Bakıda beynəlxalq Avtovağzal kompleksi istifadəyə verilib

 

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib

 

Bakıda beynəlxalq avtovağzal kompleksi istifadəyə verilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Bakı-Sumqayıt yolunun kənarında tikilmiş avtovağzalın yerləşdiyi əraziyə gələn dövlətimizin başçısını burada nəqliyyatçılar və inşaatçılar hərarətli alqışlarla qarşıladılar.

Prezident İlham Əliyev müasir standartlara cavab verən kompleksin rəmzi açılışını bildirən lenti kəsdi, inzibati binada bu nəqliyyat obyektinin tikintisindən, indiki vəziyyətindən bəhs edən filmə baxdı.

İnzibati binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, ulu öndərin xarici ölkələrə səfərlərindən, Prezident İlham Əliyevin ölkəmizin yol infrastrukturunun, nəqliyyat sektorunun inkişafına göstərdiyi diqqət və qayğıdan, nəqliyyat obyektlərinin açılışlarında iştirakından bəhs edən fotoşəkillərdən ibarət guşələr yaradılmışdır.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, 2004-cü ilin mayında təməli qoyulmuş kompleksin sifarişçisi Nəqliyyat Nazirliyi, baş podratçı isə "Bakı XXI əsr" şirkətidir. Dünyada avtovağzallar sistemində ən böyüklərindən biri olan bu kompleks yerli və beynəlxalq marşrutlarda sərnişin daşınmasını təmin etmək üçün nəzərdə tutulmuşdur. Kompleksin təməli qoyularkən 360 min kubmetr torpaq işləri görülmüş, yaxınlıqdakı yamacın möhkəmləndirilməsi üçün çoxsaylı dirəklər vurulmuşdur. Tikintidə ümumilikdə 110 min kubmetrdən çox dəmir-betondan istifadə olunmuş, inşaat prosesinə 100-dən çox texnika, 600 işçi cəlb edilmişdi. Fəhlələrin böyük əksəriyyəti, mütəxəssislərin isə hamısı yerli vətəndaşlardır.

Kompleksin şüşə-metal konstruksiya sistemində 1600 ton metal və 24 min kvadratmetr şüşə lövhələrdən istifadə edilmişdir. Daxili bəzək işlərinə 70 min kvadratmetrdən çox üzlük mərmər, 55 min kvadratmetr alüminium üzlük material sərf olunmuşdur. Kompleksdə istifadə olunan materiallar və quraşdırılan avadanlıq Almaniya, İtaliya, Yaponiya, Koreya Respublikası, İsveçrə, Fransa, Ukrayna, Türkiyə, İran, Çin, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan və digər ölkələrə məxsus şirkətlərin istehsalıdır.

21,4 hektar sahəni əhatə edən kompleksdə gün ərzində 18-20 min sərnişinə xidmət etmək, 800-950 avtobusu qəbul edib yola salmaq mümkündür. Kompleksə 700 yerlik avtomobil dayanacağı, dörd mərtəbənin hər birində yerləşən ticarət mərkəzi, minik platforması, habelə sərnişin avtobuslarının dayanması üçün meydançalar, ana və uşaq otağı, poçt, teleqraf, bank, rəsmi şəxslər üçün xüsusi xidmət otağı, gözləmə salonları, kafe və yeməkxanalar, saxlama kameraları, oyun zalı, tibb məntəqəsi, beşmərtəbəli 93 yerlik dördulduzlu mehmanxana daxildir. Bu obyekt istifadəyə veriləndən sonra burada 4 mindən çox vətəndaş işlə təmin olunacaqdır. Kompleksdə 14 eskalator, 10 ədəd lift, müasir havalandırma, videomüşahidə, siqnalizasiya, işıqlandırma sistemləri quraşdırılmışdır. Bütün bu sistemlər kompyuterlə bir məntəqədən idarə olunur.

Avtovağzal kompleksinə daxil olan texniki servis mərkəzi və yanacaqdoldurma stansiyası 24 saat xidmət göstərəcəkdir. Asma şüşə tavan, eləcə də şüşə keçid, şüşə örtüklü zallar və digər konstruksiyalar respublikamızda ilk dəfə burada tətbiq olunmuşdur. Qış mövsümündə platformaya çıxan körpülərin buz bağlamasının qarşısını almaq üçün qızdırıcı sistem yaradılmışdır. 35 kilovoltluq yardımçı stansiya, 5 ədəd transformator kompleksi elektrik enerjisi ilə fasiləsiz təchiz edəcəkdır. Prezident İlham Əliyev avtobusların elektron formada tərtib olunan hərəkət cədvəli, şəhərlərarası və beynəlxalq sərnişin avtobuslarına biletlərin satış qiyməti cədvəli ilə tanış oldu, əməliyyat zalına baxdı. Burada avtovağzalın ilk sərnişin bileti dövlətimizin başçısına təqdim edildi. Azərbaycan Prezidenti kompleksin eyvanından ətrafda aparılan abadlıq işlərini seyr etdi, ana və uşaq, həkim-müayinə otaqlarına baxdı, "Komfort-İnn" oteli ilə tanış oldu.

Dövlətimizin başçısına saxlama kameralarından istifadə qaydaları barədə də məlumat verildi. Bildirildi ki, burada sərnişinlər yüklərini 7 gün saxlaya bilər və qaydalar barədə onlara növbətçilər vaxtaşırı təlimatlar verəcəklər.

Prezident İlham Əliyev 800 dükandan ibarət ticarət mərkəzi, 500 yerlik yeməkxana ilə də tanış oldu, ərzaq mağazasındakı malların keyfiyyəti və qiyməti ilə maraqlandı, yeraltı avtomobil dayanacağına baxdı.

Tikinti işlərinin keyfiyyətlə görüldüyünü, müasir standartlara cavab verdiyini bildirən dövlətimizin başçısı nəqliyyatçıları təbrik etdi, Azərbaycanda vətəndaşların rahatlığının təminatı məqsədi ilə bütün yol infrastrukturunun müasirləşdirildıyini və yeni obyektlərin istifadəyə verildiyini bildirdi. Prezident İlham Əliyevə xatirə olaraq Bakı beynəlxalq avtovağzal kompleksinin maketi təqdim olundu.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2009.- 13 fevral.- S. 2.