Bakı islam sivilizasiyası üçün mühüm və tarixi şəhərdir

 

Dünən mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin açılışı münasibətilə Azərbaycana gəlmiş İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüş keçirildi.

Görüşdə İslam Konfransı Təşkilatının (İKT) üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin bu ilin oktyabrında Bakıda keçiriləcək VI konfransı ilə bağlı məsələlər müzakirə edildi.

Ə.Qarayev qonağa "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçiriləcək çoxsaylı tədbirlər barədə ətraflı məlumat verdi.

Nazir bildirdi ki, İKT-in üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının gündəliyi artıq hazırdır və bu istiqamətdə ciddi işlər görülür. Növbəti iki il müddətində Azərbaycan bu konfransa sədrlik edəcək və bununla bağlı xüsusi plan hazırlanacaq.

Əbülfəs Qarayev Azərbaycanın İSESKO ilə əlaqələrə xüsusi önəm verdiyini bildirdi. "Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirlər bu əlaqələri daha da genişləndirəcək.

"Bakı-İslam Mədəniyyətinin Paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılışı münasibətilə təbriklərini çatdıran İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın bu tədbirə yüksək səviyyədə hazırlaşdığını bildirdi. Bakı islam mədəniyyəti və islam sivilizasiyası üçün çox mühüm və tarixi bir şəhərdir.

Əbdüləziz bin Osman əl-Tüveycri, Azərbaycan ərazisinin müəyyən hissəsinin erməni işğalı altında olduğunu da bildirdi. Bir çox tarixi abidələr, dini məbədlər, muzeylər, mədəniyyət və sivilizasiya məkanları dağıdılmışdır: "Biz İSESKO olaraq bunu qəti şəkildə pisləyirik. İnanırıq ki, yaxın vaxtlarda işğal olunmuş Azərbaycan torpaqları azad ediləcəkdir."

Görüşdən sonra keçirilən mətbuat konfransında nazir Əbülfəs Qarayev və İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri jurnalistlərin suallarını cavablandırdılar.

 

 

Zümrüd

 

Səs.- 2009.- 20 fevral.- S. 12.