İşıqlı yolun başlanğıcı

 

14 iyul 1969-cu il - Azərbaycanın yeni inkişaf tarixi

 

1969-cu ilin 14 iyul günü Azərbaycan xalqının həyatında önəmli günlərdəndir. Ulu öndərimiz Heydər Əliyevin 14 iyul 1969-cu ildə Azərbaycanın rəhbəri seçilməsi xalqımızın taleyində mühüm tarixi mərhələnin başlanğıcı oldu. Bu tarixi gün respublikamızın bütün bölgələrində ictimaiyyət tərəfindən Azərbaycanın yeni inkişaf tarixi günü kimi qeyd olunur. XX əsr Azərbaycan tarixinin fenomen şəxsiyyəti, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndərimiz Heydər Əliyev bütün həyatını xalqının nicatına həsr etmiş, müasir Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını yaratmış, dövlət müstəqilliyinin daimi və dönməz olmasını təmin etmişdir. Qərinələr boyu əxz etdiyi dövlətçilik təfəkkürünü, özünəməxsus milli-mənəvi dəyərləri, adət-ənənələri, mental xüsusiyyətləri müdrik rəhbərinin iradəsi, qətiyyəti sayəsində vahid sistem halına gətirərək özünütəsdiq imkanı qazanmış xalqımız, hələ keçmiş ittifaq dövründə gələcək müstəqilliyinə etibarlı təməl formalaşdıra bilmişdir.

Bu tarixi günlə bağlı ziyalıları, siyasi partiya üzvləri öz fikirlərini söyləyərkən, qeyd etdilər ki, millətə xidmət edənlər, bu xidmətin sayəsində yüksələnlər xöşbəxtdirlər.

 

YAP Xızı rayon təşkilatını sədri Fərrux Haqverdiyev:

 

- İlk sözümə türk xalqının lideri Mustafa Kamal Atatürkün fikirləri ilə başlamaq istəyirəm: “Millətə əfəndilik etmirlər, millətə xidmət edirlər. Millətə xidmət edənlər millətin əfəndisi səviyyəsinə yüksəlirlər”.

Bu, həqiqətən də belədir. Çünki millətə xidmət edən liderlər millətin taleyini təyin etmək məsuliyyətinin nə demək olduğunu bildiklərinə görə xalq üçün yaşamaqdan, yaratmaqdan xüsusi zövq alırlar. Eyni zamanda, millətlə birlikdə özləri də yüksəlirlər, millətlə birlikdə əbədi yaşayırlar, millətlə birlikdə bütün dünyaya səs salırlar. Azərbaycanın ümummilli lideri Heydər Əliyev kimi... 1969-cu ildə, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə birinci gəlişi dövründə vəziyyət çox ağır idi. Respublikada, sözün əsil mənasında, baxımsızlıq hökm sürürdü-iqtisadiyyat sürətlə geriləyir, sosial problemlər artırdı. Yaşayış səviyyəsinə görə Azərbaycan ittifaqda sonuncular sırasında idi. SSRİ-nin irəli getməsi, bir çox respublikaların inkişaf etməsi də vəziyyəti dəyişmirdi. Azərbaycan ümumi inkişafdan kənarda qalırdı, əsrin əvvəllərində olduğu kimi, kiçik xammal respublikası olaraq qalırdı.

Ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi sovet dövrünə təsadüf edirdi. Bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı, müstəqilliyin mənəvi, mədəni, iqtisadi əsaslarını yaratmaq olardı. Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə - 13-14 ildə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Milli-mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi.

Hazırda müstəqil Azərbaycanın bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır. Onun birinci rəhbərliyi dövründə görülən işləri, irəliləyişləri saymaqla qurtaran deyil. Həmin dövrdə Azərbaycan böyük bir tikinti meydançasını xatırladırdı: Elmlər Akademiyasının yeni binalarının və Bakı metrosunun yeni stansiyalarının tikintisi, indiki Respublika və Prezident saraylarının, “Azərbaycan” və “Abşeron” mehmanxanalarının inşa edilməsi, Bakıda neftmaşınqayırma, Sumqayıtda kimya-metallurgiya, Gəncədə alüminium sənayesinin yaradılması, ittifaq əhəmiyyətli Dərin Özüllər və Kondisioner zavodlarının Bakıda tikilməsi, onlarla su və istilik elektrik stansiyalarının istifadəyə verilməsi, Bakıda, Gəncədə, Sumqayıtda, Naxçıvanda, Mingəçevirdə yeni-yeni yaşayış massivlərinin inşa edilməsi, Abşeron yarımadasında bütöv bir kurort-istirahət zolağının yaradılması, neçə-neçə ali təhsil müəssisələrinin, hərbi məktəblərin açılışı və s. Neft sənayesinin dirçəldilməsi, kənd təsərrüfatının ayağa qaldırılması, zəhmətə, zəhmətkeşə qiymət verilməsi və bu kimi uğurlu işlər bugünkü Azərbaycan sivil dövlətlər səviyyəsinə gətirdi. Qısa bir müddətdə - 1969-1982-ci illərdə respublikada nəhəng elektrik energetikası kompleksi quruldu. Mingəçevirdə 2400 meqavat gücündə istilik-elektrik stansiyası tikilib istifadəyə verildi. Kür çayı üzərində ən böyük stansiya - 380 meqavat gücündə Şəmkir su-elektrik stansiyası inşa edildi. Həmin illərdə Araz su və Sərhəng su-elektrik stansiyaları istismara verildi.

Bu uğurlara xalqımız ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə nail olmuşdur. Bu gün isə bu uğur magistralında bizə ulu öndərimizin layiqli davamçısı - Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev kimi vətənpərvər, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik lider rəhbərlik edir. 2003-cü ilin 31 oktyabrında “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” deməklə səlahiyyətlərinin icrasına başlamış dövlət başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyev siyasi kursunu bütün sahələrdə uğurla davam etdirmişdir.

 

YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı:

 

- Aqillər deyir ki, ölkənin inkişaf etməsi, irəli getməsi iqtisadiyyat sahəsində qazanılan uğurlardan başlayır. Ümummilli liderimiz Heydər Əliyev də öz fəaliyyətində bu tezisi rəhbər tuturdu, xalqın, dövlətin gələcəyinin bu günün iqtisadiyyatından asılı olduğunu öz dahi təfəkkürünün zirvəsindən çox gözəl görürdü. Odur ki, respublika iqtisadiyyatının inkişaf etdirilməsini öz fəaliyyətinin əsas prioritetlərindən biri hesab edirdi. Onun Azərbaycana birinci rəhbərliyi dövründə iqtisadiyyat sürətlə inkişaf edirdi. 1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi 2,5 dəfə, sənaye istehsalı (həmçinin, əmək məhsuldarlığı) 2 dəfə, kənd təsərrüfatı məhsulları istehsalı 2,7 dəfə, xalq istehlak mallarının istehsalı isə 3 dəfə artmışdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş vermişdi, tərəqqinin və yüksəlişin təməli qoyuldu. Tərəqqi yolunda maneə olan neqativ hallara qarşı mübarizə sistemli şəkil aldı. Sovet İttifaqında, ilk olaraq Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı, sözün əsil mənasında, müharibə elan olundu.

XXI əsrin zirvəsindən baxanda 14 iyul seçimi, onun tarixi əhəmiyyəti daha aydın görünür. Bəli, 1969-cu il iyulun 14-də Azərbaycanın inkişafında tarixi bir mərhələnin əsası qoyuldu: yeni düşüncə tərzi, iti ağlı və zəkası, ən çətin anlarda belə düzgün qərarlar qəbul etmək bacarığı ilə diqqəti cəlb edən gənc və işgüzar general - Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin Sədri Heydər Əliyev Azərbaycanın rəhbəri seçildi. Bu seçim Azərbaycanımızın və xalqımızın taleyində misilsiz bir rol oynadı - həlledici məqamda Azərbaycan Respublikasının sükanı arxasında milli dövlətçilik təfəkkürünə malik bir şəxsiyyət dayandı.

Beləliklə, 37 il bundan əvvəl Heydər Əliyev Azərbaycanda iqtisadiyyatın, sosial həyatın, elmin, mədəniyyətin inkişaf etdirilməsi, əhalinin həyat tərzinin yaxşılaşdırılması, rüşvətxorluq, özbaşınalıq kimi neqativ halların aradan qaldırılması uğrunda fədakarlıqla mübarizəyə başladı. Bu mübarizədə, o, yalnız öz xalqına arxalanırdı, xalq da öz liderinə inanırdı. Heydər Əliyev - xalq, xalq - Heydər Əliyev vəhdəti belə yaranırdı.

 

YAP Astara rayon təşkilatını sədri Natiq İbadov:

 

- Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində ziyalı elitasının intellektual potensialının yüksəkliyində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. Ötən əsrin 70-80-ci illərində ulu öndərimizin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksək ixtisaslı mütəxəssislərin, o cümlədən, hərbi kadrların yetişdirilməsi, Elmlər Akademiyasının elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması, gələcəkdə dövlət müstəqilliyimiz üçün zəruri intellektual zəmin yaratmışdır. Heydər Əliyev peşəkar strateq olaraq daim qeyd etmişdir ki, intellektual baza istənilən ölkədə dövlət müstəqilliyinin əsasını təşkil edən ən mühüm amillərdən biridir. Ulu öndərimizin yeritdiyi siyasətin dərinliyi və uzaq hədəflərə hesablanması da, məhz onun elmi prinsiplər üzərində qurulması, böyük intellektual potensiala söykənməsi ilə şərtlənir. Həmin illərdə respublikamızda məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərimizin təhsil siyasətinin əsas leytmotivi olmuşdur.

Azərbaycanın müstəqillik qazandığı ilk illərdə siyasi hakimiyyətdə təmsil olunanların naşılığı, prinsipsizliyi, qətiyyətsizliyi və düşünülməmiş addımları Azərbaycanı getdikcə tənəzzülə aparırdı. Digər tərəfdən də Azərbaycanın Ermənistanla cəbhə xəttində baş verən məğlubiyyətlər, uğursuzluq ölkədə dərin böhranın yaranmasına gətirib çıxarırdı. Sözün həqiqi mənasında əsil hərc-mərclik var idi. Belə bir anda - 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə o vaxtkı hakimiyyət Naxçıvan Ali Məclisinin Sədri vəzifəsində işləyən Heydər Əliyevi siyasi rəhbərliyə dəvət etdi. 1993-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev qısa müddət ərzində Azərbaycanı dünyada tanıda bildi.

Ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra ictimai həyatın ən müxtəlif sahələrində, o cümlədən, elmi-intellektual sferada hökm sürən tənəzzülün qarşısı alınmış, təhsilin öz məcrasına düşməsi, inkişafı üçün əlverişli iqtisadi şərait, hüquqi və mənəvi-əxlaqi mühit formalaşmışdır. Elmin inkişafına, bu prosesi həyata keçirən çoxminli ziyalılar ordusuna diqqət və qayğı gücləndirilmişdir.

Bu gün dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas cizgilərinə cavab verən siyasət yürüdür. Dövlət başçısı hər addımında milli maraq və mənafeləri uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla çalışır. Ölkənin elm və təhsil adamları ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə əmindirlər.

 

 

Kamalqızı. R

 

Səs.-2009.-7 iyul.- S. 9.