Azərbaycan muğam sənətini əks etdirən filmin istehsalına başlanılıb

 

Muğam sənəti  Azərbaycanın professional musiqi mədəniyyətinin şifahi irsinin mühüm qismini təşkil etməklə, xalqın mədəni ənənələrində və tarixində dərin köklərə malikdir.

Bu mədəni ənənənin Azərbaycanda köklərinin olması ölkədə onun daşıyıcılarının sayı, eləcə də bəstəkarların, rəssamların, heykəltəraşların və şairlərin tükənməz ilham mənbəyi olan milli mədəniyyətdə mühüm rolu ilə təsdiqlənir. Belə bir sənət nümunəsinin Azərbaycan filmlərində əksi də əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycanda muğam sənətinə həsr olunmuş sənədli filmin istehsalına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, filmin rejissoru tanınmış klipmeyker Emin Mirabdullayevdir. Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən sənədli filmin adı hələ müəyyənləşdirilməyib. Sənətkarların fikirlərinin və maraqlı arxiv materiallarının əksini tapacağı filmin ssenari müəllifi Azərbaycan Milli Konservatoriyasının müəllimi Şəhla Mahmudovadır. Ümumi-bədii ənənələri təşkil edən Azərbaycan muğamları milli özünüdərk dəyərlərdən biri kimi qavranılır. Həm milli mədəniyyət üçün, həm də bütün bəşəriyyətin mədəniyyəti üçün Azərbaycan muğamının bədii dəyəri, onun yüksək mənalılığı YUNESKO kimi nüfuzlu beynəlxalq təsisat tərəfindən etiraf olunmuş və bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri elan edilmişdir. Belə bir zəngin irsin ortaya qoyulması məqsədi ilə filmdə nadir sənət nümunələrindən söz açılacaq. Azərbaycanın xalq artisti Əlibaba Məmmədovun Bülbül adına orta ixtisas Musiqi Məktəbində apardığı dərs və gənc xanəndə Səbuhi İbayevin ifasında "Qarabağ şikəstəsi" lentə alınıb. Bundan başqa, yazıçı Anarın çıxışı və onun həyat yoldaşı, musiqişünas Zemfira Səfərovanın xanəndə Cabbar Qaryağdıoğlu haqqında araşdırmalarından ibarət süjet əks olunub. Filmdə Heydər Əliyev Fondunun sektor müdiri Nadir Axundovun və görkəmli xanəndə Alim Qasımovun fikirləri də əksini tapıb.

 

 

Zümrüd

 

Səs.- 2009.- 19 fevral.- S. 12.