Musiqili Komediya teatrı – 100
Teatrda yeni nağıl – “Bir vardı, biri yox...”
Azərbaycan Dövlət Musiqili Komediya
Teatrı 100 illik fəaliyyəti dövründə öz repertuarında
milli komediyalarla yanaşı,
dünya musiqisinin klassikləri sayılan bəstəkarların da əsərlərinə
zaman-zaman müraciət edib. Bir əsrlik yubiley ərəfəsində
teatr öz ənənəsinə yenə də sadiq qalaraq,
tamaşaçıları bu həmişəyaşar səhnə
şedevrləri ilə
tanışlığa dəvət edir. Artıq məşqlərinə
başlanan musiqili nağıl da bu qəbildəndir.
Məhşur rus bəstəkarı
Sergey Prokofyevin musiqili nağıl-pyesi əsasında
hazırlanan "Biri vardı, biri yox..." simfonik
nağılı teatrın tarixində bu janrda tamaşaya
qoyulacaq ilk nümunədir. 2009-cu il, eyni zamanda, uşaq ili elan
olunduğundan bu əsər teatrın ən kiçik
tamaşaçılarına onların sevimli
teatrlarının böyük hədiyyəsidir. Əsas məqsəd
gənc tamaşaçılarda klassik musiqi haqqında daha
geniş təsəvvür yaratmaq, onların dünya
görüşünün və musiqi zövqünün
formalaşmasına xidmət etməkdir. Çünki bu
gün ciddi və professioanal səviyyədə
yazılmış musiqi əsərlərinin geniş təbliğ
olunmasına daha çox ehtiyac vardır - deyə Musiqili
Komediya Teatrının direktoru, əməkdar incəsənət
xadimi, sənətşünaslıq namizədi Əliqismət
Lalayev bildirdi.
Əliqismət Lalayev
daha sonra qeyd etdi ki, yeni əsərə quruluş vermək
üçün Gənc Tamaşaçılar Teatrından
rejissor Nicat Kazımov teatra dəvət olunub. Bu tamaşada
seyrçilər daha bir yeniliyin də şahidi olacaqlar. Sənətsevərlərin
həmişə orkestr çökəyindən
ifasını eşitdikləri musiqiçilər, yəni
teatrın simfonik orkestri, ilk dəfə olaraq, səhnədə
görünəcək. Balaca tamaşaçılar orkestrdəki
sənətçilərin canlı ifasını səhnədən
görəcək, onların tamaşa zamanı necə işlədiyinin
şahidi olacaqlar. Tamaşanın quruluşçu dirijoru və
musiqi rəhbəri Prezident mükafatçısı Nazim
Hacıəlibəyov, dirijoru isə əməkdar artist Ziya
Bağırovdur. Quruluşçu rəssam Elşən Babazadə
və baletmeysterler Zakir və Yelena Ağayevlər də
tamaşada rol almışdılar. Səhnədə baş
verəcək görünməmiş tryukları və dinamik
mizanları isə kaskadyor İsa Əsədov quracaq.
Həm rus, həm də
Azərbaycan bölməsində oynanılacaq bu əsərdə
rolları əməkdar artist Boris Qrafkin, Elnur Kərimov, Əliməmməd
Novruzov, Elnarə Yusubova, Ziyadxan Cəbrayılov, Elməddin
Dadaşov, Marina Litvinenko , Emil Heydərov, Hüseyn Əlili,
Tural Ağasıyev və başqaları ifa edəcəklər.
Onu da qeyd edim ki, gələn
il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı
özünün 100 illik yubileyini qeyd edəcək. Milli
peşəkar teatrımızın böyük bayramı kimi
tarixə düşəcək bu hadisə münasibəti ilə
teatrda geniş hazırlıq işləri görülür. Ən
əsası isə kollektiv yubiley repertuarı üzərində
ciddi seçimlər aparır. Dahi Üzeyir Hacıbəyovun
bünövrəsini qoyduğu bu teatrda bu gün də
dünya klassiklərinin məşhur əsərləri
tamaşaya hazırlanır və təbii ki, müasir müəlliflərin
yaradıcılığına da burada hər zaman yer
vardır. Yazıçı Maarif Məmmədov
özünün ilk pyesini kollektivə təqdim etmişdir.
Tezliklə onun "Matəm marşı və ya
gözünüz aydın" əsəri öz səhnə
taleyini yaşayacaq.
Müasir mövzuda
yazılan, hər birimizin rastlaşdığı və
gülə-gülə seyr etdiyi real hadisələri əks
etdirən yeni əsərin quruluşunu teatrın baş
rejissoru Yusif Əkbərov verəcək. Tamaşanın səhnə
tərtibatı isə rəssam Nabat Səmədovaya məxsusdur.
Xalq artistləri Arif Quliyevin, İlham Namiq Kamalın, Fatma
Mahmudovanın, əməkdar artistlər Ramiz Məmmədov,
Xanım Qafarovanın, Prezident mükafatçıları
Elçin Həmidovun, Çingiz Əhmədovun, aktyorlar
Novruz Qartalın, Oqtay Quliyevin və başqalarının rol
aldığı yeni tamaşada toy və yas mərasimlərinin
ünvanını dəyişik salan bir qrup musiqiçinin macəralarından
bəhs olunur. Maraq doğuran cəhətlərdən biri də
odur ki, əsas rollardan birinə tamaşaçıların
gülüş ustası kimi tanıdığı Azərbaycan
Dövlət Gənc Tamaşaçılar Teatrının
aktrisası, respublikanın əməkdar artisti Naibə
Allahverdiyeva dəvət olunmuşdur.
Nəzakət
Səs.- 2009.- 13 fevral.- S. 12.