
təzyiq vasitəsi ola bilməz və olmamalıdır. Buna nə
Azərbaycan dövlətinin başçısı möhtərəm
Prezident İlham Əliyevin siyasəti, nə də Azərbaycan
vətəndaşlarının öz dövlətlərinə,
Prezidentlərinə sədaqəti imkan verməz. Bu
baxımdan, kifayət qədər qüdrətli dövlət
olan və hətta Avropanın taleyində, enerji təhlükəsizliyində
mühüm rol oynayan Azərbaycana bu cür təzyiqlər
tamamilə yersizdir və absurddur. Ancaq biz yenə də hesab edirik
ki, beynəlxalq qurumlarla əməkdaşlıq etməliyik,
onları inandırmalıyıq. Belə hesab edirəm ki, bu, ən
düzgün yoldur. Yəni, biz əməkdaşlığın
daha sivil yollarla inkişaf etdirilməsinin bariz nümunəsi
olan bir dövlətik. Dünyada bütün konfliktlərin
sülh yolu ilə aradan qaldırılması prinsipini rəhbər
tuturuqsa, deməli, hesab edirik ki, Avropa Şurası ilə Azərbaycan
arasında olan hər hansı bir çətinliyin,
qeyri-müəyyənliyin aradan qaldırılması
üçün Azərbaycanın kifayət qədər
güclü diplomatiyası və mövqeyi var. Bunu nəzərə
alaraq, biz belə hesab edirik ki, buna nail olacağıq. Avropa
gec-tez anlayacaq ki, Azərbaycanla yalnız və yalnız bir
dildə-bərabərlik hüququ, bu hüquqlara hörmət
və Azərbaycanın maraq və mənafelərini nəzərə
alaraq danışmaq olar.
- Belə iddia olunur ki,
guya Azərbaycanda söz və mətbuat azadlığı
sahəsində də problemlər var. Bu, doğrudandamı belədir?
- İddialar çox ola
bilər. Əsas gerçəklikdir. Azərbaycanda söz və
mətbuat azadlığının mövcud olması Azərbaycan
Respublikasının Konstitusiyası ilə təsbit olunur. Bu
isə bizim əsas qanunumuzdur. Bundan başqa bu sahə ilə əlaqədar
digər qanunlarımız da var. Söhbət ondan gedir ki, Azərbaycanı
kim necə görmək istəyir. Azərbaycanı bu gün
o cür görmək istəyən insanlara bizim
cavabımız bugünkü reallıq və gerçəklikdir,
Azərbaycanda olan söz və mətbuat
azadlığıdır, mətbu orqanların fəaliyyətidir.
Bütün bunları nəzərə almadan Azərbaycan
haqqında onların konkret fikir söyləməsi absurddur.
Murad İSMAYILZADƏ
Səs.- 2009.- 6 fevral.- S. 5.