Qara Qarayevin musiqi düşüncələri

 

Dünya klassikasının ən nadir inciləri sırasında yer alan Azərbaycan milli musiqi sənəti, müasir dövrümüzdə geniş bir miqyasda təqdim olunaraq, ən nüfuzlu məkanlarda səsləndirilir. Bu musiqinin parlaq, orijinal bir şəkildə müxtəlif ölkələrə, xalqlara təqdiminin arxasında bu sənətin nəfis nümunələrini yaratmış sənətkarlar dayanır. O sənətkarlar ki, dünya musiqisində orijinallığı ilə nəfis əsərlərini təqdim edə bilmiş və illərin sınağından keçən əsərləri milli zəmində dünyaya çıxara bilmişdir. Dünyaya yol açan Azərbaycan musiqisinin tarixi yüzillikləri əhatə etmiş olsa da, bir həqiqəti etiraf edək ki, XXI əsrdə bu musiqi professional tərzdə dünya musiqiçilərinin diqqətinə çatdırılır. Sənət tariximizin Sultan Hacıbəyov, Rauf Hacıyev, Zülfüqar Hacıbəyli, Səid Rüstəmov, Fikrət Əmirov kimi bəstəkarların sırasında Qara Qarayevin rolu və mövqeyi müstəsnadır.

Akademik səviyyədə yazıb-yaradan Qara Qarayev klassik musiqi janrının, demək olar ki, hər növündə nəhəng musiqi nömrələri yaratmış və onun geniş həcmli əsərləri dünya səhnələrində çox böyük müvəffəqiyyətlə ifa edilmiş, oynanılmışdır. Bu gün, yanvarın 6-sı Azərbaycan klassik sənətinə yeni rəng, çalar, baxış və nəfəs gətirən Qara Qarayevin doğum günüdür. Böyük bəstəkarın sənət qalareyasında yer almış hər bir nümunə, onun yaradıcılıq irsi ilə bağlı təəssüratların yaranmasına səbəb olur. Zamanla üz-üzə dayanan və musiqinin ahəngində zamanın yükünü, rəng çalarlarını ifadə etməyi bacaran Qara Qarayev böyük sənətkarlardan dərs aldığından, təbii ki, belə bir nəfis nümunələrin müəllifinə çevrilməli idi. XX əsr Azərbaycan balet janrının, simfonik və kamera əsərlərinin və digər nümunələrin bəstəkarına çevrilən Qara Qarayev, bir ömrün cığırında neçə-neçə ömürlər yaşayacaq həyatını yaşadı. Onun "Leyli və Məcnun" simfonik poeması, "İldırımlı yollarla", "Yeddi gözəl" baletləri, "Don Kixot" simfonik qravürləri, skripka ilə simfonik orkestr üçün konserti və digər əsərləri yaradıcılığında mühüm rol oynayır. Bu və ya digər əsərlərində onun fəlsəfi dünyagörüşü, həyatla bağlı düşüncələri özünü büruzə verir.

Qeyd edim ki, Qara Qarayev hələ Azərbaycan Dövlət Konservatoriyasında tələbə olarkən, akademik səviyyədə olan əsərlər yaratmağa başlamışdı. Burada ali təhsilə yiyələnən Qara Qarayev musiqi təhsilini artırmaq məqsədilə P.Çaykoski adına Moskva Dövlət Konservatoriyasına daxil olur və Cövdət Hacıyevlə birlikdə "Ayna" operasını bəstələyir. Bu uğurlu müştərək fəaliyyətin nəticəsi olaraq hər iki bəstəkarın yaradıcılıq məhsulu olan "Vətən" operası yaradılır.

1947-ci ildə Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar Qara Qarayev "Leyli və Məcnun" simfonik poemasını yazır. Əsər ilk dəfə olaraq şairin yubiley gecəsinin açılış mərasimində səsləndirilir. Çox keçmir ki, simfonik poema dünya ölkələrinə yol açır. Poema Çexoslovakiyada, ABŞ-da, Rumıniyada bu və ya digər ölkələrin konsert salonlarında səsləndirilir. Bu əsərdən ruh alan bəstəkar, 1949-cu ildə "Yeddi gözəl" simfonik süitasını yazır. Əsərin ilk tamaşası 1953-cü ildə Leninqrad Malı Dövlət Opera və Balet Teatrının səhnəsində uğurla oynanılır. On il ardıcıl olaraq balet Qahirə tamaşaçılarına təqdim edilir. Bəstəkara böyük şöhrət qazandıran əsərlər sırasında "İldırımlı yollarla" baletini xüsusi qeyd etmək lazımdır. Cənubi Afrika yazıçısı Piter Abrahamsın eyniadlı romanı əsasında yazılmış baletin əks-sədası illər ötsə də, səngiməmişdir. Qara Qarayev yaradıcılığındakı millilik, xəlqilik onun əsərlərinin belə bir səviyyədə ifasına şöhrət qazanmasına səbəb olmuşdur.

İstedadlı bəstəkar Azərbaycan muğam və aşıq sənəti yaradıcılığından bəhrələnərək əsərlərində onların melodiyasına söykənmiş, müəyyən yerlərdə bu detallardan istifadə etmişdir. Belə ki, onun üçüncü simfoniyası "Segah" muğamının intonasiyası ilə bitir. Digər əsəri - "Yeddi gözəl" baleti isə "Cahargah" muğamının intonasiyası üzərində qurulmuşdur.

Qara Qarayevin Azərbaycan muğamlarından yetərincə istifadə etməsi, onun akademik səviyyədə əsərlər yazmasında müəyyən dərəcədə rol oynamış və illər ötdükcə daha möhtəşəm tərzdə qarşılanmışdır. Qara Qarayev İran, Türkiyə, İspaniya, Almaniya, Afrika xalqları ədəbiyyatı və dramaturgiyası ilə bağlı əsərlər də yaratmışdır. Onun üçün bu və ya digər xalqın ədəbiyyatı əsasında əsərlər yaratmaq yaradıcılığında orijinal üsluba yiyələnmək demək idi.

Qara Qarayev bəstəkarlıq fəaliyyəti ilə yanaşı, pedaqoq kimi də çalışmış, uzun illər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına müəllimlik etmişdir. Onun məktəbinin yetirmələri olan Rauf Hacıyev, Arif Məlikov, Vasif Adıgözəlov, Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Musa Mirzəyev, Fərəc Qarayev, Emin Sabitoğlu, Sevda İbrahimova və onlarla belə bəstəkarlar Qara Qarayev ənənəsini davam etdirərək, Azərbaycan bəstəkarlıq sənətində öz repertuarlarını nümayiş etdirə bilmişlər. Bu gün də onların əsərləri böyük təntənə ilə qarşılanır. Qara Qarayev sənət böyüklüyü, yaratdığı əsərlərlə, eləcə də, yetişdirdiyi sənətkarlarla ölçülür və xatırlanır.

 

 

Nəzakət

 

Səs.- 2009.- 6 fevral.- S. 12.