"Bakı komissarları"nın sayının 26 olması ilə bağlı heç bir tarixi sənəd mövcud deyil

 

Boran Əziz: "Qafqazda bir erməni dövlətinin yaradılması komissarlara və Stepan Şaumyana həvalə olunmuşdu"

 

"26-lar" - Bakı komissarlarının gündəmə gəlməsi təəssüf ki, son dövrlərdə yenidən aktuallaşıbdır. Bu məsələnin yenidən aktuallaşması "26-lar"ın taleyinin daha dəqiq araşdırılması və strateji tərəflərinin üzə çıxarılması baxımından olsaydı, adam bunu yalnız alqışlayardı. Çox təəssüf ki, Rusiya mətbuatında xalqımızın qəddar düşməni Stepan Şaumyanın qızının hay-küy salması, bir sıra kommunist meyilli şəxslərin yenidən "26-lar"ın tarixini təhrif etməsi onlara bir daha müraciət etmək zərurətini yaradıb. Digər tərəfdən Azərbaycan hökuməti çox haqlı olaraq son dövrlərdə paytaxtımızda böyük quruculuq-abadlıq işləri aparır və bu abadlıq işlərinin bir istiqaməti yer və şəhər adlarının Azərbaycan xalqına yad olan ünsürlərdən təmizlənməsidirsə, digər istiqamət parklarda abidələrin yeniləşdirilməsidir. Bu yöndə də çox haqlı olaraq Azərbaycan xalqının qatı düşməni olan "26-lar"a vaxtilə ucaldılmış abidənin sökülməsi və onun müasirləşməsi millətimizə daha uyğun olan bir məsələnin yerinə yetirilməsidir. Bu cəhətdən həmin abidənin təmiri zamanı "26-lar"ın fəaliyyətinə yenidən nəzər salmaq zərurəti meydana gəlmişdir. Bu məqsədlə Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Boran Əzizin "26 Bakı komissarları"nın fəaliyyətinə dair mövqeyini öyrəndik. B.Əziz, ilk növbədə, qeyd etdi ki, "26-lar"ın, və "Bakı komissarları"nın, ümumiyyətlə, "Bakı komunası"nın meydana gəlməsi, özlüyünda Azərbaycan xalqının milli mənafeyinə zidd idi. Təəssüf olsun ki, bəzi insanlar tarixçilər, politoloqlar, publisistlər qeyd edirlər ki, guya əgər "26-lar"ın fəaliyyətində milli məsələ düzgün həll edilsəydi, onlar daha uzun müddətə öz fəaliyyətlərini davam etdirə bilərdilər.

 

 

"26-LAR"IN BAŞLICA MƏQSƏDİ AZƏRBAYCANI RUSİYANIN ƏSAS QUBERNİYALARINDAN BİRİNƏ ÇEVİRMƏK İDİ

 

Məsələnin əsas tərəfi budur ki, bütövlükdə "26 Bakı xalq komissarları" sovetinin meydana gəlməs,i elə Azərbaycan xalqının milli mənafeyi ilə daban-dabana ziddiyyət təşkil edirdi. Ona görə ki, "26-lar"ın başlaca məqsədi Azərbaycanı Rusiyanın əsas quberniyalarından birinə çevirmək idi. Onlar hər vasitə ilə Azərbaycanın müstəqilliyinin əleyhinə çıxırdılar. Məsələn, "Bakı komunası"nın rəhbərlərindən olan S.Şaumyan açıq şəkildə bildirirdi ki, siz Azərbaycanın muxtariyyəti əvəzinə, onun yalnız xarabazarlıqlarına rast gələ bilərsiniz. Sonralar da Moskvaya, həm Rusiya xalq komissarları sovetinin sədri V.Leninə, həm də İ.Stalinə vurduqları teleqramlarda çox açıq şəkildə bildirirdilər ki, əgər müsavatçılar Bakıda qalib gəlsələr, onlar Bakını Azərbaycanın paytaxtına çevirə bilərlər. Beləliklə , Azərbaycanın Rusiyadan ayrılması zərurətə çevrilər.

Onlar iddia edirdilər ki, guya bundan sonra müsavatçılar Azərbaycanda qeyri-müsəlmanların hamısını qırardılar. Yəni, bütün bunlar onu göstərir ki, onlar, ümumiyyətlə, Azərbaycana müxtariyyətin verilməsinə qarşı çıxırdılar. Halbuki V.Lenin Azərbaycana muxtariyyət verilməsinə qarşı çıxsa da, amma 1917-ci ilin dekabrında hətta S.Şaumyanı Qafqazın fövqəladə komissarı təyin etmişdilər və Qafqazda bir erməni dövləti yaradılması ona həvalə olunmuşdur. Ancaq həm Rusiya xalq komissarları soveti, həm də S.Şaumyan anlayırdı ki, Azərbaycan milli qüvvələrini məhv etməsə, Azərbaycanın Rusiyanın daxili quberniyalarından birinə çevirə bilməzlər. Bu səbəbdən də, 1918-ci ilin mart ayının 30-dan aprel ayının 2-nə qədər Bakı şəhərində xalqımıza qarşı də dəhşətli qətliamlar törətdilər və bu qətliamlar da Azərbaycanın tarixi ədəbiyyatına Mart Soyqırımı kimi daxil edilib. Onu da qeyd edim ki, 1918-ci ildə yaranan fövqəladə istintaq komissiyasının qərarı əsasında müəyyən olundu ki, Azərbaycan xalqına təkcə Bakı şəhərində deyil, Bakının quberniyalarında bir tərəfdən Quba, Xaçmaz, digər tərəfdən Şamaxı, Ağsu, Göyçay, Lənkəran, Qarabağ və Naxçıvan ərazilərində də xalqımıza qarşı soyqırım siyasəti həyata keçirilmişdir.

 

FÖVQƏLADƏ İSTİNTAQ KOMİSSİYASININ GƏLDİYİ NƏTİCƏYƏ GÖRƏ, AZƏRBAYCANDA MART SOYQIRIMININ GÜNAHKARLARI "BAKI KOMİSSARLARI" OLUB

 

1918-ci il sentyabrın 7-də fövqəladə istintaq komissiyasının qərarında "26-lar"ın hamısının deyil, amma o dövrdə sentyabr ayına qədər aparılan istintaqda 9 nəfərin adı bəlli oldu. Yəni, S.Şaumyan, Karzanov, Kaqanov, Çaparidze, Taftandiyan, Asipyan, Əmirov, Poluxin, Petrov və digərlərinin günahı olduğu göstərilir. Amma 1920-ci ilin əvvəllərində fövqəladə istintaq komissiyası həm "26 Bakı komissarları"nın, həm də digərlərinin Azərbaycan xalqına qarşı soyqırımda günahı tam sübuta yetirilmişdir. Bunlar onu göstərir ki, əslində, 1918-ci ilin, xüsusilə, mart-aprel aylarında "Bakı kommunasının" yaranması və Azərbaycan xalqına qarşı soyqırım siyasəti həyata keçirməsi tarixi faktlarla və sənədlərlə sübut olunmuşdur. Bu sənədlər hələ o dövrdə FİK tərəfindən yığılıb sistemləşdirilib və həmin vaxtda Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndələrinə göndərilmişdir. Azərbaycan nümayəndələri də 1918-ci ildə rus bolşeviklərinin və Bakıda olan erməni daşnaklarının birləşərək Azərbaycan xalqına qarşı dəhşətli soyqırım siyasəti həyata keçirmələri həmin sənədlərdə göstərilmişdir.

1918-ci ilin sentyabr ayında Azərbaycan Milli Hökuməti Qafqaz İslam Ordusunun köməkliyi ilə Bakını yadelli işğalçılardan azad etdi. Bakı mərkəzi diktaturadan - sentrokaspi adlanan diktaturadan azad edildikdən sonra, burada olan həm eser-menşevik daşnak qüvvələri, həm də ingilislər tələsik gəmi ilə Bakını tərk etdilər. O cümlədən də, "Bakı xalq komissarları" sovetinin üzvləri "Türkmən" gəmisinə minərək ingilislərin və eserlərin rəhbərliyi ilə Bakıdan qaçmalı oldular. Amma məsələnin əsil mahiyyəti ondan ibarət idi ki, onlar qaçarkən əvvəlcə Krasnovodskda məskunlaşmaq istədilər. Burada olan ingilislərin rəhbərlik etdiyi Zakaspi mərkəzi Xəzər hökuməti bolşevikləri həbs etdilər. Bundan sonra komissarları 1918-ci ilin sentyabr ayının 19-dan 20-ə keçən gecə güllələdilər və bu güllülənmə haqqında o dövrdə çoxlu materiallar yazılmışdı. Qeyd edim ki, bu materiallar xarici dövlətlərdə, həmçinin, Böyük Britaniyada da sonralar üzə çıxmışdı. Məhz bu adamların 1918-ci ilin sentyabr ayının 19-dan 20-ə keçən gecə öldürülməsi, o cümlədən, Moskvada çıxan son dövr mətbuatlarında, hələ 1928-ci ildə Rafqainzenin yazmış olduğu "Bakı kommunarları"nın və "Bakı komissarları"nın həbsi və öldürülməsi adlı əsərində və digər xarici ölkələrdə çıxan əsərlərdə də bu hadisə "kommunarların" öldürülməsi ilə bağlı yazılar dərc edilmişdir.

Onu da bildirim ki, 1990-cı illərdə də bu məsələ yenidən aktuallaşmışdır. 1990-1991-ci illərdə Azərbaycan mətbuatında bir daha bununla bağlı o dövrün mətbuat vasitələrində "Tarix", "7 gün", "Aydınlıq", "Molodyoj Azərbaycan"a və.s. qəzetlərdə "26-lar" və onların taleyi ilə bağlı yenidən bu məsələ indiki kimi aktuallaşdı. Xüsüsilə də, S.Şaumyanın "abidəsi"nin götürülməsi ərəfəsində bu məsələ ilə bağlı onların taleyi öldürülüb-öldürülməmələri, harada olmaları ilə bağlı fikirlər ortaya atıldı.

Əvvəla, qeyd edim ki, 1920-ci il aprel ayının 27-də Azərbaycan bolşevkilər tərəfindən işğal olunduqdan sonra qısa müddət ərzində "Bakı komissarları"nın öldürülməsi müəyyən olundu. Bundan sonra isə öldürülmüş adamların cəsədlərinin gətirilməsi ilə bağlı qərar qəbul edildi və 1920-ci ilin sentyabrında onların öldürülməsinin ikinci ildönümü münasibətilə tədbirlərdə "26-lar"ın cəsədləri Bakıya gətirildi. Eyni zamanda, bir məsələni də vurğulayım ki, "26 Bakı komissarları" sözünün, məfhumunun özü də kökündən səhv idi. Çünki "Bakı komissarları"nın sayının 26 olması ilə bağlı heç bir tarixi sənəd mövcud deyil. Burada ən konkret məqam o zamanlar Bakıda 12-13 komissarın olduğu məlumdur.

 

AĞCAQUM ÇÖLÜNDƏ ÖLDÜRÜLƏNLƏRİN DİGƏRİNİN DƏ "KOMİSSARLAR" ADI İLƏ ADLANDIRILMASI VƏ BUNLARIN, GUYA BAKIDA RƏHBƏR İŞLƏRDƏ OLMALARI FİKİRLƏRİ DOĞRU DEYİL

 

Bu tarixi sənədlərdə Bakıda "26 komissarın" olduğu sübut olunmayıb. Bir faktı da bildirim ki, burada elə adamlar var ki, onlar heç də komissar deyildilər. Məsələn, komissarların sırasında adı hallan T.Əmirov adı ilə tanınan şəxs, əslində, komissar deyildi. 1918-ci ilin mart-aprel aylarında Bakı qəzalarında, o cümlədən, Şamaxı, Quba qəzalarında Azərbaycan xalqına qarşı soyqırımın həyata keçirilməsində T.Əmirov yaxından iştirak etmişdi. 1918-ci ilin sentyabr ayında T.Əmirov öldürüldükdə komissar kimi qeyd olunmuşdu. Beləliklə də, komissarların sayının 26 olması da özlüyündə səhvdir. Digər tərəfdən komissarlara köməklik edən Azərbaycan xalqının günahsız adamlarının adlarının komissarlar kimi qeyd olunması da yanlışlığın bariz nümunəsi idi. Bütövlükdə, 1918-ci ildə Türkmənistan-Ağcaqum çölünə aparılan adamların sayı 35 nəfər olmuşdur.

Bir məqamı da vurğulayaq ki, həmin dövrdə Türkmənistana aparılan şəxslər arasında Anastas İvanoviç Mikoyanın və digər bir neçə nəfərin bu həbsdən yaxa qurtarması ilə bağlı məlumatlar da vardır. Digər bir məlumat isə, S.Şaumyanın guya öldürülməməsi ilə bağlı olan uydurma həqiqətlərdir. Qeyd edim ki, hələlik, bu, tarixi faktlarla sübut olunmayıb. Yalnız ayrı-ayrı ehtimallar irəli sürülüb. Amma S.Şaumyanın, xüsusilə, Hindistanda olması ilə bağlı söz-söhbət çox geniş yayılıb. O dövrlərdə tədqiqatçı Nizami Məhərrəmov xeyli araşdırmadan sonra məlum olmuşdur ki, həqiqətən də, Hindistanda erməni qəbristanlığı var. Bu erməni qəbristanlığında isə dəfn olunan adam əslən Əfqanıstanda yaşayan erməni Mirzə Dudeldir. Xüsusən də, Əfqanıstandan gələn ermənilar onun qəbrini ziyarət edirlər. Hətta ona abidə də qoymuşdular. Onu da qeyd edim ki, şərəfinə abidə qoyulmuş erməninin adı Səbun olmuşdur və eyni zamanda, Səbun adlı bir firma da vardır. Bu firmada daş-qaş, dəri məmulatlarından mallar satırdılar. Məhz bu faktlara əsaslanaraq, demək olmaz ki, S.Şaumyanın cəsədi komissarlarla birlikdə dəfn edilib-edilməyib.

 

STEPAN ŞAUMYANIN CƏSƏDİ "26 BAKI KOMİSSARLARI" İLƏ DƏFN EDİLİB-EDİLMƏYİB?

 

Elə bu səbəbdən də Bakının "Sahil" bağında aparılan təmir işləri ilə əlaqədar olaraq oradan çıxarılan insan sümüklərinin kimə məxsus olmasını dəqiq demək absurddur. Çünki onlar Ağcaqum çölündə öldürülərkən, həmin güllələnmədə iştirak edən adamların da yazdığı xatirələrdən aydın olur ki, bu insanlar, əslində, o dövrdə iki dəfə, əvvəlcə 13 nəfər, sonra da təxminən 12-13 nəfərin öldürülməsi ilə bağlı məlumatlar mövcuddur. Onu da bildirim ki, həmin şəxslər dəmir yolu xəttindən təxminən 70-100 addım kənarda dəfn olunmuşdular. Yəni həmin adamların cəsədləri uzun müddət orada qalaraq müxtəlif çöl heyvanları tərəfindən dağıdılması mümkündür. İki ildən sonra həmin cəsədlər oradan çıxarılıb aparılmışdır və o zaman kimin sümüyünün harada olduğu müəyyən etmək, demək olar ki, mümkün deyildi. Ona görə də, orada olan sümüklərin hansının S.Şaumyana məxsus olduğunu da demək qeyri-mümkündür. Təəssüf ki, uzun müddət sovet hakimiyyəti bu adamların Azərbaycan xalqına sanki bir "qəhrəman" kimi təqdim etmişdir. Ümumilikdə isə, 1918-ci ilin mart-aprel ayında Azərbaycanda 40-50 min əhalinin məhkəməsiz-istintaqsız öldürülməsinə sərəncam verən bu adamları, təəssüf ki, Azərbaycan xalqı özü mühakimə etmək imkanı əldə etmədi. O dövrdə Azərbaycan hökuməti Bakıya gələndə onlar artıq Bakıdan qaçdılar. Sonra isə fövqəladə istintaq komissiyası bu hadisəni bilavasitə şahidlərinin müşahidəsi əsasında onların günahı sübuta yetirilmişdi. Amma təəssüf ki, Azərbaycan xalqının məhkəmə və istintaq yolu ilə verə biləcəyi cəzanı ingilis və türkmənlər məhkəməsiz və istintaqsız həyata keçirdilər. Bu baxımdan da "26-lar"ın öldürülməsi tamamilə qanunidir.

 

 

Tapdıq QURBANLI

 

Səs.- 2009.- 6 fevral.- S. 10.