Xocalı faciəsi Azərbaycanın ərazi
bütövlüyünə qarşı yönəlmiş
ənənəvi terror
siyasətidir
ADPU-da Xocalı
soyqırımının 17-ci ildönümü qeyd olundu
Dünən Azərbaycan
Dövlət Pedaqoji Universitetdə (ADPU) Xocalı faciəsinin
17-ci ildönümünə həsr olunmuş tədbir keçirildi.
Tədbir başlamazdan öncə Xocalı faciəsi
zamanı, eləcə də Azərbaycanın suverenliyi, ərazi
bütövlüyü və dövlətçiliyi
uğrunda şəhid olmuş bütün
soydaşlarımızın ruhları bir dəqiqəlik
sükutla yad edildi.
Sonra
çıxış edən universitetin prorektoru, professor Rafiq
Baxşəliyev, qeyd etdi ki, Prezidentin İcra Aparatının
rəhbəri Ramiz Mehdiyevin 16 fevral 2009-cu il tarixli sərəncamı
ilə Xocalı soyqırımının 17-ci
ildönümü ilə əlaqədar tədbirlər
planı təsdiqlənib. Tədbirlər planına əsasən,
xalqımız fevralın 26-da Xətai rayonundakı Xocalı
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidəni və Şəhidlər
Xiyabanını ziyarət edəcəklər. Prorektor həmin
gün həm də respublikamızın bütün ərazisində
saat 17:00-da Xocalı faciəsi qurbanlarının xatirəsinin
bir dəqiqəlik sükutla yad ediləcəyini diqqətə
çatdırdı: “Xocalı soyqırımı haqqında
həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması məqsədilə xarici kütləvi
informasiya vasitələri, teleradio kanalları və internet
şəbəkəsi ilə bu qanlı qırğına həsr
olunmuş materialların yayılması və Azərbaycanın
xarici ölkələrdəki səfirliklərində,
nümayəndəliklərində və diaspor təşkilatlarında
anım mərasimlərinin keçirilməsi nəzərdə
tutulub. Tədbirlər planında eləcə də ölkəmizin
televiziya və radiolarında, kütləvi informasiya vasitələrində
Xocalı soyqırımı ilə bağlı
materialların verilməsi, idarə və təşkilatlarda,
ali və orta məktəblərdə tədbirlərin
keçirilməsi nəzərdə tutulub”.
Bugünkü
toplantının da məhz həmin sərəncam çərçivəsində
həyata keçirildiyini vurğuladı. Bildirdi ki, ADPU-da
Xocalı soyqırımına həsr edilmiş bir neçə
tədbir keçirilib. Belə ki, fevralın 18-dən 26-dək
universitetin bütün fakültə və şöbələrində
bu qanlı hadisə ilə bağlı matəm mərasimləri
keçirilib, soyqırımın şahidi olan insanlarla
görüşlər təşkil edilib, faciəyə həsr
edilmiş xüsusi bülletenlər hazırlanıb, söhbətlər
və müzakirələr aparılıb. Fevralın 26-da
universitetin bütün fakültələrində ilk dərs
saatlarının və seminar məşğələlərin
Xocalı soyqırımına həsr ediləcəyini
söyləyən R.Baxşəliyev, həmin gün
universitetin mühəndis-pedaqoji və bədii qrafika
fakültəsində Xocalı soyqırımına həsr
edilmiş rəsm sərgisinin keçiriləcəyini də
nəzərə çatdırdı. ADPU-nun Tələbə-Gənclər
Təşkilatı da kompüter mərkəzi ilə birlikdə
internet saytlarına Xocalı qətliamına həsr
edilmiş materiallar daxil ediblər.
Daha sonra
çıxış edən Xocalı şəhər təhsil
şöbəsinin müdiri Məhəmməd
Şükürov, 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə Xocalıda baş vermiş dəhşətli faciənin
azərbaycanlıların yaddaşından silinmədiyini
bildirdi: “Xocalı faciəsi XX əsrdə ermənilər tərəfindən
xalqımıza qarşı törədilmiş növbəti
kütləvi qırğın olmaqla bərabər, həm də
Azərbaycanın ərazi bütövlüyünə və
dövlət müstəqilliyinə qarşı yönəlmiş
ənənəvi terror siyasətinin əyani təzahürüdür.
Bu soyqırımı həm də bəşəriyyətə
və insanlığa qarşı yönəlmiş ən qəddar
cinayətlərdən biridir. Beynəlxalq hüququn norma və
prinsiplərinə əsla məhəl qoyulmadan həyata
keçirilmiş bu soyqırım aktı
xalqımızın azadlıq və müstəqillik istəyini
məhv etməyə yönəldilmişdi”.
M.Şükürov
Xocalı soyqırımının ermənilər tərəfindən
törədilmiş birinci qətliam olmadığını
bildirdi. Mənfur ermənilərin hələ 1906 və 1918-ci
illərdə bu şəhəri yandırıb külə
döndərdiyini, əhalisini isə qırıb məhv
etdiklərini tədbir iştirakçılarının diqqətinə
çatdırdı: “Lakin namərd və xain qonşularımız
olan ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən
gecə daha dəhşətli və daha qəddar bir cinayət
törətdilər. Mübaliğəsiz demək olar ki,
Xocalı faciəsi bəşər tarixində misli
görünməmiş bir cinayət aktıdır. Həmin o
dəhşətli gecədə 366-cı motoatıcı alay
Xocalı şəhərini sakinləri ilə birgə tamamilə
məhv etdi. Faciə zamanı 613 nəfər, o cümlədən
106 qadın, 63 uşaq, 70 qoca ermənilər tərəfindən
vəhşicəsinə qətlə yetirildi, 1275 nəfər
dinc sakin əsir götürüldü, 150 nəfər isə
itkin düşdü”.
Gənclər və
İdman Nazirliyinin Tələbə və Tələbə Təşkilatları
ilə İş üzrə sektorunun müdiri, tarix elmləri
namizədi Elşən Hüseynov isə öz
çıxışında Xocalı
soyqırımının işğalçı Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzünün əsil
mahiyyətini və erməni vəhşiliyinin dəhşətlərini
bütün çılpaqlığı ilə üzə
çıxardığını dedi. Xocalı faciəsi ərəfəsində
həmin dövrün tarixi-siyasi şəraiti üzərində
dayanmağı məqsədəuyğun sayan E.Hüseynov,
Xocalının erməni hərbi birləşmələri tərəfindən
mühasirəsinin faktiki olaraq, 1991-ci ilin oktyabrından
başladığını qeyd etdi.
Tədbirdə Xocalı
faciəsinin şahidləri çıxış etdilər,
faciəyə həsr olunan video çarxlar, o cümlədən,
Prezident İlham Əliyevin soyqırımla bağlı bir dəqiqəlik
nitqi nümayiş etdirildi.
KÜBRA ƏLİYARLI
Səs.- 2009.- 25 fevral.- S. 16.