Musiqili Komediya Teatrı 100 illik yubiley ərəfəsində
Teatrda "İddialı
qaraçı" tamaşası səhnələşdirilir
Azərbaycan Dövlət
Musiqili Komediya Teatrı yüz illik yubileyi ərəfəsində
daha bir əsərə səhnə həyatı verməyə
hazırlaşır. Mədəniyyət və Turizim
Nazirliyinin sifarişi olan bu yeni tamaşa İmre Kalmanın məşhur
"İddialı qaraçı" əsəridir. Artıq
tamaşanın məşqlərinə
başlanılmışdır.
İmre Kalmanın
adı Azərbaycan sənətsevərlərinə
yaxşı tanışdır. Kollektiv hələ 1939-cu ildə
bu məşhur müəllifin "Sirk kraliçası",
"Silva" əsərlərinə müraciət
etmişdi. "İddialı qaraçı" əsəri
də on il əvvəl teatrın rus bölməsində
tamaşaçılara təqdim olunmuşdur.
Quruluşçu rejissor Faiq Zöhrabov bu dəfə dirijor
Nazim Hacıəlibəyovla birgə "İddialı
qaraçı"nın sənət iddiasını, istedadını,
ifaçılıq məharətini, iradə və cəsarətini
göz önündə sərgiləməyə
çalışacaqlar. Tamaşanın səhnə tərtibatı
əməkdar rəssam İsmayıl Məmmədova və
istedadlı gənc rəssam, prezident təqaüdçüsü
Əli Cəfərova həvalə olunmuşdur.
Xalq artisti Elxan Əhədzadə
tamaşada Pali Raç rolunda tamaşaçıların
görüşünə gələcəkdir. Obrazın
ikinci ifaçısı isə teatrın səhnəsində
bir sıra maraqlı obrazlar yaratmış istedadlı aktyor Ələkbər
Əliyevdir.
Fərid Əliyevlə
Ramil Qasımov skripka kralının oğlu Lari Racın
obrazını yaradacaqlar. Ülviyyə Əliyeva ilə
Gültac Həsənova isə Racın qızı Zarinin
rolunu paylaşacaqlar. Tamaşaçılar digər rollarda əməkdar
artist Ramiz Məmmədovu, Nərgiz Kərimovanı, Novruz Əliyevi,
Elçin Həmidovu və başqa aktyorları görəcəklər.
Zümrüd
Səs.- 2009.- 20 fevral.- S. 12.