Alim və siyasətçi ömrü

 

Vilayət Əliyev ömrünün 70-ci baharını yaşayır

 

Azərbaycan elmində öz yolu olan, sayılan filoloqlar içərisində öz dəst-xətti ilə seçilən Vilayət Hüseyn oğlu Əliyevin adı elmi ictimaiyyətə vətənpərvər ziyalı, zəhmətkeş alim kimi çoxdan bəllidir. Vilayət Hüseyn oğlu Əliyev 1938-ci ildə Şəki rayonunun Oaşbulaq kəndində köçkün ailəsində anadan olub. Vilayət müəllim ailənin bərkə-boşa düşmüş üzvlərindən biri olmaqla hələ uşaqlıqdan yurd itkisinin ağrı-acısını dadıb. V.Əliyev 1960-cı illərdən dilçilik sahəsində fəaliyyət göstərir. Onun elmi-tədqiqatları Azərbaycan dilçiliyi və türkologiya ilə bağlıdır. 200-ə yaxın elmi məqalənin və "Azərbaycan dilində felin təsriflənməyən formaları" və digər mövzularla bağlı kitabların müəllifidir. V.Əliyev, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının nəşr etdirdiyi 3 cildlik "Müasir Azərbaycan dili" əsərinin müəlliflərindən biridir.

Bu gün isə Vilayət müəllim filologiya elmləri doktoru, professor, tanınmış pedaqoq və əməkdar müəllim kimi öz xeyirxah müəllimlərindən öyrəndiklərini yaşadır, ürək genişliyi ilə, səxavətlə tələbələrinə xərcləyir və bu işindən ləzzət alır. Onun dərs dediyi tələbələrin bir çoxu hazırda respublikamızın müxtəlif yerlərində və müxtəlif sahələrdə ləyaqətlə, şərəflə çalışırlar. Çünki V.Əliyev tələbələrinin uğurlarına, nailiyyətlərinə həmişə sevinən müəllimlərimizdəndir. Onu da qeyd edək ki, Vilayət Hüseyn oğlu Əliyevin elmi-pedaqoji fəaliyyətinin əsas hissəsi, böyük bir hissəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olubdur. O, 1990-cı ildə doktorluq dissertasiyası müdafiə etmiş, felin təsriflənməyən formalarını müqayisəli şəkildə araşdırmış, bu məsələyə kompleks şəkildə yanaşmaqla məsdərin, feli sifətin, feli bağlamanın həm ümumi, həm də xüsusi əlamətlərini açıqlamışdır.       

V.Əliyevin dilimizin tətbiqi sahəsindəki problemlərlə bağlı mətbuatda çap etdirdiyi onlarca məqalə bir alim, vətəndaş mövqeyinin məsuliyyəti, fəallığı, ürək, qəlb yanğısı kimi qəbul olunmalıdır. Bu mənada, o, Dövlət Dil Komissiyasının üzvü kimi də müntəzəm olaraq "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli 506 nömrəli fərmanın tələblərindən irəli gələn məsələlərə xüsusi önəm verir, respublikamızın ən mötəbər qəzet və jurnallarında məqalələrlə çıxış edir. Eyni zamanda, V.Əliyev bütün varlığı ilə türkçüdür, türk dünyasını və türkoloji düşüncəni, məfkurəni qəbul və təbliğ edən türkoloqlardan biridir. 1999-cu ilin iyul ayında Türkiyədə keçirilən türk dövlətləri və topluluqların qurultayında iştirak etmək, 1998-ci ildə ADPU-da deportasiya ilə bağlı keçirilmiş konfransın təşkilatçılarından biri olmaq, eləcə də "Kitabi-Dədə Qorqud"un 1300 illik yubileyinin qocaman ali təhsil müəssisəsində keçirilməsini təşkil etmək kimi böyük işlər görmüşdür. Bütün bunların hamısı V.Əliyevin bir alim kimi ali hisslərə, düşüncəyə və milli-mənəvi dəyərlərimizin qorunmasında ziyalılara məxsus olan keyfiyyətlərə qadirliyindən xəbər verir. Bu mənada V.Əliyev o qəbildən olan ziyalılarımızdandır ki, respublikamızın ictimai-siyasi həyatına da biganə deyildir. Onun ictimai-siyasi fəallığında da bir alim-vətəndaş mövqeyi vardır. Hələ keçən əsrin 90-cı illərində Azərbaycanın siyasi, iqtisadi, mədəni həyatında boşluq, anarxiya, hərc-mərclik hökm sürdüyü zaman müdrik ağsaqqalımız, ulu öndərimiz Heydər Əliyevin ətrafında dərin zəkalı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların birləşməsinə böyük ehtiyac vardı. Məhz ulu öndərimizin ətrafında birləşən "91" vətənpərvər ziyalıdan biri də V.Əliyev olmuşdur. Bu gün "91"-lər adı ilə tarixə yazılmış vətənpərvər ziyalılardan biri olan V.Əliyev Azərbaycanın naminə heç bir təqib və təzyiqdən qorxmayaraq 16 oktyabr 1992- ci ildə "Səs" qəzetində ulu öndərə müraciət edənlərdən biri kimi həmişə bu işi ilə qürur və fəxr duyduğunu söyləyir.

Mövqelər, münasibətlər, əqidələr, siyasi görüşlər zamanın imtahanından bəzən üzüağ çıxa bilmir. Ancaq V.Əliyevin dəstəklədiyi Yeni Azərbaycan Partiyası da, onun yaradıcısı ulu öndər Heydər Əliyev də, bu görkəmli siyasi xadimin siyasi kursu da zamanın imtahanından üzüağ çıxdı. V.Əliyev isə ictimai-siyasi fəaliyyətində mövqeyini, münasibətini, əqidəsini, siyasi görüşünü dəyişmədi və axıra qədər sadiq və sədaqətli oldu. Filologiya elmləri doktoru, professor, əməkdar müəllim, ADPU-nun elmi işlər üzrə prorektoru, YAP-ın Siyasi Şurasının üzvü V.Əliyev üçün 2008-ci il əlamətdar bir ildir. 2008-ci ildə müqəddəs bir yaş -70 yaş Vilayət müəllimin qapısını döydü. Peyğəmbərimiz buyurub ki, heç vaxt doymayan iki ac var: elm acı və var-dövlət acı. V.Əliyev isə bundan sonra da elmi-tədqi-qatlarından, elmi fəaliyyətindən doymayan bir alim kimi hələ yeni-yeni əsərləri, məqalələri ilə Azərbaycan dilçilik elmini sevindirəcəkdir. Ona bu yolda uğurlar, cansağlığı arzulayırıq.

 

 

 Tapdıq QURBANLI

 

Səs.- 2009.- 13 fevral.- S. 16.