“İnsanlığın düz ünvanı”

 

Milli Aviasiya akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin anadan olmasının 75 illiyinə həsr olunmuş kitabın təqdimat mərasimi keçirildi

 

Dünən Rəşid Behbudov adına Mahnı Teatrında Rusiya Federasiyasının Novosibirsk şəhərində fəaliyyət göstərən "Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu"nun prezidenti, şair-publisist, yazıçı Mirkazım Seyidovun Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Mir Cəlal oğlu Paşayevin anadan olmasının 75 illiyinə həsr olunmuş kitabının təqdimat mərasimi keçirildi.

Musiqili ədəbi-bədii gecədə millət vəkilləri, ziyalılar, alimlər, incəsənət ustaları iştirak edirdilər.

Musiqili ədəbi-bədii gecədə çıxış edən şair-publisist və yazıçı Mirkazım Seyidov akademik Arif Paşayevin keçdiyi həyat yolundan, onun şəxsiyyət kimi xalqına göstərdiyi uğurlu fəaliyyətindən geniş və ətraflı danışdı. Bildirdi ki, akademik Arif Paşayev haqqında kitab yazmaq üçün geniş tədqiqatlar aparmış, onun həyat yolunu dərindən öyrənmişdir: "Alimlər xalqın sevimlisinə çevrilirlər ki, böyük elmi xidmətlərlə kamil şəxsiyyəti, dünyəviliklə milliliyi öz simasında uğurla təcəssüm etdirmiş olsunlar. Akademik Arif Paşayev məhz belə ziyalılardandır. Ciddi araşdırmaları ilə bir çox xarici ölkələrdə Azərbaycan elminə başucalığı gətirən, təcrübəli, yüksək səriştəli elm və təhsil təşkilatçısı kimi bu sahələrin inkişafına yeni-yeni töhfələr verən, zəngin mənəviyyatdan və dərin vətənpərvərlikdən yoğrulan ictimai fəaliyyəti ilə xalqın hüdudsuz sevgisini qazanan müdrik insandır."

M.Kazımov bu əsərində Arif Paşayevin şəxsiyyəti və fəaliyyəti ilə yanaşı, həmçinin, görkəmli alimin mənsub olduğu nəsil və bu nəslin Azərbaycanın ictimai-siyasi mühitində, elm və təhsilində tutduğu mövqeyindən də bəhs edir.

M.Kazımov ədəbi-bədii gecədə çıxış edərkən, maraqlı bir faktı diqqətə çatdırdı: "Azərbaycan elminin inkişafına verdiyi töhfələrinə görə, akademik Arif Paşayevin xidmətlərini dörd istiqamətə ayırmaq mümkündür. Birincisi, Azərbaycan elminin inkişafına göstərdiyi xidmətlər. Bu sahədə Arif Paşayevin 400-dən çox elmi əsərləri dünya səviyyəsində geniş surətdə yayılmaqdadır. Ümummilli liderimiz Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, müstəqil Azərbaycan dövlətinin inkişafında ən əsas ordu quruculuğu təşkil edir. Əgər ordu quruculuğu dövlət quruculuğunda qırmızı xətt təşkil edirsə, onun aviasiya sahəsi bu quruculuğun ana xəttini təşkil edir. Bu sahədə akademik Arif Paşayevin böyük fəaliyyəti nəticəsində bu gün Azərbaycan aviasiyası çox yüksək səviyyədə inkişaf etməkdədir."

M.Kazımov akademik Arif Paşayev kimi alim haqqında belə bir kitabı hazırlayaraq oxuculara təqdim etdiyi üçün böyük qürur hissi duyduğunu bildirdi. Tədbirdə çıxış edən Milli Məclisin sədr müavini Ziyafət Əsgərov, millət vəkili Qənirə Paşayeva gözəl insan, böyük alim, xalqını, vətənini sevən vətənpərvər ziyalı, akademik Arif Paşayevin 75 illiyinə həsr olunmuş "insanlığın düz ünvanı" adlı kitabın müəllifi şair-publisist Mirkazım Seyidova öz minnətdarlıqlarını bildirdilər. Millət vəkilləri belə bir tədbirdə iştirak etmələri ilə böyük sevgi hissi keçirdiklərini qeyd etdilər. Bildirdilər ki, belə bir ziyalılarımız haqqında çoxlu kitablar yazılmalı və xalqımıza alimlərimizi tanıtdırmalıdırlar.

Təqdimat mərasimi musiqili ədəbi-bədii hissə ilə başa çatdı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2009.- 19 fevral.- S. 4.