Xocalı soyqırımı
yaddan çıxmamalıdır
Onilliklər
dövründə erməni-daşnak millətçiləri və
onlara havadar olan ideoloqları hər vaxt erməni millətinə
qarşı genosid hadisələrini yad edir. Bu yaxın
vaxtlarda ABŞ-da Amerika yazıçısı Samuel Vilsiismin
“Ermənistan terrorçu xristian dövlətinin sirləri”
kitabı işıq üzü görmüşdü. Uzun illərin
zəhmətinin Londonda, Parisdə, Romada, İstanbulda və
Vaşinqtonda aparılan tədqiqatların nəticəsi olan
və sənədlərə istinad edilən bu kitab 400 səhifədən
ibarətdir. Müəllif kitabında qeyd edir ki, mən erməni
mənşəli amerikalıların 150 yaşlı “qədim”
vətənlərini mükafatlandırmaq üçün
türklərdən, eləcə də, Amerika
xristianlarından böyük məbləğdə pul vəsaiti
qoparmaq məqsədilə soyqırım və qətllərlə
bağlı uydurma və yalanlar yaydığını sübut
edən faktar aşkar etmişəm.
Dindar xristian olan Samuel
Vilsiismin kitabında yazır ki, 1918-ci ildə kiçik bir ərazidə
erməni dövlətinin yarandığı vaxtdan o,
qonşuları Gürcüstana, Osmanlı imperiyasına və
Azərbaycana qarşı torpaq iddiaları irəli sürməyə
başlamışdır.
Kitabda
eləcə də,
tanınmış tarixçi alim
Oğust Karyerin fikri verilir. O, ermənilərin
yalnız Nuh peyğəmbərin gəmisinin
qalıqlarının Ararat dağında
tapıldığına görə, guya ermənilər Nuh
peyğəmbərin nəslindən olan Haykın törəmələri,
Şərqi Anadolunun isə başdan-başa erməni
torpaqları olması barədə iddialarını rədd
edir. Beləliklə, ermənilərin mənşəyi barədə
məlumatları uydurmalara, daha dəqiq desək, ağ
yalana əsaslanır.
Qarabağa gəldikdə
isə Amerika alimi kitabında qeyd edir ki, həqiqət bundan
ibarətdir ki, 1800-cü ildə Qafqaz regionununda çox az
sayda erməni tapmaq olardı. Rusiya mənbələrinə
istinad edilərsə, Qafqaz bölgəsinin Rusiyaya birləşdirildiyi
dövrdə Qarabağda 90 min nəfər
yaşayırdı. O dövr üçün böyük
şəhər və 600 kənd var idi. Onların 150-də
ermənilər yaşayırdı.
Ancaq dağlı azərbaycanlılar
zorla köçürüldükdən sonra ermənilər
burada üstünlük təşkil etdilər. 1907-1912-ci illərdə
Rusiya çarizmi yarım milyondan çox ermənini
İrandan və Osmanlı dövlətindən, əsasən,
müsəlman azərbaycanlılarının
yaşadığı Qars, İrəvan və Yelizavetpola (Gəncə)
köçməsinə kömək etdi. Başqa sözlə, geosiyasi mənafelər naminə Qafqazda demokratik dəyişikliklər
edildi.
XX əsrin əvvəllərində
Qarabağdan çıxan bircə yol var idi, o da, Bakıya
gedirdi. Ermənistana isə bir yol da getmirdi. Təkcə bu fakt
çox şeydən xəbər verirdi. Bəlkə, elə
buna görə, hətta bolşeviklər də etiraf
etmişdilar ki, Qarabağ həmişə Azərbaycan
torpağı olmuşdur.
1918-ci il mayın 28-də
yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin ilk
addımlarından biri İrəvanın (Yerevan) siyasi mərkəzi
olmayan Ermənistan Respublikasına verilməsi idi. O zaman
yalnız İrəvan və Eçmiədzin (üç kilsə)
rayonlarından ibarət Ermənistanda cəmi 400000 əhali
yaşayırdı. Zaman göstərir ki, İrəvanın
verilməsi gənc Azarbaycan Cümhuriyyətinin
bağışlanılmaz səhvi idi və onun nəticələri
hələ də özünü göstərməkdədir.
Hazırda
“soyqırımı” haqqında car çəkən ermənilər
de-fakto vətəndaşı olmadıqları və
de-yure özlərini vətəndaşı hesab etdikləri
Osmanlı imperiyasına qarşı qeyri-loyal və xəyanətkar
münasibətləri barədə bir kəlmə də
danışmırlar. Halbuki o vaxt Osmanlı imperiyasının
özünü müdafiə etmək məqsədilə erməniləri
cəbhə xəttindən uzağa köçürməyə
qanuni haqqı var idi. Onlar aydın şəkildə hərbi əməliyyatlarda
rus ordusu tərəfində döyüşürdülər.
ABŞ-da bu hüquqa əsaslanaraq
İkinci Dünya müharibəsi illərində ölkənin
yapon mənşəli bütün vətəndaşlarını
qərb sahillərindən köçürmüşdü. Stalin
bu hüquqdan istifadə edərək sovet dövlətinin təhlükəsizliyini
qorumaq üçün Volqaboyunda yaşayan almanları
Qazaxıstana və Orta Asiyaya
köçürmüşdü.
Tarixdə belə
nümunələr çox olmuşdur. Böyük
Britaniyanın 1916-1922-ci illərdə baş nazir işləmiş
Leoyd Corcun qeyd etdiyinə görə, 1915-ci-ildə Osmanlı
imperiyasında baş verən faciəli hadisələrin təqsirkarları
Türkiyədə beşinci dəstəni maliyyələşdirən
Rusiya, eləcə də, rusları Osmanlı
torpaqlarını tərk etməyə məcbur edən
Britaniya imperiyasıdır. Həmin dövrdə sayca qat-qat
çox türk, azərbaycanlı, yəhudi və Qafqazın
digər xalqlarının nümayəndələrini qətlə
yetirmiş erməni quldur dəstələrinin əməllərini
də nəzərdən qaçırmaq olmaz.
Kiçik Ermənistan
dünyanın hər yerinə səpələnmiş həmtayfalarından
istifadə edərək, uzun illər xristian aləmini islama və
müsəlmanlara qarşı qaldırmağa
çalışmışdır. Samuel Vümsin fikrincə,
müsəlman aləmində Amerikaya “nifrətin” səbəblərindən
biri də budur.
“Ermənistan:
terrorçu xristian dövlətin sirləri” sənədli tədqiqat
əsərinin üz qabığında oxuculara belə
tövsiyə verilir: “Bu kitabı hər bir xristian və
Amerikada hər bir vergi ödəyicisi oxumalıdır.”
Biz isə deyə bilərik
ki, dünyanın həqiqəti əziz tutan hər bir vətəndaşı
oxumalıdır. Erməni millətçiləri tarix boyu
xalqımıza qarşı görünməmiş qətllər
və vəhşiliklər törətmişlər.
Tarixi Azərbaycan torpağı olan Zəngəzur,
Göyçə və digər ərazilər sovet rəhbərliyinin
əli ilə Ermənistana verildi. Dağlıq Qarabağ erməniləri
muxtariyyət qazandı və gələcəkdə qanunsuz ərazi
iddiaları üçün zəmin hazırlandı.
Erməni
daşnakları təkcə XX əsrdə dörd dəfə
(1905-1906,1918-1920,1948-1953,1988-1991) azərbaycanlılar indiki ermənilərin
məskən saldığı Ermənistan ərazisindən
tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya
olunmuşlar. “Türksüz Ermənistan” adı altında
mübarizəyə qalxan erməni millətçiləri və
onların havadarları, eləcə də, yaxın və uzaq
xaricdə yaşayan əl tutanları etnik təmizləmə
işini 1991-ci il avqustun 8-də başa
çatdırdılar. Meiri rayonunun son məntəqəsi
Nüvədi azərbaycanlı kəndi soyqırıma
düçar olaraq tarixi-etnik torpaqlarından deportasiya olundu. Belə
demək olar ki, indi Ermənistan adlanan Qərbi Azərbaycanda
bir nəfər də olsun azərbaycanlı
qalmamışdır.
1988-1991-ci illərdə
sovet dövlət başçılarının köməyi
sayəsində Ermənistan hökuməti Qərbi Azərbaycan-indiki
Ermənistan torpaqlarından 250 mindən artıq azərbaycanlı
ata-baba yurdlarından deportasiya edildi. XX əsrdə 2 milyondan əox
azərbaycanlı indiki bu ərazidə soyqırıma,
deportasiyaya düçar oldular.
1935-1991-ci illərdə
Ermənistanda Azərbaycan yer adlarına qarşı qərəzli
siyasət nəticəsində minlərlə toponimlər xəritədən
silinib erməniləşdirildi. Azərbaycanın tərkib
hissəsi olan Qarabağın Ermənistana birləşdirilməsi
məqsədilə 1988-ci ildən başlanan
separatçılıq hərəkatı
işğalçılıq müharibəsi, etnik təmizləmə
Azərbaycana qarşı cinayətkar siyasətin yeni mərhələsidir.
Hazırda Azərbaycanın
20%-i erməni işğalı altındadır. 1 milyondan cox insan
öz yurdundan didərgin salınıb. 18 min azərbaycanlı
qətlə yetirilib,
20 mindən çox dinc sakin yaralanıb,
5 mindən çox adam əlil
olub, 4 mindən çox insan əsir olub və itkin düşüb,
877 şəhər, kənd
qarət edilib, dağıdılıb.
Erməni birləşmiş
dəstələri Rusiyanın Xankəndindəki 366-cı
mexanikləşdirilmiş atıcı alayı ilə birlikdə
XX əsrin Xatun soyqırımı faciələrini arxada qoyan
Xocalı soyqırımını təşkil etdilər. O
vaxtkı respublika rəhbərlərinin cinayətkar əməlləri
nəticəsində şəhərin müdafiə işləri
pis təşkil olunmuşdur. 80 nəfərlik Xocalı
özünü müdafiə taboru heç bir zirehli texnika ilə
təchiz olunmamışdır. Onlara əsas briqadanın 11-ci
taboru isə 20 nəfərdən ibarət minaatanlar batalyonu
kömək edirdi. 60 nəfərlik milis dəstələri isə
təyyarə meydanını müdafiə edirdi.
1992-ci il fevralın 25-də
erməni daşnak hərbi birləşmələri,
366-cı alay (üç batalyondan ikisi tam tərkibdə, biri
isə qismən) eləcə də, xarici dövlətlərdən
gətirilmiş muzdur quldur dəstələri Xocalıya
hücum etdilər. Onlar ilk həmləni hava limanına
endirdilər. Şəhərin müdafiə qalxan əhalisi
azsaylı və pis silahlanmış olsalar da, qəhrəmanlıqla
döyüşmüşdülər.
Xüsusi təyinatlı
milis dəstəsinin komandiri, milis mayoru Əlif Hacıyev
döyüş meydançasında qəhrəmanlıq
göstərirdi. Onun başçılığı
altında olan 22 nəfərlik dəstə erməni-daşnak
birləşmələrinin hücumlarını üç dəfə
uğurla dəf etdi. Döyüşdə qüvvələr
bərabər deyildi. Mayor Əlif Hacıyev vəziyyətin
mürəkkəb olduğunu görəndə limanın
dispetçer məntəqəsini partladaraq erməni birləşmiş
qüvvələrin əlinə düşməsinə imkan
vermədi. Döyüşlərdə qorxmaz komandir
ağır yaralandı və qəhrəmancasına həlak
oldu. Ölümündən sonra Ə.Hacıyevə Azərbaycanın
Milli Qəhrəmanı adı verildi. Düşmən tankları, zirehli maşınlarının artilleriya
hazılığından sonra
Mehdi kənd, Daşbulaq istiqamətində
Xocalıya daxil oldu və şəhər
içərisində döyüşlər
başlandı. 366-cı
alayın mayor Ohanyanın komandası altında ikinci, mayor Nabogixin komandası altında üçüncü motoatıcı
taborları, eləcə
də, topçu
diviziyası, Lixodeyanın
başçılığı altında D-3 top taboru öz qəddarlığı, vəhşiliyi
ilə fərqlənirdi.
Tofiq Hüseynovun
başçılıq etdiyi ərazi özünü
müdafiə taborunun döyüşçüləri
çox qüvvətli, yırtıcı düşmənlə
ləyaqətlə döyüşürdülər. Tofiq son
nəfəsinədək vuruşdu, düşmən əsgərlərini
azdırıb, çoxlu insanın mühasirədən
çıxmasına imkan yaratdı. Son anda özü
mühasirəyə düşdü. O, düşmənə
təslim olmayaraq son gülləni özünə vurdu və
gözlərini ana torpaqda yumdu.
Ölümündən
sonra Tofiq Hüseynova Azərbaycanın Milli Qəhrəmanı
adı verildi. Ağdam-Əsgəran istiqamətində
yığılmış hissələr arasında əlaqə
və ümumi rəhbərlik olmaması üzündən
onlar erməni işğalçılarına qarşı
hücum qura bilmədilər.
Erməni vandalları
Xocalı şəhərlərində soyqırım törətdilər.
Şəhər od vurulub yandırıldı. Sağ
qalanların bir hissəsi, əsasən qadınlar, qocalar
uşaqlar şəhərin qərb istiqamətində iki yolla
Ağdama tərəf qaçmağa başladılar. Qarlı-şaxtalı gündə
ayaqyalın meşədə
qalan qaçqınların
çoxunu don vurdu, yaralıların bir hissəsi öldü. Səhərisi
gün sağ qalanların bir hissəsi Xocalıdan 6-7 km aralı Qaraqaya
adlı yerdə meşədən çıxarkən
pusquda dayanmış erməni faşist dəstələri tərəfindən güllə-baran edildilər. Xilas olaraq Adbal-Gülablı kəndinə
getməyə səy göstərənlər düşmən
mühasirəsinə düşüb,
atəşə tutuldular.
Erməni daşnakları
yaralılara aman vermir, meyidləri eybəcər hala salır, qadın və qızları təhqir edirdilər. Xocalı şəhərinin
sahəsi 970 km, əhalisi 13000 nəfər
idi. Xocalıda erməni vandalları
azərbaycanlılara qarşı
növbəti soyqırımı
törətdilər. 613 nəfər,
o, cümlədən,
106 qadın, 83 azyaşlı
uşaq,70 qoca öldürüldü.
1000 nəfərdən artıq
dinc sakin müxtəlif dərəcəli
güllə yarası alaraq şikəst oldu.
1275 nəfər əsir
alındı və 56
nəfər amansızlıqla
diri-diri yandırıldı,
başlarının dərisi
soyuldu, gözləri çıxarıldı, başları
kəsildi, hamilə qadınların qarnı
1918-ci ildəki mart soyqırımı zamanında
olduğu kimi sündüllə dəlik-deşik edildi.
Bu faciədə təkcə
erməni faşistləri və rus millətçiləri
deyil, həm də, uzun müddət düşmən əhatəsində
qalan şəhərə lazımi kömək etməmiş
düşmən hücumundan xəbər alan və əhalini
təhlükəsiz yerlərə köçürmək
üçün tədbirlər görməyən Azərbaycan
rəhbərliyi, eləcə də, hakimiyyət uğrunda
mübarizədə Qarabağ problemlərindən istifadə
edib siyasi vəziyyətin gərginləşməsinə
çalışan siyasətbazlar günahkar idilər.
Hələ də bir
çox dünya ölkələrinin ikili standartlar
prizmasından yanaşmalarının göstərmələrinin
nəticəsidir ki, bu dəhşətli Xocalı
soyqırımı heç bir yerdə deyilmir.
Rus ordu birləşmələri
ilə erməni quldur dəstələrinin insanlığa
yaraşmayan hərəkətləri cəzasız olaraq hələ
də qalmaqda davam edir.
Firudin Cümşüdlü,
ADPU-nun Azərbaycan
Tarixi Kafedrasının
Dosenti
Səs.- 2009.- 24 fevral.- S. 9.