“Yeni Azərbaycan Partiyasına alternativ görmürəm”

 

Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Formunun Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Mirkazım Seyidovun müsahibəsi

 

Mirkazım Seyidov: “İstərdim ki, digər siyasi partiyalar da YAP-la əməkdaşlıq etsin”

 

- Mirkazım müəllim, martın 18-də ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı referendum keçiriləcək. Bu dəyişiklikləri necə qiymətləndirirsiniz və sizcə, bu, hansı zərurətdən yaranıb?

- Martın 18-də keçiriləcək referendumla bağlı diskussiyalar gedir. Bu məqsədlə təbliğat-təşviqat kampaniyaları aparılır. Ümumiyyətlə, ölkə Konstitusiyasına edilən əlavə və dəyişikliklərlə bağlı referendumun keçiriməsi hər bir vətəndaşdan qətiyyət tələb edir. Onların bu səsvermədə iştirak etmələri olduqca vacibdir. Çünki hər bir azərbaycanlının gələcək taleyi bu əlavə və dəyişikliklərdən çox asılıdır. Hər bir insan Konstitusiyaya edilən əlavə və dəyişikliklərin mahiyyətini yaxından dərk edərsə, bunun əhalinin sosial-rifah halının yaxşılaşdırılmasına, dövlətimizin güclənməsinə, eləcə də milli maraqlarımızın tam qorunmasına xidmət etdiyini anlayacaq. Bu baxımdan, referendumda aktiv iştirak etməsi hər bir ölkə vətəndaşının borcudur.

Konstitusiyanın 29 maddəsinə edilən 41 dəyişikliyin hər biri insanların hüquq və azadlıqlarının qorunmasına, onların sosial yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir. Burada uşaqların bilavasitə dövlətin nəzarətinə alınması, bələdiyyələrin fəaliyyətinin stimullaşdırılması kimi əhəmiyyətli dəyişikliklər nəzərə alınıb.

- Referendumun əleyhinə çıxan bəzi qüvvələr 101-ci maddənin 5-ci bəndinə edilən əlavəni daha çox müzakirə predmetinə çevirirlər. Onların bu əsassız açıqlamalarının arxasında hansı məqsəd dayanır?

- Onlar 101-ci maddənin 5-ci bəndi haqqında əsassız məlumatlar yaymaqla seçiciləri çaşdırmaq və cəmiyyətdə qalmaqal yaratmaq məqsədi güdürlər. Onların iddiasına görə, Konstitusiyanın müvafiq əlavəsinə səs verməklə Azərbaycanda monarxiyanın bərqərar olunmasına səs vermiş olacağıq. Bu fikirlər həqiqəti əks etdirmir. Çünki əlavədə qeyd olunur ki, yalnız müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Eyni zamanda, qeyd olunur ki, bu barədə qərar seçkilərin, yəni referendumun keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir.

Zaman-zaman dünyanın istənilən ölkəsində Konstitusiyaya əlavə və dəyişikliklər edilir. Hər bir seçici seçdiyi və etimad göstərdiyi şəxsin istədiyi müddətdə Prezident seçilməsini arzu edir. Bu, hər bir Azərbaycan vətəndaşının hüququdur. Əgər cənab İlham Əliyev bütün ömrünü vətəninin, dövlətinin və millətinin inkişafına sərf edirsə, bu yolda yürütdüyü siyasi xətti dəyişmirsə, nə üçün üçüncü dəfə Prezident seçilməməlidir? Real həyatda ümumi dövlət prinsiplərinin və ümummilli maraqların qorunması, xalqa sədaqət nümunəsinin göstərilməsi, Onun növbəti 5 illiyə ölkə Prezidenti seçilməsinə zərurət yaradır. Yaxud nə üçün Azərbaycan vətəndaşı öz seçim hüququndan məhrum olmalıdır? Burada söhbət Yeni Azərbaycan Partiyasının 500 mindən artıq üzvünün istəyindən getmir, bu, əksər Azərbaycan seçicisinin arzusudur. Hətta xalqa imkan verilərsə, cənab İlham Əliyev dördüncü dəfə də Azərbaycan Prezidenti seçilər. Beləliklə, bu əlavə ilə hər bir ölkə vətəndaşına yeni hüquq verilir. Əgər mən iqtidar partiyasının yürütdüyü siyasəti dəstəkləyirəmsə, Ona yenidən səs vermək hüququma məhdudiyyət qoyula bilməz. Bir sözlə, Konstitusiyanın 101-ci maddəsinin 5-ci bəndinə edilən əlavə hüquqi cəhətdən olduqca əsaslıdır.

Konstitusiya aktı hüquqi sənəd olduğundan onu bu qədər siyasiləşdirmək lazım deyil. Çox təəssüflər olsun ki, bunun mahiyyətini dərk etmədən cəmiyyətə yanlış təqdim etmək istəyənlər var. Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını martın 18-də keçiriləcək referendumda aktiv iştirak etməyə çağırıram. Bu əlavə və dəyişikliklərin öz təsdiqini tapmasına səs verməyə dəvət edirəm. Əminəm ki, referendumun keçirilməsi xalqımızın və dövlətimizin, milli maraqlarımızın xeyrinədir. Ümumxalq səsverməsində fəal iştirak etməklə xalqımızın birliyinin nümayiş etdirilməsinə nail olacağıq. Bu, həm də ulu öndərimiz Heydər Əliyev ideyalarının yaşadılmasına və təbiliğinə doğru atılan müsbət bir addımdır.

- Son vaxtlar, Türkiyə-Ermənistan münasibətlərində müəyyən yaxınlaşma müşahidə olunur. Bu, Azərbaycan-Türkiyə dostluq-qardaşlıq münasibətlərinə mənfi təsir göstərə bilərmi?

- Türkiyə-Ermənistan münasibətlərinin axır vaxtlar yaxışlaşdırılması istiqamətində atılan addımlar Azərbaycan vətəndaşlarını narahat edir. Prosesləri yaxından izləyən bir şəxs kimi deyə bilərəm ki, bu, eyni zamanda, xaricdəki azərbaycanlıları da ciddi narahat etməyə başla yıb. Bildiyimiz kimi, Türkiyə ölkəmizə müttəfiq olaraq hər zaman mövqeyini ortaya qoyub. Dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın işğalı altında saxladığı Dağlıq Qarabağ torpaqlarını azad etməyincə, bu işğalçı ölkə ilə heç bir əməkdaşlıq əlaqələri qurmayacaq. Təəssüflər olsun ki, bu əlaqələrin dostluğa doğru getməsi üçün müəyyən addımların atıldığı bildirilir. Eyni zamanda, Rusiya tərəfindən də Ermənistana qarşı müsbət münasibətin olduğunu və dəstəyin verildiyini görürük. Bu yaxınlarda Rusiyanın Ermənistana 800 milyon ABŞ dolları məbləğində hərbi silah-sursat satdığı faktı da var. Ermənistanın bütün zavod və fabrikləri Rusiyanın kapitalistləri tərəfindən satın alınıb. Rusiya, demək olar ki, Ermənistanın yarısını özünün şəxsi mülkiyyətinə çevirə bilib.

Ötən ilin avqust ayında Rusiyanın Gürcüstana hücum etməsindən, eləcə də Abxaziya və Cənubi Osetiyaya qondarma müstəqilliyin verilməsindən sonra beynəlxalq arenadakı nüfuzunu xeyli itirmiş oldu. Dünya dövlətlərinin və ictimaiyyətinin kəskin tənqidinə məruz qaldı. Rusiya Türkiyə ilə münasibətlərini yaxşılaşdırmaqla itirilmiş nüfuzunu bərpa etmək və Qafqazda öz təsir imkanlarını möhkəmlətmək məqsədini həyata keçirmək istəyir.

Azərbaycan hər zaman Türkiyəyə etibar edib və hesab edir ki, Türkiyə ona heç bir zaman arxadan zərbə vurmaz. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, biz “Bir millət, iki dövlətik”. Amma bir şeyi də qeyd edim ki, Türkiyə rəsmiləri Ermənistanla hər hansı bir əməkdaşlıq münasibətləri qurması haqda heç bir rəsmi bəyanat verməyib. Dövlət səviyyəsində Azərbaycan Türkiyə arasında elə bir soyuqluq yoxdur. Ancaq pərdəarxası gedən oyunlardan görürük ki, Türkiyə ilə Ermənistan arasındakı münasibətlər müəyyən istiləşməyə doğru gedir. Ona görə tələsməyək və radikal mövqedən çıxış etməyək. İnanmıram ki, Türkiyə Ermənistana qarşı sərt mövqeyini yumşaltsın və Dağlıq Qarabağ münaqişəsində onlara güzəştə getsin. Bunu mümkün hesab etmirəm. Çünki Dağlıq Qarabağ münaqişəsi Türkiyənin özünün əsas problemi olaraq qalır. Bəzi dövlətlərin bu münaqişədən istifadə edərək öz maraqlarını həyata keçirmələrinə imkan verilməməlidir.

Baxmayaraq ki, bu gün beynəlxalq qətnamələr var, ancaq Dağlıq Qarabağ münaqişəsi hələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmayıb. Əksər beynəlxalq təşkilatlar Ermənistanı işğalçı və terror ölkəsi kimi tanıyıb. Düşünürəm ki, heç bir Türkiyə rəsmisinin Azərbaycanın maraqlarını Ermənistanın maraqlarına satmağa mənəvi haqqı yoxdur. Bu münasibətlərə tez bir zamanda rəsmi açıqlamanın veriləcəyinə ümidvaram.

- Bəzi müxalifət partiyalarında adınız siyasi partiya yaratmaqda hallandırılır. Konkret olaraq, sizin “Böyük Dayaq” partiyası ilə nə əlaqəniz var?

- Azərbaycan dövləti və xalqı çox yaxşı bilir ki, müxalifət fəaliyyəti ilə daim cəmiyyəti çaşdırmaq məqsədi güdür. Açığı, onlar üçün ölkədə hər hansı siyasi partiyanın yaranması maraqlı deyil. Onların yalnız biri marağı var, qara piardan istifadə etməklə insanları təlatümə gətirəcək yazılar dərc etsinlər. Bununla da qəzetlərini satsınlar və gəlir əldə etsinlər.

Jurnalistikaya qiymət vermədən bu cür hərəkətlərə yol verirlər. Müxalifət qəzetlərində haqqımda yazılanların heç bir əsası yoxdur. Onu da qeyd edim ki, cəmiyyətimizdə Yeni Azərbaycan Partiyasından başqa siyasi məfkurəyə və çəkiyə malik ikinci siyasi bir partiya yoxdur. Ona görə də ölkədə yeni iqtidar partiyasının yaranmasına ehtiyac görmürəm. Düzdür, iqtidaryönlü siyasi partiyalar var. Lakin onların təkmilləşməsi üçün böyük işlər görülməlidir. Müxalifət mövqeyində isə ümumiyyətlə heç bir siyasi partiya yoxdur. Onlar yalnız “mən də varam” prinsipi ilə yaşayırlar. Cəmiyyətdə tutduqları mövqe məni heç bir zaman qane etməyib.

YAP isə yeganə siyasi partiyadır ki, onun ətrafında 500 mindən artıq azərbaycanlı birləşib. Müxalifət partiyalarının isə ətrafında heç 50 min nəfər də yoxdur. Belə olan halda, görəsən, onlar hansı prinsipdən danışırlar. Mən istərdim ki, digər siyasi partiyalar da YAP-la əməkdaşlıq etsin.

“Böyük Dayaq” partiyasının yaranmasında adımın çəkilməsi tamamilə qara piardır. Bunların hamısı şər və böhtandır. “Səs” qəzeti vasitəsilə bəyan edirəm ki, YAP-a qarşı alternativ partiya yaratmağa mənəvi haqqım yoxdur. Bütün iqtidaryönlü partiyalardan orada təmsil olunmağımla bağlı təklif almışam. Lakin heç birinə müsbət cavab verməmişəm. Kürkünə birə düşmüş bəzi partiyalar rahat ola bilərlər. Mən heç bir siyasi partiya yaratmaq fikrində deyiləm. Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu çərçivəsində fəaliyyətimi hələ də davam etdirirəm. İndiki məqamda qarşımızda duran əsas məsələ martın 18-də keçiriləcək referendumda əhalinin sərbəst və rahat səs verməsinə şərait yaratmaqdan ibarətdir.

- Təsis etdiyiniz Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumu hansı istiqamətdə fəaliyyət göstərir?

- Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun təsisçisiyəm və uzun müddət bu forumun prezidenti olmuşam. Forum bu gün də fəaliyyətini beynəlxalq səviyyədə davam etdirir. Əsas məqsədimiz Azərbaycançılıq və ulu öndər Heydər Əliyev  ideyalarını dünya miqyasında təbliğ etməkdir. Bunun üçün elmi konfransların keçirilməsinə və bu ideologiyanın gələcək nəsilə çatdırılmasına səy göstəririk. Bir sözlə, cənab İlham Əliyevin həyata keçirdiyi ulu öndər Heydər Əliyev ideyalarına dəstək vermək üçün beynəlxalq səviyyədə fəaliyyət göstəririk. Forumun Azərbaycanda daimi nümayəndəliyi fəaliyyət göstərir. 2008-ci il dekabrın 11-də “Heydər Əliyev irsi Azərbaycanın milli sərvətidir” ideologiyasının daha dərindən öyrənilməsi məqsədilə elmi-nəzəri konfrans keçirdik. Həmin konfransın materialları kitabça şəklində çap olunacaq. Bəzi müxalifət qəzetləri yazdıqları ilə mənim əqidəmi dəyişə bilməzlər.

 

 

KÜBRA ƏLİYARLI

 

Səs.- 2009.- 27 fevral.- S. 7.