Yunanıstan azərbaycanın yaxın tərəfdaşına çevrilir

 

Respublikamız yaxın illərdə Yunanıstanın qazla təminatında əsas tədarükçülərdən biri olacaq

 

Avropa Birliyinin aparıcı dövlətlərindən biri olan Yunanıstan hökuməti ilə Azərbaycan arasında uzunmüddətli və davamlı əməkdaşlıq münasibətlərinin ildə-ilə genişlənərək yeni mərhələyə qədəm qoyması respublikamızın Avropa strukturlarına inteqrasiyasını sürətləndirib.

Artıq bir neçə ildir ki, ölkəmizin Avropa dövlətləri ilə sıx əlaqələri azad ticarət münasibətlərinin elə genişlənməsinə səbəb olub. Azərbaycan Avropa dövlətləri, o cümlədən, Yunanıstanla geniş iqtisadi telləri möhkəmləndirərək bu ölkələrin bazarlarına daxil olan ixracatçı statusunu qazanıb. Rəsmi Afina ilə Azərbaycanın münasibətləri isə daha geniş müstəviyə keçid alıb və bu əməkdaşlıq strateji xəttə yüksəlib. Yunanıstan hökuməti Azərbaycanın enerji sərvətlərinin istehlakçısı kimi neft və qaz ehtiyatlarının potensial alıcısı olmaq barədə təşəbbüslərlə çıxış edir. Öz növbəsində, Azərbaycan qarşı tərəfin bu təklifinə müsbət cavab verməklə ikitərəfli əlaqələri ən yüksək səviyyəyə çatdırmağa nail olmaqdadır.

2007-ci il noyabrın 18-də Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən təbii qazın Türkiyənin Ədirnə vilayətindən Yunanıstana ixrac olunduqdan sonra respublikamız Afina üçün enerji bazarında bir nömrəli müttəfiqlərdən birinə çevrildi. Türkiyə-Yunanıstan qaz kəməri ilə ixrac olunan qazın həcmi təxminən 1 milyard kubmetr təşkil edir ki, bu da Yunanıstanı tam qane etmir, yəni, yunanlar ölkəmizdən daha çox, təxminən ildə 4 milyard kubmetr qaz almaq istəyir. Qeyd edək ki, iki ildir ki, yanacaq yunanlara Türkiyənin payından verilir. Daha doğrusu, Azərbaycanın qardaş ölkəyə satdığı qazın bir hissəsi Yunanıstana çatdırılır. Bu zaman qiymətləri və qazın həcmini Türkiyə diqtə edir. Azərbaycanla Yunanıstan arasında ikitərəfli alqı-satqı müqaviləsi olmadığından hazırkı sövdələşmə üçtərəfli çərçivədə həyata keçirilir. Buna görə də Yunanıstan Azərbaycanla ikitərəfli anlaşma saziş imzalamağı təklif edir. Respublikamız artıq belə bir sazişin imzalanmasına razılıq verib və ilin ortalarından etibarən Yunanıstana ikitərəfli müqavilə əsasında qaz satışı mümkün olacaq. Bununla da Yunanıstan Azərbaycanın ən yaxın partnyorlarından biri kimi ölkəmizin Avropa Birliyinə gedən yolda etibarlı tərəfdaşı ola biləcək.

Azərbaycanın Yunanıstanla birbaşa qaz ticarətinə başlaması regionda yeni enerji dəhlizinin formalaşmasını da sürətləndirəcək. Belə ki, Azərbaycan qazı Bakı-Tbilisi-Ərzurum vasitəsilə Türkiyədən Yunanıstana nəql olunduqdan sonra sonuncu dövlətin inşa etdiyi kəmərlə birləşən yeni təhlükəsizlik dəhlizi yaranmış olacaq. Hazırda inşası davam etdirilən Yunanıstanla İtaliyanı birləşdirən kəmər 2012-ci ildə başa çatdırılacaq, bundan sonra Balkan yarımadasına doğru daha bir qaz xətti bu marşrutları birləşdirəcək. Bütün bu layihələrin lokomotivi isə Azərbaycan olacaq, xammal mənbəyi isə Azərbaycanın "Şahdəniz" yatağı olacaq.

Respublikamızın Yunanıstanla bu qədər yaxınlaşması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını genişləndirəcək və Avropada siyasi-iqtisadi proseslərin mərkəzində rəsmi Bakının yer alması ilə nəticələnəcək. Onu da nəzərə almaq gərəkdir ki, Afina bir neçə ildir ki, bu istiqamətdə ölkəmizə dəstək verməklə yanaşı, bir sıra layihələrin icrasına da yardım edir. Avropa Birliyinin enerji konsepsiyası ilə bağlı strateji layihələrdə ölkəmizə xüsusi önəm verən dövlətlər içərisində Yunanıstan aparıcı yerlərdən birini tutur. Respublikamızın Ümumdünya Ticarət Təşkilatına daxil olması istiqamətində aparılan çoxtərəfli danışıqlarda Yunanıstanın mövqeyi əhəmiyyət daşıyır. Afina ölkəmizin ÜTT-yə üzv olmasında texniki və siyasi dəstək göstərməsi ilə diqqəti cəlb edir. Bundan başqa, ölkələrarasında ikitərəfli münasibətlərin güclənməsinə təkan verən məqamlardan biri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığın son üç ildə geniş xarakter almasıdır. QDİƏT-in Qafqaz bölgəsində həyata keçirdiyi ən strateji layihələr, eləcə də maliyyə baxımdan böyük sferaları əhatə edən proqramlar Azərbaycanda reallaşır. Yunanıstanın əsas söz sahiblərindən biri olduğu bu təşkilatın ən iri sərmayələri də respublikamızda həyata keçirilməkdədir. Bir sözlə, Azərbaycan və Yunanıstan arasında iqtisadi-siyasi münasibətlər geniş kontekstdə inkişaf etməkdədir. Bu əlaqələrin intensivləşməsinə və iqtisadi sferalarda böyük investisiya sahələrini əhatə etməsinə hər iki ölkənin son illər davamlı xarakter alan biznesforumlarının keçirilməsi stimul verməkdədir. Yunanların Azərbaycan iqtisadiyyatına sərmayə qoymaq niyyətləri, eləcə də respublikamızın neft-qaz ehtiyatlarının daşınması üzrə liman komplekslərindəki ərazilərdə yanacaq emalı müəssisələri yaratmaq planları, neft və qaz infrastrukturu obyektləri tikmək barədə təşəbbüsləri bu dövlətləri bir-birinə daha da yaxınlaşdırmağa hesablanmış strateji xəttin tərkib hissəsidir.

 

 

A.QULİYEVA

 

Səs.- 2009.- 18 fevral.- S.4.