Azərbaycanın 2010-2012-ci illərə dair sosial-iqtisadi inkişaf göstəriciləri hazırlanır

 

Yeni konsepsiyada ölkəmizin valyuta gəlirlərinin artması ilə bağlı proqnozlar da öz əksini tapıb

 

İqtisadi İnkişaf Nazirliyi respublikamızın qarşıdakı üç il ərzində sosial-iqtisadi inkişafına dair makroiqtisadi parametrlərin hazırlanmasına başlayıb. Nazirlik iqtisadi, sosial, maliyyə, investisiya bölmələrində müvafiq indiqatorları ümumiləşdirərək proqnozlara əsasən ölkəmizin bu illərdəki ümumi inkişaf ssenarisini müəyyənləşdirəcək.

Yeni inkişaf konsepsiyasında qloballaşmanın dərin xarakter aldığı dövrdə sosial-iqtisadi inkişafın davamlılığını təmin etmək, dünya iqtisadiyyatına inteqrasiyanın dərinləşməsi fonunda ölkənin sosial-iqtisadi təhlükəsizliyini qorunmaq başlıca şərtlərdən hesab olunur. Makroiqtisadi konsepsiya respublikanın iqtisadi siyasətinin hədəflərini əhatə etməklə ölkədə demokratik cəmiyyət və liberal bazar iqtisadiyyatı quruculuğu istiqamətində islahatların dərinləşməsinə baza yaradan sənəd hesab olunur.

İİN hesab edir ki, Azərbaycan sosial-iqtisadi inkişafının davamlılığını təmin edən dövlət kimi irimiqyaslı proqramlar və digər iqtisadi siyasət tədbirləri həyata keçirərək dünya iqtisadiyyatına, trans-nəqliyyat və telekommunikasiya-iqtisadi sisteminə şəbəkəsinə inteqrasiyanı dərinləşdirib. Aparılan məqsədyönlü və ardıcıl siyasət respublikamızın Avropa və Asiya, Şərq və Qərb, Şimal və Cənub arasında körpü rolunu oynayır. Azərbaycanın geostrateji və geosiyasi nüfuzunun dərinləşməsi nəqliyyat-kommunikasiya və enerji marşrutlarının qovuşuğunda yerini möhkəmlədəcək, Asiya və Avropa qitələri arasında əsas tranzit dəhlizinə çevrilməsi istiqamətində layihələrin tam həyata keçirilməsinə səbəb olacaq.

İİN-nin hazırladığı davamlı inkişaf konsepsiyasının əsas istiqamətləri bazar iqtisadiyyatına, özəl sektora əsaslanan dayanıqlı və dinamik inkişafı nəzərdə tutur. Bu inkişafın hədəfləri neft və qeyri-neft sektorları arasında optimal nisbətlərini müəyyənləşdirmək və tarazlığı təmin etmək, qeyri-neft sektorunun tarazlı inkişafına və onun ixrac potensialının reallaşdırılmasına nail olmaqdan ibarətdir. Qeyri-neft sektoru yaxın illər üçün iqtisadiyyatın aparıcı sahəsi olmaqla ümumi daxili məhsul istehsalında və əhalinin məşğulluğunda aparıcı yeri tutacaq. Qeyri-neft sektorunda prioritetlərdən biri sənaye şəhərciyinin yaradılması və xüsusi iqtisadi zonaların fəaliyyətə başlamasıdır. İnformasiya və innovasiya texnologiyasının tətbiq edilməsi yeni sənaye siyasətinin tərkib hissəsi olacaq.

İİN-nin hazırladığı üçillik sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qeyri-neft sektorunda məhsul istehsalı həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə mühüm yer tutacaq. 2010-2012-ci illərdə makroiqtisadi siyasətin əsas məqsədi əldə edilmiş makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın dəstəklənməsindən ibarət olacaq. Azərbaycan dünya bazarlarına çıxarılan məhsulların rəqabət qabiliyyətliliyinə görə, fərqli bir ölkə olacaq. Bu isə ölkəmizin ixrac imkanlarının genişlənməsi ilə yanaşı, valyuta axınının yeni bölməsinin formalaşması demək olacaq. Təbii ki, burada kənd təsərrüfatı və rabitə-kommunikasiyaları texnologiyaları başlıca yer tutacaq. Bu sırada Prezident İlham Əliyevin imzaladığı 2008-2015-ci illəri əhatə edən ərzaq təhlükəsizliyinə dair Dövlət Proqramı müstəsna əhəmiyyət kəsb edən sənəd kimi qiymətləndirilir.

Makroiqtisadi ssenarilərə əsasən, 2010-2012-ci illərdə sosial siyasətin gücləndirilməsi dövlətin başlıca məqsədlərindən biri olacaq. Şəhid ailələrinə, müharibə əlilləri ailələrinə, Çernobıl əlilləri ailələrin, müddətli hərbi qulluqçu ailələrinə, fərdi təqaüdlərin, Milli Qəhrəmanların ailələrinə, 20 yanvar və digər kateqoriyadan olan şəhidlərin ailələrinə, müharibə veteranlarına təqaüd və müavinətlərin verilməsinin artırılaraq yaşayış ehtiyacının tamamilə ödənilməsi prioritetlərdən olacaq. Bundan başqa, büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əməkhaqlarının artırılması, sosial ədalətsizliyin aradan qaldırılması, minimum əməkhaqqının yaşayış minimumu səviyyəsinə çatdırılması nəzərdə tutulur. Ünvanlı sosial yardım siyasətinin də dərinləşdirilməsi bu plana daxildir və əsas məqsədi ölkədə yoxsulluğun azaldılması və tədricən aradan qaldırılmasından ibarət olacaq.

İİN-in proqnozlarına görə, 2010-2012-ci illərdə ölkəmizin valyuta gəlirləri də kəskin şəkildə artacaq. Valyuta ehtiyatlarının əsasını neft gəlirləri ilə yanaşı, qeyri-neft sahəsi təşkil edəcək. Həmin bölmələrin aparıcı sahələri hesab olunan kənd təsərrüfatı, informasiya texnologiyaları, turizm, sənaye sektorlarından əldə olunan gəlirlərin xüsusi çəkisinin yüksəlməsi, milli məhsulun və strateji valyuta ehtiyatların artmasına əsaslı təməl yaradacaq.

 

 

A.QULİYEVA

 

Səs.- 2009.- 6 fevral.- S. 7.