Əli Tudənin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

 

Sanki bir zirvəymişəm,

Bir insan deyilmişəm,

Mən yalnız torpağımı

Öpəndə əyilmişəm.

 

                           Əli Tudə

 

Dünya Azərbaycanlıları Həmrəyliyinə Dəstək Cəmiyyətinin təşəbbüsü ilə Azərbaycanın görkəmli şairi, ədəbiyyatşünas, əməkdar incəsənət xadimi, Azərbaycanın vətənpərvər oğlu, görkəmli şəxsiyyət Əli Tudənin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan AMEA-nın ədəbiyyat institutunun əməkdaşı professor Sabir Nəbioğlu Əli Tudənin həyat və yaradıcılığına qısa nəzər saldı. O bildirdi ki, şair Bakıda orta məktəbdə oxuyarkən, ilk şeirləri ilə mətbuatda çıxış etməyə başlamışdır. 1938-ci il repressiyası dövründə ailəsi ilə birgə əslən Cənubi Azərbaycandan olduğuna görə İrana sürgün edilən Əli, əvvəlcə ata-baba yurdu Ərdəbildə - Çanaqbulaq kəndində təsərrüfat işləri ilə məşğul olmuş sonra isə Zəncarv Miyana, Astarada fəhləlik etmişdir. Cənubi Azərbaycanda başlayan milli azadlıq hərəkatında silah və qələmlə mübarizə aparmış, şeirləri və publisistik yazıları ilə xalqı müstəqilliyi uğrunda mübarizəyə çağırmışdır. Milli hökumət qurulduqdan sonra, Maarif Nazirliyində təhsil şöbəsinin müdiri olmuşdur. Ana dilli kitabların nəşr etdirilməsində və xalqa çatdırılmasında böyük əmək sərf etmişdir. O, Təbrizdə ilk dəfə milli dövlət filarmoniyasını yaratmışdır. Milli hökumətin ən ali mükafatına "21 AZƏR" medalına layiq görülmüşdür. Elə həmin dövrdə şair Təbrizin Şairlər Məclisi tərəfindən "Tudə" yəni "Xalq" təxəllüsünü qazanır. Milli hökumət irtica qüvvələri tərəfindən boğulduqdan sonra Bakıya qayıdır. Əli Tudə Bakıda müxtəlif mətbuat orqanlarında çalışır, BDU-nun filologiya fakültəsində təhsil alır. Sonralar "Azərnəşr"də redaktor işləyir. Bakı Ali Partiya məktəbində təhsil alır. Onun Bakıda, Moskvada, Təbrizdə 50-dək kitabı nəşr edilib. Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimidir.

Tədbirdə çıxış edən, DAHD cəmiyyətinin prezidenti Tofiq Əlizadə , şairin vətənə bağlılığından söhbət açaraq, şeirlərindən nümunələr gətirdi:

 

Yerə qoyub silahımı

Mən itirdim sabahımı

Sənsə böyük günahımı

Heç vurmadın üzə Vətən

 

Professor Almaz Əliqızı, Asif Rüstəmov, şair Qəşəm İlqar və başqaları çıxış edərək Əli Tudənin bütün həyatı, bütün varlığı Azərbaycan Türk gəncliyi üçün, eləcə də bütün Türk Dünyası üçün sönməyən mayak və əbədi örnəkdir. Əli Tudə onu sevənlərin qəlbində daim yaşayacaqdır.

Tədbirin sonunda şairin oğlu Natiq Cavadzadə ailəsi adından tədbir iştirakçilarına və onun təşkilatçılarına minnətdarlığını bildirdi.

 

 

Nəzakət

 

Səs.- 2009.- 17 fevral.- S. 12.