Folklor İnstitutu milli-mənəvi dəyərlərin qorunduğu məbəddir

 

Dövlətçiliyin, milli ideoloji əsasların möhkəmləndirilməsində rolu olan Folklor İnstitutunun yaranmasından 15 il ötür

 

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Akademiyanın Humanitar - İctimai Elmlər Bölməsinin milli- humanitar, ictimai və milli - ideoloji təmayülünün istər elmi - mədəni, istərsə də ideoloji baxımdan əsas ağırlıq mərkəzlərindən biridir. Folklor İnstitutunun Azərbaycan milli dövlətçiliyinin, xüsusən, onun milli-ideoloji əsaslarının möhkəmləndirilməsində olduqca böyük əhəmiyyəti vardır. Belə ki, folklor çoxqatlı, çoxişarəli mürəkkəb bir sistemdir. Onun çoxsaylı növləri, janrları, şəkilləri, mətn tipləri və variantları ilə bərabər onların strukturunda dəyişməz, sabit modellər, məzmun və ifadə qəlibləri iştirak edir. Bu anlamda folklorun öz işarə sistemi, öz dil şifrəsi ilə açılan kodları mövcuddur. Sabit modellərdə dünya, insan və insanın mənəvi dünyası dövlət və dövlətçilik kimi anlayışlar bu sistemdə işarələnir.

Özünəqayıdış, özündən istifadə, özünüdərk yalnız folklora qayıdışla, ondan faydalanmaqla mümkündür. Cəmiyyətdə hər hansı bir ideyanın aşılanmasında, ictimai rəyin formalaşdırılmasında folklorun funksional imkanlarının reallaşdırılması effektivliyinə görə kommunikasiyanın heç bir başqa vasitəsi ilə müqayisə oluna bilməz. Çünki folklorun yaddaşında hazır kodlar mövcuddur, sadəcə olaraq, informatik siqnalların göndərilməsi onların funksionallığını təmin etmiş olur. İnstitut elmi tədqiqat funksiyasından başqa bu missiyanı da yerinə yetirir. Bu mənada Folklor İnstitutu milli - mənəvi dəyərlərin qorunduğu məbəddir. Ən əski çağlardan üzübəri xalqın yaratdığı gözəl dəyərlər, adətlər, ənənələr, davranışlar, oyun, yarış, tamaşa, rəqs, musiqi və söz burada qorunur. Folklorun bir tərəfdən operativ şəkildə toplanması və nəşri, digər tərəfdən isə onun aktiv kommunikativ sferaya daxil edilməsi bu institutun missiyalarındandır.

İnstitutun o qədər də uzun olmayan tarixi son illər Azərbaycanda milli - ideoloji və müstəqil dövlətçilik təfəkkürünün inkişafı ilə üst - üstə düşür.

Xalqın zəngin mənəvi dünyasının öyrənilməsi problemi müstəqil Azərbaycan Respublikasının qurucusu, ümummilli lider Heydər Əliyevin elm və mədəniyyət quruculuğu siyasətinin tərkib hissəsi kimi daim diqqət mərkəzində olmuşdur. 1993-cü ildə sosial - mədəni həyatımızda əhəmiyyətli dönüşə səbəb olan qayıdışdan sonra məhz “Folklor sarayı”nın yaradılması böyük və uzaqgörən şəxsiyyətin uğurlu siyasətinin nəticəsi kimi gerçəkləşmişdir.
Milli dövlət quruculuğunun ilk illərində, 1994-cü ildə çağdaş dövr Azərbaycan filologiya və estetik fikrinin patriarxı, görkəmli tənqidçi, ədəbiyyatşünas Yaşar Vahid oğlu Qarayevin ideya müəllifliyi və təşəbbüsü ilə Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzi kimi fəaliyyətə başlayan Folklor İnstitutu birbaşa dövlət siyasəti səviyyəsində milli - mənəvi dəyərlərə artan marağın təzahürü, milli - ideoloji işin elmi meyarlarla kompleksləşdirilməsinin faktı kimi yaranmışdır.

Humanitar institutların genişləndirilməsi və fəaliyyətinin yaxşılaşdırılması istiqamətində görülən fundamental işlər bunu bir daha təsdiqləyir.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü, diqqət və qayğısı ilə formalaşmış “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzinin yaradılması faktı Azərbaycan xalqının mənəvi ehtiyatlarının demokratik cəmiyyət və dövlət quruculuğu işinə səfərbər edilməsinin real təzahürüdür. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi dönəmində müttəfiq respublikaların Elmlər Akademiyaları sistemində Folklor və Etnoqrafiya, Folklor və Arxeologiya bölmə və institutları fəaliyyət göstərirdi. Amma Azərbaycanda bu günədək belə bir institut mövcud deyildi. Folklor Elmi - Mədəni Mərkəzinin yaranması son illərdə bu boşluğun aradan qaldırılması üçün geniş imkanlar açdı. Zəngin folklor materialının toplanması, tərtibi, təsnifi, tədqiqi və nəşri, eləcə də elmi - nəzəri və praktiki işlərin reallaşması ardıcıl və ciddi fəaliyyət sferasına daxil oldu. Belə səmərəli fəaliyyətin nəticəsi çoxcildli regional antologiyaların, tematik elmi topluların, dissertasiya və monoqrafiyaların, tədqiq və tərcümələrin mükəmməl nümunələrinin nəşri üçün geniş imkanlar açdı, folklorumuzun bir çox vacib problemləri öz həllini tapa bildi.

İnstitutun sələfi “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzi 1995-ci ilin yanvarından Azərbaycan EA Rəyasət Heyətinin qərarı ilə hüquqi şəxs statusu almışdır. Bundan sonra “Azərbaycan folkloru antologiyası” silsiləsindən olan və ilk cildi (“Naxçıvan folkloru”) Nizami adına Ədəbiyyat İnstitutunda hazırlanaraq “Sabah” nəşriyyatında çap edilən seriyanın növbəti cildlərini hazırlayıb nəşr etmək səlahiyyəti də “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzinə həvalə edilmişdir.

Respublikada nəşr olunan bütün folklor materiallarının ixtisaslı ekspertizadan keçirilməsini təmin etmək məqsədilə “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzi yanında Vahid Koordinasiya Mərkəzinin yaradılması Ədəbiyyat İnstitutunun direktoru, AMEA -nın müxbir üzvü professor Yaşar Qarayevə tapşırılmışdır.

Fəaliyyəti dövründə “Folklor Sarayı” Elmi Mədəni Mərkəzi Azərbaycan EA Rəyasət Heyətinin qərarlarından irəli gələn vəzifələri artıqlaması ilə yerinə yetirməklə bərabər, folklorumuzun toplanması, nəşri, tədqiqi və təbliği sahəsində öz təşəbbüsü ilə bir sıra əlavə işlər də görmüşdür.

1994-cü ildə “Folklor Sarayı” formalaşdırılarkən onun tərkibində “Folklorşünaslıq”, “Müqayisəli folklorşünaslıq”, “Toplama və ekspedisiya” kimi üç şöbə və folklor arxivi təsis etmək planlaşdırılırdı. Bu da tarixi zərurətdən doğan aktual bir proqram idi. Çünki uzun illərdən bəri Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən “Şifahi xalq ədəbiyyatı” şöbəsi qarşısında duran problemlərin öhdəsindən gəlmək üçün kifayət qədər qüvvəyə malik deyildi. Azərbaycan folklorunun böyük hissəsi hələ də toplanılmamış, araşdırılmamış və nəşr olunmamış vəziyyətdə qalırdı. Onun hələ də elmi - təşkilati mərkəzi, vahid milli arxivi, çoxsaylı nümunələri əhatə edən vahid kartotekası, periodik nəşri, beynəlxalq folklor qurumları ilə sıx əlaqəsi yox idi. “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzinin yaradılmasından sonra bu sahədə xeyli irəliləyiş baş verdi. Mərkəz İnstituta çevrilənədək orada “Folklorşünaslıq”, “Müqayisəli folklorşünaslıq”, “Aşıq yaradıcılığı”, “Qorqudşünaslıq” şöbələri fəaliyyət göstərirdi. Bu şöbələr Ədəbiyyat İnstitutunun kadr potensialı əsasında komplektləşdirilmiş, eləcə də bir çox elmi kadrlar, respublikanın ali təhsil ocaqlarından görkəmli folklorşünaslar buraya cəlb edilmişdi.

Mərkəzdə aparılan gərgin və səmərəli iş nəticəsində qısa müddətdə folklor arxivi yaradıldı və getdikcə bu proses ardıcıl və intensiv xarakter almağa başladı. Burada video və audio fondlarının yaradılmasına da böyük diqqət yetirildi. Folklor arxivinin yaradılmasında və zənginləşməsində əsas qaynaq kimi aparıcı yeri folklor ekspedisiyaları zamanı yazıya alınmış, video və audio lentlərinə köçürülmüş materiallar tutur. Bu örnəklərin toplanmasında mərkəzin əməkdaşlarının keçirdiyi elmi ekspedisiyalar mühüm rol oynamışdır. Bundan başqa ayrı - ayrı fərdi arxivlərdə saxlanan, qorunan bir çox qiymətli folklor örnəkləri də mərkəzi arxivdə cəmləşdirilmiş və bunlar çağdaş arxivşünaslıq elmi tələbləri səviyyəsində sistemləşdirilmişdir.

1995-ci ildən fəaliyyətə başlayan arxivə 600-dən artıq qovluq folklor materialı daxil olmuşdur. Bunların arasında 70 dastan, 700-ə qədər nağıl, külli miqdarda atalar sözü və məsəllər, arxaik folklor janrı nümunələri, tapmacalar, bayatılar, əfsanələr, rəvayətlər, ağılar, alqışlar, qarğışlar, oxşamalar, aşıq şeirləri, lətifələr, qaravəllilər və b. folklor janrlarına aid örnəklər vardır. İnstitutumuzun elmi arxivi bu gün respublikamızın folklorşünas alimləri üçün zəngin bir elmi - tədqiqat bazası rolunu oynamaqdadır.

Zəngin folklor materiallarını özündə cəmləşdirən folklor arxivi, Azərbaycan folkloru, müqayisəli folklorşünaslıq kimi yüksək elmi potensiala malik şöbələri özündə birləşdirən Elmi - Mədəni Mərkəz fəaliyyətinin ilk illərində folklorşünaslıq elmimizin inkişafında həm kəmiyyət, həm də keyfiyyət baxımından əvvəlki illərdən müqayisəolunmaz dərəcədə fərqlənən elmi nəticələr ortaya qoydu və getdikcə, sözün həqiqi mənasında, yalnız folklorşünaslığın deyil, milli - humanitar fikrin respublikada əsas mərkəzlərindən birinə çevrildi.

1998-ci ildə “Kitabi-Dədə Qorqud” abidəsinin 1300 illik yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi zamanı “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi istər elmi yaradıcılıq, istərsə də əsas təşkilati işləri öz üzərinə götürdü. Bütün varlığı ilə xalqına, onun milli-mənəvi dəyərlərinə bağlı olan böyük öndərimiz Heydər Əliyevin milli özünəqayıdış və milli düşüncəmizin formalaşması istiqamətində apardığı ardıcıl siyasətin nəticəsi olaraq “Folklor Sarayı” Elmi - Mədəni Mərkəzi az müddətdə Azərbaycan Milli Elmlər Akademiyasının ən aktual elmi strukturlarından birinə çevrildi, ştat vahidi xeyli genişləndirildi, daha iki yeni şöbə - “Qorqudşünaslıq” və “Aşıq yaradıcılığı” şöbələri yaradıldı, “Dədə Qorqud” beynəlxalq dərgisi fəaliyyətə başladı. Beləliklə, 1994-cü ildən fəaliyyət göstərən Elmi - Mədəni Mərkəzin inkişafında 1998- ci il əsaslı dönüş, fəaliyyət sferasının genişləndirilməsi ili kimi yadda qaldı.
Həmin illərdə Lord Beyts adına Beynəlxalq Folklor Mərkəzinin Altıncı Beynəlxalq Simpoziumu Dədə Qorqud yubileyi ilə bağlı Bakıda keçirilmiş, Azərbaycan Elmlər Akademiyasında II Beynəlxalq Azərbaycan - Türkiyə Kollokviumu toplanmış, respublikanın bir çox bölgələrində (Şəki, Quba, Lənkəran) bir sıra regional folklor müşavirələri təşkil olunmuşdur. Bütün bunların hamısı “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin ideya rəhbərliyi və yaxından iştirakı ilə gerçəkləşdirilmişdi.

2000-ci ildə “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi Qırğızıstanın paytaxtı Bişkek şəhərində yaradılan Beynəlxalq Epos Mərkəzinin həmtəsisçilərindən biri kimi öz fəaliyyətini daha geniş müstəviyə keçirmişdir. Mərkəz 2002-ci ilin iyununda Türkiyənin Selevki şəhərində keçirilən “Uluslararası folklor simpoziumunda” fəal iştirak etmiş, mərkəzi təmsil edən əməkdaşlar fəxri diplomlarla mükafatlandırılmışlar. Mərkəz bir sıra ölkələrin oxşar qurumları ilə, o cümlədən, YUNESKO kimi mötəbər təşkilatla birbaşa əlaqələr yaratmışdır.
Mərkəz istər folklorun ayrı-ayrı bölgələrdən toplanması, kataloqlaşdırılması, nəşri, istərsə də onların professional folklorşünas tədqiqatları predmetinə çevrilməsi sahəsindəki işi az bir müddət ərzində işıq üzü görən onlarla antologiyalarda, monoqrafiyalarda, elmi məcmuələrdə oxuculara təqdim edildi.

Mərkəzin istər gördüyü işlərin mahiyyət və miqyası, milli dövlətimizin taleyində kəsb elədiyi əhəmiyyət, eləcə də elmi-təşkilati fəaliyyət sferasının avtonomluğu, istərsə də texniki-təchizat baxımından müstəqilliyi onun AMEA-nın tərkibində müstəqil struktur vahidinə - instituta çevrilməsinə tam əsas verirdi. Dövlət və dövlətçilik ideologiyasına folklorda yaşayan milli-mənəvi dəyərləri transfer etmək üçün institutun müstəqilliyini zaman özü qaçılmazlığa çevirmişdi. Bütün bunların nəticəsi olaraq, 2003-cü ilin fevralından “Folklor Sarayı” AMEA-nın struktur vahidinə-instituta çevrildi.

Hazırda institutun 220 əməkdaşı vardır. Onlardan biri AMEA - nın həqiqi üzvü, biri müxbir üzvü, on üçü elmlər doktoru, otuz səkkizi  elmlər namizədidir. Folklor İnstitutunun strukturu özündə direktorluq, elmi-tədqiqat bölmələri, redaksiya-nəşriyyat şöbəsi, elmi arxiv, elmi kitabxana, “İrs” folklor qrupu və üç sektoru birləşdirir. İnstitutun elmi - tədqiqat bölmələrinə Azərbaycan folkloru şöbəsi, Türk xalqları folkloru şöbəsi, Qorqudşünaslıq şöbəsi, Aşıq yaradıcılığı şöbəsi, Aşıq musiqisi və saz ifaçılığı şöbəsi, Mifologiya şöbəsi, Folklor nəzəriyyəsi şöbəsi, Folklor laboratoriyası daxildir.

İnstitutda Azərbaycan folklorunun nümunələri və türk mifoloji mətnləri respublikanın bütün regionlarından, xarici türk folklor bölgələrindən toplanılır, sənədləşdirilir, elmi təsnifi, tərtibi və kataloqlaşdırılması təmin edilir, həmçinin, folklor mətnləri  üzə çıxarılaraq izahlı folklor lüğəti və toplusu, Azərbaycanın ayrı - ayrı regionları üzrə folklor antologiyaları və onların əsasında Azərbaycan folkloru külliyyatları yaradılır. Bundan əlavə, Azərbaycan folklor atlasının tərtib edilməsi, onun lokal, regional, etnik, milli və qlobal əlaqələrinin tədqiqi, Azərbaycan folklorunun və mifologiyasının elmi-nəzəri məsələləri haqqında monoqrafik tədqiqatların yazılması, çoxcildli folklor, mifologiya və folklorşünaslıq tarixinin hazırlanması İnstitutun həyata keçirdiyi əsas elmi istiqamətlərdir.

 

 

ZÜMRÜD

 

Səs.- 2009.- 25 fevral.- S. 12.