Yeni yolötürücüləri nəqliyyatın maneəsiz hərəkətini təmin edəcək

 

Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Dövlət Sərhədi Avtomobil yolunun 11-16-cı kilometrlərində iki yolötürücünün açılışında iştirak edib

 

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrində - Xırdalan dairəsində tunel tipli yolötürücünün açılışı olmuşdur. Prezident İlham Əliyev açılış mərasimində iştirak etmişdir.

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun yenidən qurulmasına ötən ilin mayında başlanmışdır. Nəqliyyat Nazirliyinin sifarişi ilə görülən inşaat işlərini "Akkord" şirkətlər qrupu həyata keçirir. Avropa Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə reallaşdırılan bu layihə çərçivəsində yolun 16-134-cü kilometrinə beton örtük döşənməlidir.

Beynəlxalq əhəmiyyətli bu yolda yük maşınlarının hərəkətinin intensivliyi nəzərə alınmaqla qalın beton örtüyün döşənməsi yolun davamlılığını artırır. Magistral boyu 21 körpü və yolötürücü, 10 qovşaq, 15 mal-qara keçidi, 112 boru keçidi, 5 xidmət məntəqəsi olacaqdır. Yenidənqurma işləri üç növbədə aparılır. Avqust ayının 22-də avtomagistralın bir hissəsi olan Bakı-Sumqayıt yolu bütünlüklə tamamlanaraq istifadəyə verilmişdir. Yolun bu hissəsinin açılış mərasimində respublika Prezidenti İlham Əliyev iştirak etmişdir. Nəqliyyat naziri Ziya Məmmədov Xırdalan dairəsində tikilmiş yolötürücü barədə məlumat verərək bildirdi ki, yanaşma yollarla birlikdə onun uzunluğu 700 metr, eni 20 metr, tunelin hündürlüyü 5 metrdir. 4 hərəkət zolaqlı tunelin uzunluğu 50 metr, istinad divarlarının uzunluğu 440 metrdir. Yeni yolötürücü şimal istiqamətində nəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin edəcəkdir.

Yolötürücüdə üzərində "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə inşa olunmuşdur. İyul 2008 - fevral 2009" sözləri yazılmış lövhə vurulmuşdur.

Dövlətimizin başçısı yolötürücünün açılışını bildirən rəmzi qırmızı lenti kəsdi, bu münasibətlə yol inşaatçılarını təbrik etdi.

Hazırda Bakı-Quba-Rusiya Federasiyası yolunun tam istifadəyə verilməsi üçün intensiv iş gedir.

Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrində körpü tipli yolötürücü istismara verilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə yolötürücünün tikintisini əks etdirən fotoşəkillərə və sxemə baxdı.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, yolötürücünün tikintisinə nazirliyin sifarişi ilə "Akkord" şirkətlər qrupu ötən ilin iyulunda başlamışdı. Tikintidə ən son texnologiya tətbiq edilmiş, daha çox yerli xammala üstünlük verilmişdir. Yolötürücü Xırdalan şəhərindən Sumqayıt və Bakı istiqamətinə gedən avtomobillərin əsas magistralla müxtəlif səviyyəli kəsişməsini təmin edir. Üçaşırımlı yolötürücünün hündürlüyü 5 metr, eni 18 metr, yanaşma yollarla birlikdə uzunluğu 1500 metrdir. 6 hərəkət zolaqlı yolötürücünün aşırım hissəsi yığma dəmir-beton tirlərdən ibarətdir. Bu tirlər "Akkord"un Zığ beton məmulatları zavodunda istehsal olunmuşdur.

Yolötürücünün kənarında paslanmayan materialdan məhəccərlər qoyulmuşdur. Bu, hərəkətin təhlükəsizliyini təmin etməklə yanaşı, yola əlavə yarışıq verir. Ərazidə abadlıq işləri aparılmış, yaşıllıq salınmış, çoxlu ağac və gül kolları əkilmişdir. Prezident İlham Əliyev yolötürücünün açılışını bildirən rəmzi lenti kəsdi, inşaatçıları təbrik etdi, onların işini yüksək qiymətləndirdi.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2009.- 13 fevral.- S. 3.