XOCALI SOYQIRIMI BÜTÜN BƏŞƏRİYYƏTƏ QARŞI YÖNƏLMİŞ CİNAYƏTDİR

 

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FACİƏ QURBANLARININ XATİRƏSİNİ ANMA MƏRASİMİNDƏ İŞTİRAK EDİB

 

On yeddi il əvvəl, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində törədilmiş Xatın, Liditsa, Soqmi, Babi Yar, Salaspils, Oradur faciələri ilə bir sırada duran Xocalı soyqırımı baş vermişdir. Azərbaycanın tarixinə qanlı hərflərlə yazılmış həmin gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayın zirehli texnikasının və hərbçilərinin köməyi ilə qədim Xocalı şəhərini yerlə-yeksan etmişlər.

Bu qanlı gecədə erməni təcavüzkarlarının törətdikləri vəhşilik yaddaşlardan heç zaman silinməyəcəkdir. Çünki həmin gecə baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyildi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qanlı cinayət idi. “Böyük Ermənistan” dövləti yaratmaq kimi xəstə xülyanın əsiri olmuş erməni millətçilərinin xalqımıza qarşı törətdikləri bu növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın həyatına son qoydu. Bu faciə zamanı 1275 dinc sakin əsir götürüldü, onlardan 155 nəfərinin taleyi hələ də məlum deyildir.

Buna baxmayaraq, o zamankı Azərbaycan hakimiyyəti bu dəhşətli hadisəyə siyasi qiymət verilməsi, qanlı qırğın barədə obyektiv məlumatların dünya ictimaiyyətinə çatdırılması üçün heç bir iş görmədi.

Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra bu qanlı faciəyə ilk dəfə hüquqi-siyasi qiymət verildi. Ulu öndər bununla bağlı demişdir: “Xocalı soyqırımı XX əsrin ən böyük insan faciələrindən biridir. Xocalıda misli görünməmiş qəddarlıqla törədilmiş bu insan qırğınının Yer kürəsinin hər hansı bir guşəsində baş verməsinin qarşısını almaq üçün Xocalı soyqırımı həqiqətləri dünya ictimaiyyətinə hərtərəfli çatdırılmalı və humaniz ideallarına sədaqət nümayiş etdirən bütün insanların bu faciəyə öz qəti, birmənalı mövqelərini bildirmələri üçün ciddi və məqsədyönlü iş aparılmalıdır”.

Azərbaycan dövləti dünya dövlətlərinin, sülhsevər insanların, nüfuzlu beynəlxalq təşkilatların Xocalı qırğını barədə həqiqəti bilməsi, insanlığa qarşı törədilmiş bu cinayətin beynəlxalq səviyyədə də öz hüquqi qiymətini alması istiqamətində məqsədyönlü tədbirlər görür.

Hər il bu müdhiş faciənin ildönümü ölkəmizdə, dünyanın müxtəlif dövlətlərində yaşayan soydaşlarımız və digər dost xalqların nümayəndələri tərəfindən ürək ağrısı ilə qeyd olunur.

Bu günlərdə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, həmçinin Heydər Əliyev Fondunun hazırladığı materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər hazırlanır. Beynəlxalq ictimaiyyətin məlumatlandırılması və Xocalı hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi məqsədi ilə xarici ölkələrin parlamentlərinə, dövlət qurumlarına, beynəlxalq təşkilatlara, nüfuzlu KİV-lərə müraciətlər ünvanlanır.

Həmin tədbirlərdə və müraciətlərdə vurğulanır ki, bu faciə davakar erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Ermənilər bu dəhşətli qırğını törətməklə Azərbaycan xalqının mübarizə əzmini qırmaq, onu tarixi torpaqlarımızın işğalı faktı ilə barışmağa məcbur etmək istəyirdilər. Lakin onların bu niyyətləri baş tutmadı.

Hazırda Cənubi Qafqazın iqtisadi güc mərkəzinə çevrilmiş, dünyada mövqeyini daha da möhkəmləndirmiş, hərbi qüdrətini təmin etmiş Azərbaycan dövləti düşmən tapdağı altında olan torpaqlarını istənilən yolla azad edəcək, şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Xocalı soyqırımının 17-ci ildönümü ilə əlaqədar anma mərasimində iştirak etmək üçün fevralın 26-da səhər tezdən Azərbaycan paytaxtının minlərlə sakini Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə toplaşmışdı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anma mərasimində iştirak etmişdir. Abidənin yanında fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyev abidənin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi.

Mərasimdə Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, digər dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Mərasim iştirakçıları abidənin önünə tər qızılgüllər, qərənfillər düzdülər.

 

 

Naib NİFTƏLİYEV

 

Səs.- 2009.- 27 fevral.- S. 2.