"Bakı İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət
ilinin açılışı
olacaq
Mərasimdə İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tuveycri
iştirak edəcək
Bildiyimiz kimi,
İSESKO-ya üzv dövlətlərin mədəniyyət
nazirlərinin 21-23 noyabr 2007-ci il tarixində Liviyanın Tripoli
şəhərində keçirilmiş V konfransının nəticələrinə
görə, Bakı şəhəri 2009-cu ildə islam mədəniyyətinin
paytaxtı elan edilmişdir. "Bakı İslam Mədəniyyətinin
Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli
açılış mərasimi fevral ayının 18-də
Heydər Əliyev sarayında keçiriləcək. Mədəniyyət
və Turizm Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumata əsasən, tədbirə
bir sıra Avropa və islam dövlətlərinin şəhərlərinin
merləri, eyni zamanda, mədəniyyət nazirləri dəvət
edilmişdir. İSESKO-nun Baş direktoru Ə.O.Əl-Tuveycri
açılış mərasimində iştirak edəcəkdir.
Açılış mərasimi
çərçivəsində fevralın 18-i və 19-u
şəhərimizin mərkəzi meydanlarında şənliklər,
"Bakı-İslam Mədəniyyətinin
Paytaxtı-2009" veb-saytının və "Qədim
Bakı" kitabının təqdimatı keçiriləcək.
Ümumiyyətlə, il ərzində mədəniyyət
paytaxtı ili çərçivəsində yüzdən
çox milli və beynəlxalq tədbirin keçirilməsi
nəzərdə tutulur.
Qeyd etmək
lazımdır ki, 2008-ci ilin 2-3 dekabr tarixlərində
Bakıda Avropa Şurasına üzv dövlətlərin Mədəniyyət
nazirlərinin "Mədəniyyətlərarası dialoq
Avropa və ona qonşu regionlarda sülhün və davamlı
inkişafın əsasıdır" mövzusunda
konfransı keçirilmişdir. Konfransın gedişində
Bakı Bəyannaməsi qəbul edilmiş,
iştirakçı dövlətlər, eləcə də, tərəfdaş
dövlətlərin mədəniyyətlərarası dialoq sahəsində
mədəni əməkdaşlığını və fəaliyyətlərinin
əlaqələndirilməsinin inkişaf etdirilməsini nəzərdə
tutan "Bakı prosesi"nin əsası qoyulmuşdur.
Bu il, həmçinin,
islam ölkələrinin mədəniyyət nazirlərinin VI
konfransı keçiriləcəkdir. Azərbaycan tərəfi
ənənəsinə sadiq qalaraq "Bakı Prosesi"
çərçivəsində həmin konfransa bir sıra
Avropa dövlətlərini də dəvət etməyi
planlaşdırır.
Nəzakət
Səs.- 2009.- 6 fevral.- S. 12.