Azərbaycanın yerləşdiyi coğrafi
şərait ölkədə
azad iqtisadi zonaların yaradılması
üçün yeni imkanlar açır
Vüqar Bayramov: Azad iqtisadi zonaların yaradılması qısamüddətli
bir proses deyil. Bu cür iqtisadi zonaların yaradılması, formalaşdırılması
müəyyən bir dövr, vaxt, iradə tələb edib
Azərbaycanda azad iqtisadi zonaların yaradılması dünyada ən çox tətbiq olunan metodlardan biridir. Azad iqtisadi zonalar yaratmaqla bu bölgələrə investisiyaların cəlb edilməsi əsas məqsəd daşışıyır. Bu baxımdan nəzərə almaq lazımdır ki, dünyada Çin hətta ABŞ azad iqtisadi zonaların yaradılması və bunu inkişaf etdirmək baxımından nümunəvi ölkələrdir. Bunun üçün Azərbaycanda da azad iqtisadi zonaların yaradılması zərurəti yarandı. Milli Məclisdə bununla bağlı qanun layihəsi müzakirə olundu. Bu, o deməkdir ki, ölkəmizdə də bu istiqamətdə real addımlar atıldı.
İqtisadçı-ekspert Vüqar Bayramov mövzu ilə bağlı söhbətində bildirdi ki, Azad iqtisadi zona üçün ayrılan ərazidə işləyən şirkətlərə ölkənin başqa bölgələriylə müqayisədə gömrük rüsumlarında, vergilərdə güzəştlər olunur. Yaxud vergilər tamam ləğv edilir. Burda biznes quranlar güzəştli kreditlər də ala bilərlər. Adətən, bütün bu güzəştlər ona görə edilir ki, həm yerli şirkətlər dünya bazarlarında rəqabət gücünə malik məhsul istehsal edə bilsinlər. Həm də güzəştlər regiona marağı olan xarici şirkətləri cəlb etsin. Beləliklə də, azad iqtisadi zona yeni iş yerlərinin açılmasına səbəb olur.
Ümumiyyətlə, dünyada çox uğurlu azad iqtisadi zona nümunələri var. Məsələn, 1985-ci ildə azad iqtisadi zonaların yaradılmasına başlanması Dubayın sürətli inkişafına təkan verdi və Şərqdən Qərbə yolun üzərində yerləşən bu ölkədə indi məşhur şirkətlər həm hökumətin güzəştlərindən istifadə edib zavod-fabriklər tikirlər, həm də dünyanın müxtəlif bölgələrinə mal paylamaq məntəqəsi kimi Dubayın ərazisindən istifadə edirlər. Azərbaycan da Şərqdən Qərbə yolun üzərində yerləşir və bu, coğrafi şərait ölkədə azad iqtisadi zonaların yaradılması üçün əlavə imkanlar açır.
Sözsüz ki, Azərbaycanda xarici investisiyaların cəlb edilməsində, qoyuluşunda problemlər mövcud deyildi. Təbii olaraq, hər bir ölkə çalışır ki, oraya qoyulan xarici investisiyanın həcmini artırsın. Xarici investisiyanın artması yeni müəssisələrin yaradılması deməkdir. Bu da yeni iş yerlərinin açılması deməkdir. Azərbaycan dövlətinin də iqtisadi sektorda prioritet məsələlərindən biri azad iqtisadi zonalarının yaradılması ilə bağlıdır. İqtisadi İnkişaf Nazirliyində azad iqtisadi zonaların yaradılması ilə bağlı müzakirələr aparılıb. İqtisadi İnkişaf Nazirliyi beynəlxalq qurumlarla birlikdə iqtisadi zonanın hansı bölgələrdə yaradılması məsələsi müzakirə edilib. Azad iqtisadi zonaların yaradılması həm də ona görə önəmlidir ki, bu cür zonaların yaradılması Azərbaycana, nəinki investorların cəlb edilməsində daha çox artım əldə olunacaq, həm də Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramına uyğun olaraq regionlarla Bakı arasında olan inkişaf fərqinin aradan qaldırılmasına imkan yaradacaq. Bir sözlə investisiyaların regionlara yönəldilməsinə şərait yaradacaq. Azad iqtisadi zonanın yaradılması makroiqtisadi səviyyədə investisiyaların cəlb edilməsi və regionların inkişafı baxımından olduqca önəmlidir.
Azad iqtisadi zonaların yaradılmasının ilkin olaraq tətbiq ediləcəyi rayonların inkişafında, bu rayonların seçilməsini həmin bölgələrin əhalisi üçün böyük uğur olduğunu və müəyyən müddətdən sonra rayonun iqtisadiyyatına müsbət mənada böyük faydalar verəcək deyən iqtisdçı-ekspert Vüqar Bayramov onu da qeyd etdi ki, azad iqtisadi zonaların yaradılması ilə bağlı aparılan müzakirələrdə bir neçə meyar önərilib. Təkliflər olunub ki, bu zonalar bölgələrdə yaradılsın və həmin bölgənin qonşuluğunda yerləşən rayonların da inkişafına öz müsbət təsirini göstərsin. İlkin olaraq, bu zonalar seçilərkən bölgələrdə iqtisadçı kadrlara olan tələbat ödənilsin. Çünki iqtisadçı kadrların bir çoxu Bakı şəhərinə toplaşıb, burada fəaliyyət göstərirlər. Regionlarda isə, bir sıra hallarda iqtisadçılara tələbat olduğu halda, savadlı iqtisadçı kadrlar çatışmır. Ona görə də, iqtisadi zona yaradılarkən iri şəhərlərə Bakı və Sumqayıta yaxın olması və yaxud da Gəncə, Lənkəran şəhərlərinin yaxınlığındakı rayonlarda yaradılması daha vacibdir. Yeni Yaşma sənaye şəhərciyinin salınması ilə bağlı İqtisadi İnkişaf Nazirliyində layihə hazırlanmışdı. Yeni Yaşmada sənaye şəhərciyinin yaradılması əsas səbəblərindən biri də bu yaşayış məntəqəsinin Bakı və Sumqayıta yaxın olmasıdır. Bu baxımdan, azad iqtisadi zonaların yaradılması kompleks tədbirdir. Nəzərə almaq lazımdır ki, bu kompleks tədbirlərə xarici investorların cəlb edilməsi çox mühümdür. Hələlik, bu zonanın məhz iqtisadçı kadrların cəmləşdiyi iri yaşayış mərkəzlərnə yaxın olması məqsədəuyğundur. Çünki bu halda iqtisadçı kadrlara olan tələbat ödəniləcək və onların bu bölgələrdə işləmək problemi aradan qaldırılacaq.
V.Bayramov onu da qeyd etdi ki, azad iqtisadi zonaların yaradılması qısamüddətli bir proses deyil. Rusiyada hətta Avropanın bir çox inkişaf etmiş ölkələrində bu cür iqtisadi zonaların yaradılması, formalaşdırılması müəyyən bir dövr, vaxt, iradə tələb edib. Bu zonaların yaradılması üçün qanunvericilik bazasının uyğunlaşdırılmasına, təkmilləşdirilməsinə ehtiyac var. Azərbaycanda isə qanunvericilik bazası, demək olar Ki, formalaşıb. Ölkəmizdə bu sahənin inkişafı üçün heç bir qanunvericilik baryeri yoxdur, əksinə, onların inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur.
Məmmədov Cabir.
Səs.- 2009.- 7 iyul.- S.12.