Elmi-texniki tərəqqi və müasir aviasiya
Bakıda Akademik Arif Paşayevin 75 illik yubileyinə həsr
olunmuş beynəlxalq konfrans keçirilir
"Holiday İnn"
mehmanxanasında Milli Aviasiya Akademiyasının rektoru, akademik
Arif Paşayevin 75 illik yubileyinə həsr olunmuş
"Elmi-texniki tərəqqi və müasir aviasiya"
mövzusunda üç günlük beynəlxalq konfrans
başlanmışdır. Konfransda Azərbaycan, Türkiyə,
Almaniya, ABŞ, Gürcüstan, Rusiya, Ukrayna, Kanada, İsrail,
Özbəkistan, Koreya Respublikası, Yaponiya və digər
ölkələrdən 200-dən çox alim iştirak edir.
Tədbirin açılışında akademik Arif
Paşayevin qızı - Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfıri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva və digər
ailə üzvləri iştirak etmişlər.
Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) və Milli Aviasiya Akademiyasının
təşkilatçılığı ilə keçirilən
tədbirdə giriş sözü ilə konfransın həmsədrləri
- "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
prezidenti Cahangir Əsgərov və AMEA-nın prezidenti Mahmud Kərimov
çıxış etmişlər. Cahangir Əsgərov
demişdir ki, respublika Dövlət mükafatı laureatı,
əməkdar elm xadimi, bir sıra beynəlxalq akademiyaların
üzvü olan Arif Paşayev müasir Azərbaycan
ziyalılarının ən görkəmli nümayəndələrindən
biridir. O, həm də çox böyük təşkilatçılıq
istedadına malikdir və bu keyfiyyəti Milli Aviasiya
Akademiyasının inkişafında özünü
xüsusilə büruzə vermişdir. On üç il əvvəl
Milli Aviasiya Akademiyası çox aşağı səviyyədə
idi, burada cəmi yeddi ixtisas üzrə kadrlar hazırlanırdı.
Arif Paşayev Milli Aviasiya Akademiyasının rektoru olandan
sonra, burada hər şey qısa bir müddətdə dəyişmişdir.
İlk növbədə, tədrisin Azərbaycan dilində
keçirilməsi təmin edilmiş, yeni ixtisaslar
açılmışdır. İndi akademiyada iyirmi
üç ixtisas üzrə kadrlar hazırlanır, beş
fakültə və iyirmi kafedra fəaliyyət göstərir.
Akademiyanı bitirən milli kadrlar mülki aviasiyamızda
uğurla çalışırlar. Ötən il
yaradılmış aviakosmik fakültəyə böyük
ümidlər bəslənilir.
Azərbaycan Prezidenti
İlham Əliyevin təşəbbüsü ilə son
beş ildə mülki aviasiya üçün müasir tipli
təyyarələrin alındığını xatırladan
Cahangir Əsgərov bildirmişdir ki, 2008-ci ilin avqustunda 8 ədəd
"Boing" tipli təyyarənin alınması barədə
müqavilə imzalanmışdır. Dövlətimizin
başçısının göstərişi ilə bu ilin
sonunadək akademiyada müasir tipli təyyarələrin
trenajorları quraşdırılacaqdır.
Arif Paşayevin səyləri
nəticəsində akademiya Dövlətlərarası
Aviasiya Komitəsinin qərarı ilə "Mülki aviasiya
ali təhsil müəssisəsi" sertifikatına layiq
görülmüşdür. Akademiya həm də Beynəlxalq
Mülki Aviasiya Təşkilatının ali təhsil
ocaqları siyahısına daxil edilmişdir. 2008-ci ildə
akademik Arif Paşayev Dövlətlərarası Aviasiya Komitəsinin
"Aviasiya mütəxəssislərinin hazırlanması
işindəki xüsusi xidmətlərinə və nümunəvi
tədris prosesinin təşkilinə görə"
qızıl medalı ilə təltif edilmişdir.
C.Əsgərov akademik
Arif Paşayevi anadan olmasının 75 illik, pedaqoji fəaliyyətinin
55 illik yubileyləri münasibətilə ürəkdən təbrik
etmiş, ona Azərbaycan elminin və mülki
aviasiyamızın inkişafı naminə daha böyük
uğurlar arzulamışdır.
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti Mahmud Kərimov yubilyarı ürəkdən
təbrik edərək demişdir ki, akademik Arif Paşayevin
elmi fəaliyyətinin əsas istiqamətləri fizika,
yarımkeçiricilər fizikası və texnikası sahəsinə
yönəlmişdir. Alim ömrünün 40 ilindən
çoxunu yarımkeçiricilərin fiziki əsaslarının
elmi cəhətdən tədqiqi və inkişafı problemlərinin
həllinə həsr etmişdir. O, haqlı olaraq, yüksək
və ifrat yüksək tezlikli elektromaqnit
dalğalarının tətbiqi ilə materiallara zədəsiz
nəzarətin fiziki əsaslarının yaradıcısı
hesab olunur. Hazırda akademik Arif Paşayevin çoxillik iş
təcrübəsi aviasiyada öz yeni elmi tətbiqini
tapmışdır. Respublikamızda Milli Aviasiya
Akademiyasının yaradılması və burada müasir
ixtisaslar üzrə kadrların hazırlanmasının təşkili
Arif Paşayevin adı ilə bağlıdır. O, Azərbaycan
milli aviasiya elminin və təhsilinin tanınmış
yaradıcısı və banisidir. Buna görə də,
"Elmi-texniki tərəqqi və müasir aviasiya"
mövzusunda Bakıda keçirilən bu mötəbər beynəlxalq
konfransın təşkilat komitəsi bu tədbiri görkəmli
alim-pedaqoqun yubileyinə həsr etməyi qərara
almışdır.
AMEA-nın prezidenti daha
sonra demişdir ki, Arif Paşayevin həyat yolu hər bir alimə
və ziyalıya örnəkdir. Respublikamızda, onun
hüdudlarından kənarda tanınan bu alimin həyatı Vətəninə
və dünya elminə sədaqətlə xidmət nümunəsinə
çevrilmişdir. Fizika elminin ən müasir sahələrində
apardığı fundamental tədqiqatlar ölkəmizin
hüdudlarından uzaqda da ona şöhrət gətirmişdir.
Konfransın geniş
iclasında çıxış edən Rusiya Elmlər
Akademiyasının həqiqi üzvü, ABŞ-ın Merilənd
Universitetinin professoru Poald Saqdeyev məruzəsində
dünyada peyk texnologiyalarının vəziyyəti və
perspektivlərindən, pilotsuz təyyarələr
istehsalının hazırkı inkişaf məsələlərindən
danışmışdır. Azərbaycanın milli peyk
buraxmaq təşəbbüsünü bəyəndiyini
söyləyən R.Saqdeyev, hələ 1998-ci ildə
ümummilli lider Heydər Əliyevin
tapşırığı ilə bu məsələyə
diqqət yetirdiyini bildirmişdir.
Konfransın birinci
günü Rusiya Elmlər Akademiyasının müxbir üzvü
Vitali Aristovun "Kvant fizikası və kvant elektrodinamikası
(hazırda, keçmişi, gələcəyi)", İsrailin
Təfəkkür Fəaliyyəti İnstitutunun professoru
Konstantin Bravının "Aviasiya avadanlığının
texniki hazırlığının və təyyarələrin
uçuş təhlükəsizliyinin təmin edilməsi
üçün "Çevik idarə sistemləri",
Rusiyanın NT-MDT şirkətlər qrupunun baş direktoru,
texnika elmləri doktoru Viktor Bıkovun "Nanotexnoloji mərkəzlər
üçün analitik avadanlıq" mövzularında məruzələri
dinlənilmişdir.
Konfrans çərçivəsində
görkəmli alim və pedaqoq, yazıçı Mir Cəlal
Paşayevin 100 illik yubileyinə həsr olunmuş və
akademik Arif Paşayevin ümumi redaktəsi ilə nəşr
edilmiş ikicildlik "ingiliscə-azərbaycanca-rusca aviasiya
terminləri lüğəti"nin təqdimat mərasimi
keçirilmişdir.
Mərasimdə akademik
Arif Paşayev, nəşrin baş redaktoru, filologiya elmləri
doktoru, professor Nərgiz Paşayeva və başqaları
çıxış etmiş, lüğətin çap nəşrinin
əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, lüğətdə mülki aviasiyanın
bütün fəaliyyət sahələri əhatə
edilmiş və bilavasitə uçuşların yerinə
yetirilməsi, aeronaviqasiya təminatı, meteorologiya,
radiomübadilə, hava gəmiləri və aeroport
avadanlığının texniki xarakteristikalarına aid 7 mindən
çox termin və bu terminlərə aydınlıq gətirən
ingilis, fransız, ispan və rus dillərində çoxlu məlumat,
habelə Beynəlxalq Mülki Aviasiya Təşkilatı
orqanlarının siyahısı verilmişdir.
Sonra konfrans elmi
seksiyalarda işini davam etdirmişdir.
Naib NİFTƏLİYEV
Səs.- 2009.- 13 fevral.- S. 4.