“Xocalıya Ədalət”
Leyla Əliyevanın təşəbbüsü
ilə bu adda beynəlxalq kampaniya və kampaniyanın internet səhifəsinin
təqdimat mərasimi keçirilib
Azərbaycan
Respublikasının İngiltərədəki səfirliyinin mətbuat
xidmətinin rəhbəri Polad Məmmədoğlunun “Səs”
qəzetinə verdiyi məlumata əsasən, Böyük
Britaniyanın tanınmış tədqiqat mərkəzlərindən
sayılan İmperiya Hərb Muzeyində Xocalı
soyqırımı qurbanlarının anma mərasimi və
“Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma
kampaniyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə
Böyük Britaniya Parlamentinin üzvü Mayk Henkok, dövlət
qurumlarının, o cümlədən, Xarici İşlər
Nazirliyinin rəsmiləri, Londonda akkreditə olunmuş səfirliklərin
nümayəndələri, Qafqaz regionu üzrə
ixtisaslaşmış tədqiqat mərkəzlərinin təmsilçiləri,
jurnalistlər və Azərbaycan və türk
icmalarının üzvləri iştirak ediblər.
Tədbiri giriş
sözü ilə açan ölkəmizin İngiltərədəki
səfiri Fəxrəddin Qurbanov Xocalı faciəsinin
xalqımızın tarixində qanlı səhifələrdən
biri olduğunu vurğulayıb. Faciə qurbanlarının
yalnız azərbaycanlı olduqları üçün
kütləvi qətlə məruz qaldıqlarını qeyd
edib. O, eyni zamanda, faciəyə indiyə qədər beynəlxalq
ictimaiyyət və əlaqədar beynəlxalq təşkilatlar
tərəfindən müvafiq qiymət verilmədiyinin təəssüfdoğurucu
hal olduğunu diqqətə çatdırıb.
Daha sonra
çıxış edən Cənubi Qafqaz üzrə
tanınmış tədqiqatçı professor Tamara Draqadze
faciənin miqyasından təfsilatlı şəkildə bəhs
edib. Bu addımı yalnız Azərbaycan xalqına
qarşı deyil, bütövlükdə bəşəriyyətə
və bəşəri dəyərlərə qarşı
törədilmiş cinayət kimi dəyərləndirib. O,
hadisələrin baş verdiyi ərəfədə regionda
olduğunu və faciənin əsil miqyası ilə çox
yaxından tanış olduğunu diqqətə
çatdırıb. Eyni zamanda, vurğulayıb ki, bir sıra
cəhdlərə baxmayaraq, faciəyə indiyə qədər
beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən
həqiqi qiymət verilməyib və bu istiqamətdə Azərbaycan
hökumətinin apardığı məlumatlandırma
kampaniyasını yüksək qiymətləndirib.
Çıxışların
ardınca Heydər Əliyev Fondu tərəfindən
hazırlanmış və Xocalı faciəsini özündə
əks etdirən videoklip nümayiş etdirilib.
Tədbir çərçivəsində
İslam Konfransı Təşkilatının Gənclər
Forumu və qurumun Mədəniyyətlərarası Dialoq
üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü
ilə başlanmış “Xocalıya Ədalət” beynəlxalq
kampaniyasının və kampaniyanın internet səhifəsinin
təqdimat mərasimi keçirilib. Beynəlxalq kampaniyanın
Böyük Britaniya üzrə koordinatoru olan “Odlar Yurdu” cəmiyyətinin
icraiyyə komitəsinin üzvü Britt Montimer
çıxış edib və sözügedən kampaniya
haqqında, kampaniya çərçivəsində
hazırlanmış internet səhifəsi və kampaniyaya
qatılmaq şərtləri ilə bağlı ətraflı
məlumat verib. Geniş ekranda isə kampaniyanın internet səhifəsinin
görüntüləri verilib.
Tədbirin gedişində
Xocalı faciəsi və Qarabağ müharibəsindən bəhs
edən kitab və broşuralar paylanıb, o cümlədən,
“Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgisi
nümayiş etdirilib.
KÜBRA ƏLİYARLI
Səs.- 2009.- 27 fevral.- S. 4.